Allah ölməyimizi istəmədi

Riçardas Laspaidis (Ričardas Lapaitis) – Litvalı hərbi jurnalist. Beynəlxal Avropa Asiya Mətbuatı Təşkilatının (IEPF) Litva təçsilçisi. O, 1992-ci ildə Qarabağda gedən döyüşlərin iştirakçısı olub. Bir neçə gün öncə özünün feysbuk səhifəsində döyüş xatirələrini paylaşıb. Həmin yazını təqdim edirik:

Düşündüm ki, bu hekayəni itib unudulmayana qədər danışmaq lazımdır. Niyə indi? Hekayənin sonunda bəlkə də daha aydın olacaq.

Bu hadisə 1992-ci ilin yayında baş vermişdi. Gözəl bir iyun günü idi. Litvada, yəqin ki, belə bir vaxtda yaşıdlarım Baltik dənizində günəş vannası alır və ya rahat bir Vilnüs kafesində otururdular. O zaman da onlarla birlikdə olmağa sevinərdim, amma…

Gəncliyimdə, həyatımın ən gözəl dövründə (axı həyat yalnız bir anlıqdır) mən vətənimdən uzaqda, çirkli və toz-torpaqlı Muğanlı kəndindən (Dağlıq Qarabağ, Azərbaycan) qayıdırdım. Ölümləri, əzabları və göz yaşlarını görməkdən usanmışdım. Mənim içimdə ədalət və insanlığa inam ölmüşdü.

Mən Qarabağ müharibəsində ilişib qalmışdım və oradan çıxa bilmirdim. Eşitmişdim ki, mənim üçün, pis mənada, mükafat belə təyin olunmuşdu. Amma mən artıq çoxdandır ki, təhdidlərə əhəmiyyət vermirdim. Ürək qorxmağa öyrəşmədi ki öyrəşmədi. Mən minlərlə qaçqın gördüm, analar, qucaqlarında körpələri və uşaqlar… Hətta müharibədə də uşaq qalmış uşaqlar. Lakin sakit və yaşlarına görə çox ağıllı. Mən artıq bilirdim ki, keçmiş Sovet İttifaqı ərazilərində filtrasiya düşərgələri meydana gəlmişdi. Hərbi əsirlərin, əsl cəhənnəmi yaşayan keçmiş mülki şəxslərin dəhşətli taleyindən xəbərdar idim.

Bəli. O gün xüsusi bir kəşfiyyat dəstəsi yerləşən Muğanlı kəndindən qayıdırdım. Aşağı Qarabağ boyunca yoldan keçən nəqliyyatlarla Ağdama doğru gedirdim. Oradan Yevlax ya da Bərdəyə getməyi düşünürdüm. Orada Bakıya getməyə sərnişin avtobusu tapacağımı düşünürdüm.

Bəli, gün çox gözəl və isti idi. Qafqazda yayın hətta xüsusi qoxusu da var. Xüsusən də yağışdan sonra.

Mən son dəfə Muğanlıda kəşfiyyatçılarla yemək yemişdim. Mənim hətta adi suyum da yox idi. Ancaq bu barədə düşünmürdüm də. Və hekayəm heç bu haqda da deyil…

Mənim üçün təcili yardım maşını dayandı. O, böyük sürətlə dağlara doğru şütüyürdü. Dedilər ki, Naxçıvanik kəndinə gedirlər. İzah etdilər ki, indi orda döyüş gedir və çox sayda ölən və yaralılar var. Məni sonuncu postda düşürtdülər. Təcili yardım ora getdi. Məni də götürmədiklərinə görə çox pərişan olmuşdum. Postda bir neçə hərbçi var idi. Başqa bir gənc müxbir var idi – məncə yerli idi. Mən onun yanına getmədim. Avtomat səsləri və mərmi partlayışları eşidilirdi. Naxçıvanik kəndinə bir neçə kilometr qalmışdı.

Yəqin taleyin qisməti idi, 1992-ci ilin yayında burada, düzənlik ərazidə olmaq. Birdən yaşlı, saçları ağarmış, möhkəm bədən quruluşuna malik bir kişi gördüm. Postun komandirinə yaxınlaşır, onun üçün yol bağlıdır. Şlaqbaum – deyəsən rus dilində belə deyilir. Və bu yaşlı azərbaycanlı post komandirinə deyir: “Bilirsiz, dünən oğlumu hərbi məktəbdən götürüb birbaşa müharibəyə göndəriblər. Hələ yetişməyib və ölsə özümü heç vaxt bağışlaya bilməyəcəm! Mən özüm vuruşmayacam, sadəcə ona yaxın olmaq, ona dəstək olmaq istəyirəm!”

