Gera, Turingen meşəsi, Almaniya…
Bu bölgə Almaniyanın ən füsunkar məkanlarından biridir.
Durub dördbirtərəfə boylanıram; təbiət o qədər saf, o qədər təmiz, o qədər heyranedicidir ki… bütün gördüklərimi, bu bənzərsiz gözəlliyi sözlə vəsf etməkdə acizlik çəkirəm.
Havanın saflığını, təmizliyini nəyə bənzətmək olar, nə ilə müqayisə etmək olar… bilmirəm. Onu bilirəm ki, bu dupduru hava mənə o qədər dogma, əziz gəlir ki, canıma elə yatır ki, sanki bura mənim Şuşamdı və mən də illərdir onun həsrətində deyiləm, elə buradayam, onunlayam, elə bil yenə canbirqəlbik. Elə bil uşaqlığım elə buralarda keçib…öz yuvamdan heç perik düşməmişəm, bir ömrün diyarbadiyar yollarını yürüyən, bu əzablı yollarda yıxılan, duran heç mən olmamışam...
Təbiətin qüdrətinə bax… məni mənə unutdurmağına bax…
Aram-aram gəzib dolaşıram, çoxdan görmədiyim hər şeyi gözü dolusu görmək istəyirəm. Bu meşədə çox nadir, eləcə də, bildiyim, sevdiyim, ömrümün sevimli səhifələrini canlandıran ağaclar var… dünyanı unutmuşam, sanki Şuşa meşələrindəyəm...
İnanırsınızmı, almanlar bu ağacların çoxunu tanımır. Avropa meşələrində zoğal ağacları var, amma yerli əhalinin çoxu bu ağacı tanımır.
Sanki Avropada bir çox ağaclar, mənim kimi… qəribdirlər...
Lakin mühüm olan nədir… burada ağacları elə qoruyurlar ki, sanki, hər bir ağac həm də bir insandır...
Avropada insan dəyərlidir. Ağaclar da insan qədər dəyərlidir.
Avropa üçün nadir bitki sayılan zoğal ağaclarını bir uzaqdan, bir yaxından seyr edirəm, toxunuram, oxşayıram. Boyu, rəngi, görüntüsü Şuşa meşələrinin zoğalı ilə eyni kimidir… amma həm də bir az fərqlidir.
Buna bax, zoğalın kökü yerin təkinə işləyib… amma elə bil, buraların iqlimi üçün yaranmayıb. Sanki qərib kimi durur.
Bir başqa ağaca yaxınlaşıram… bağrında açılmış yarıq tənziflə sarınıb. Yaralı insan qolu kimi qayğıya, şəfqətə bürünüb.
Bu sinəsi parçalanmış ağacı özümə bənzədirəm… mənim kimi qəribdir, yaralıdır…
Amma məndən çox-çox bəxtəvərdir, onun yarasını sarıyan var, mənim yaram açıqdır… durmadan qan verir… qayğıya, şəfqətə möhtacdır.
Dünya bu axan qanı, bu parçalanmış vətəni görmək istəmir.
Mənim Azərbaycanım parçalanıb, varım- yoxum Qarabağım gedib, bir ağacnqədər başımı sığallayan, yaramı sarıyan yoxdur…
Sənin dərdin nədir, ay bağrı yaralı agac.... bilsən sənə nə həsədim var…Sən Almaniyadasan. Burada dövlət səni öz vətəndaşını qoruduğu qədər qoruyur, səni insan bilir, insan qədər qoruyur, insan qədər dəyər verir...
Görünür, insana dəyər verilən yerdə hər şeyə dəyər verilir.
İnsana dəyər verilən yerdə ağacların da sinəsinə məlhəm qoyulur, dərdinə dəva tapılır.
Sən Azərbaycanda deyilsən ki, hansısa harınlamış məmur bir anin içində qətlinə fərman verə...
Sən Azərbaycanda deyilsən ki, o harın məmur təkcə səni yox, insanı da, qanunu da, dövləti də əlində oyuncağa çevirə…
Oyuncağa çevrilmiş dövlətlərin bağrından qan damır… kimsə görmür… görmək istəmir. Görmək borcu və vəzifəsi olan cəmiyyət belə görmür…
Bir vaxtlar Topxana Meşəsində iki ağaca görə milyon adam ayağa qalxdı… Bu gün Qarabağ qazisi, vətən yolunda yara almış vətəndaş, xəstə canını tədavi etmək üçün dərman istəyir, çox şey istəmir, insan kimi yaşamaq istəyir, ləyaqətlə yaşamaq istəyir, sadəcə o yaralı ağac qədər qayğı və şəfqət istəyir…Nəhayət, qalaqlanmış və ərşə dirənmiş ehtiyacı ucbatından, çıxılmaz güzəran ucbatından özünü diri- diri yandırır.
Bu çarəyə əl atan bir deyil, beş deyil… çoxdu, lap çox…
Cəmiyyət susur... toplum narkoz altındakı kimidi… ağrını duymur, gərəkən reaksiyanı vermir.
Bu qədər ağır faciələrə seyrçi qalmaq milli faciəmizdir. Biganəlik milli müsibətimizdir. Hər şey insana verilən dəyərlə ölçülür.
İnsana, vətənin şərəf tarixinin müəllifi olan qaziyə dəyər verməyən dövlət, Qarabağı azad edə bilməz!!!
İnsana dəyər verməyən dövlət Qarabağ meşələrinin güllələnmiş ağaclarını sarıya bilməz...
Qarabağ qazisinin bir anda alov saran canından alışıb yanmayan toplum iqtidarı görməyə, məhz insanı görməyə, insanın yaralarını sarmağa məcbur edə bilməz.
İnsana dəyər verməyən dövlət əsirlikdə qalan Xari-bülbül`ü, o `Xari-bülbül üçün burnunun ucu göynəyən qarabağlının təşnəsini hiss edə bilməz.
Bu qəribin dərdini hiss edə bilməz, Turingen meşələrində zoğal ağaclarının məhrəm yarpaqlarını oxşaya-oxşaya tökdüyü göz yaşlarını görə bilməz…
Adam kimi ağaclar

Elman Mustafazadə
17:42