Eşitdiklərim bu qədər idi. Mən deyilənləri ayrı cürə başa düşdüm. Kişi gənc oğlunu tapmaq və mümkün olsa öz canı bahasına qorumaq istəyirdi! Bu ata sevgisi idi! Biz kişilər çox vaxt hisslərimizi ifadə edə bilmirik. Bəzən sadəcə hərəkətlərə fikir vermək lazımdır.

Post komandiri: “Yox! – dedi, – İndi döyüş gedir. Olmaz”.

Sonra bu məzlum, lakin özünə inanan adam dedi: “Bilirsən, indi səddin üstündən adlayacam və sən kürəyimdən atəş aça bilərsən! Piyada gedib oğlumu tapacağam”.

Bu an, Qafqazın isti günəşi altında hələ birtəhər olmamış, mən özüm də yerimdən qalxıb posta tərəf addımladım və komandirə dedim: “Bilirsinizmi, mən Vilnüsdən bu yerə minlərlə kilometr yol qət etdim və insanların uzaqdan ölməsini izləyə bilmirəm. Qayıdandan sonra nə deyəcəm? Orada olmaq istəyirəm, onlarla birlikdə. Və yaxşısı budur mən də əsgər atası ilə gedim və sən, komandir, kürəyimdən vura bilərsən!”

Komandir qışqırdı: “Dayanın, hara gedirsiz??? !!! Orada minalanmış sahə var!”

Və birdən yorğun bir səslə dedi: “Yaxşı… Baxın, mən özüm sizi ora aparacam. Mən sizə yalnız 10 dəqiqə vaxt verirəm!!! Sənə, ata, oğlunu tapmaq üçün!!! Sənə də, jurnalist, işini görməyə. 10 dəqiqədən sonra sizi dərhal oradan çıxaracam!”

Sonra soruşdu ki, onun şərtlərini başa düşdük ya yox. Təbii ki biz ona “bəli” deyə cavab verdik.

Sonra minaya qarşı tank və yük maşınını postdan götürdü. Dörd nəfər kabinədə oturdu – tək silahlı adını da bilmədiyim komandir idi. Bəlkə də hardasa gündəliyimdə yazmışam. Və yavaş-yavaş, yavaş-yavaş, mina əlehinə tankın izi ilə hərəkət etdik. Beləliklə, açıq sahənin ortasına çatdıq. Günəş çox yüksəkdə idi. Hər kəs dərin fikrə dalmışdı. Və hamımızı bu qəribə bir yol bir-birinə bağlayırdı. Yəqin ki, burda olmağımız təsadüfi deyildi.

Və sonra bizi gördülər. Düşmənin mövqeləri yüksəkdə, dağlarda idi və biz ovuc içindəki kimi görünürdük. Minaatanlardan bizi vurmağa çalışırdılar. Mərmilər çox yaxında partlayırdı. Diktofonu işə saldım və valideynlərimlə vidalaşdım. Düşünürdüm ki, indi cəsədim parça-parça olacaq, bəlkə kimsə diktofonu tapar, kim olduğumu öyrənərlər…

Atışma zamanı tank bizdən uzaqlaşdı. Biz isə dayandıq və komandirin əmri ilə tez kabinədən tullandıq. Bacardığımız yerdə uzandıq. Ətrafımızda mərmilər partlayır və qəlpələr avtomobilin qapısına dəyirdi. Komandir mənə qışqırdı ki, sən orduda xidmət etmisən??? “Bəli!” – cavab verirəm!

“Sənə yazıqları gələcəyini düşünürsən? Bizimlə birlikdə öldürəcəklər! Qulaq as, məni öldürsələr avtomatımı götür və insanları buradan çıxar…” – komandir dedi.

Əgər o zaman Tanrı bizi görürdüsə… Mina tarlasının ortasında dörd kişi. Partlayışlar və yaxınlıqda gəzişən ölüm. Allah dəhşətli bir mənzərəyə şahidlik edirdi. Və heç kim də bilə bilməz ki o zaman O, nə haqda düşünürdü. Ancaq bir şey aydındır ki, o bizim ölməyimizi istəmədi.

Və birdən komandir bizə qışqırdı ki, gəlin yük maşınına atlayaq və işə salmağa çalışaq. Qazın üstünə basırıq və düz dağlara, birbaşa Naxçıvanik kəndinə şütüyürük… O zaman bizi zirvədən bombalamaq daha çətin olacaq!

Bu yolun kəndə nə qədər davam etdiyini şokdan bilə bilmirəm. Hər dəqiqə şüşədən bir mərminin içəri düşəcəyini düşünürdüm. Beləliklə kəndə çatdıq… Ağaca tərəf qaçdım. Yuxarıdan pulemyotçu məni görmüşdü. O zavallı ağaca atəş açırdı və qırılan budaqlar başıma tökülürdüdü. Güllələr ağacın qabığını da soyurdu. Çiyinlərimi çıxartmamağa çalışırdım. Atışma biraz sakitləşdi, daş hasara tərəf qaçdım. Bütün kənd yanırdı. Daşdan tikilmiş evlər. Daş hasarlar. Hər şey daşdan idi. On dəqiqədən sonra nə komandiri, nə sürücünü, nə də əsgər atasını bir də görmədim. Döyüş güclü oldu və o gün bir çoxlu gənc azərbaycanlı əsgərlər şəhid oldu. Ancaq o günü kəndi qoruya bildilər. Həmişə əsgərin atasını düşünürdüm: görəsən oğlunu tapdımı??? Onlar indi sağdırlarmı ??? Onların aqibəti necə oldu??? Ürəkdən arzulayırdım ki, ata həmin gün oğluna sarıla bilsin!!!

O gündən bəri illər keçib… Və əsgər atasını görsəydim, dünyanın ən əziz insanı qucaqladığım kimi tanıyıb bağrıma basardım!

Bu gün eyni ərazidə şiddətli döyüşlər gedir. Arzu edirəm ki, Naxçıvanik kəndi azad edilsin. Bugünkü müharibə haqqında düşünərkən keçirdiyim hisslərimi izah edə bilməyəcəm. Hər bir əsgərin atası və anası var. İndi onların nə hiss etdiklərini yalnız bir Tanrı bilir. Bəzən tale yalnız iki yol göndərir: birində sən insansan, digərində heç kimsən.

Bütün varlığımla sülh, yaxşılıq və ədalət diləyirəm. Bir də insaniyyət, həm də sərhəd tanımadığı qədər…

Bu, bir çox günlərimdən fərqli yaddaşıma həkk olunan bir günüm idi. Hərbi həkim Gültəkin Əsgərova da orada həlak oldu… Naxçıvanik kəndi yaxınlığında dağın ətəyində əsgərlərin həyatını xilas edərkən. Azadlığın tezliklə ora gəlməsini arzulayıram!

P.P.S. O faciəli günə qədər Şuşanı müdafiə edən, Naxçıvanik yaxınlığında o vaxt qəhrəmancasına həlak olan Gültəkin Əsgərovanın qızı ilə o vaxtdan bəri ünsiyyətdəyəm. Adı Əminədir. Naxçıvanik kəndindən qayıtdıqdan sonra onların yanına gəldim və dəhşətli xəbəri onlara dedim. Nənəsi Əminəyə anasının şəhid olmasını sonra dedi. Amina o zaman mənim rusca danışdığımı anlamırdı. Böyük, qara, dərin gözləri ilə mənə elə baxırdı ki… Qırx gün anasını düşünürdü və inanırdı ki, qayıdacaq…

Əminəni və nənəsini 1994-cü ildən, oradan getdikdən sonra 20 il axtarmışam. Və “Bakı fəhləsi”nin müxbiri Eleonora Abasquliyeva onları tapmaqda kömək etdi. Bəzən müharibədə gördüklərimi bölüşmək üçün “Bakraboçi”nin redaksiyasına gəlirdim. Və bir gün Facebook səhifəsində Əminənin yazdığını gördüm: “Həmişə hava proqnozunu dinləyəndə Şuşada havanın necə olması ilə maraqlanırdım. Sanki oradan gələn tək xəbər idi… İndi hava proqnozuna baxıram və düşüncəmdə deyirəm: hələ o qədər də soyuq deyil, tələsmək lazımdır! Əsgərlərimizə orada soyuq olmasın… Amin”.

Hə, uşaqlar, ilk soyuqlar düşənə qədər çatdırmaq lazımdır … ilk yağışa … yüksək dağlardan ilk qar dənələrinə qədər!!!

Tərcümə etdi: Azər İsmayıl

Mənbə:basta2.com

Xudaferin.eu

13:02