Xalq şairi Fikrət Qocanın İndianada yaşayan Günay qızı...
Xalq şairi Fikrət Qocanın İndianada yaşayan Günay qızı...
Gör nə şıltaqdır Günayım,
Tez küsər, tez də barışar
Gah bir nəğməyə dönər o,
Bəzən od olar, alışar...
Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Hətta bəziləri elə düşünür ki, bu ölkə bəxtəvərlər ölkəsidir. Necə deyərlər, hamı yağın-balın içində yaşayır, ağaclardan yarpaq əvəzinə dollar sallanır. Əsl həqiqətdə isə vəhşi kapitalizmin sərt qaydalarının tüğyan etdiyi bu məmləkətdə yaşamaq, uğur qazanmaq elə də asan deyil, çətindən çətindir...
Amerikanı gəzib-dolaşdıqca burada yurd salan soydaşlarımızın hansı çətinliklərə sinə gərərək qazandıqları uğurları görəndə, adamın ürəyi dağa dönür və sevinirsən ki, Azərbaycanın övladları heç də aciz deyillər...
O, uzun illərdir Azərbaycanda yaşamır, amma Azərbaycanla yaşayır...
İçində bir Azərbaycan vardır- cismi qürbətdə olsa da ruhu vətəndədir…
Azərbaycanla bağlı nə varsa ona doğma, əziz, müqəddəsdir- canı candan ayırmaq olmur...
Evində hara baxsan, Azərbaycanı xatırladan nəsə görəcəksən- axı Azərbaycanla nəfəs alır...
O da, arzularının qanadlarında gəlib bu məmləkətə. Deyir ki,- "Uşaq vaxtlarımda Allahdan diləyirdim ki, uzaq ölkələrdən birində evim olsun, yaşamağa da şərait. Sanki Allah məni eşitdi, arzum çin oldu. İndi Amerikadayam"...
Haqqında söhbət açdığım şəxs ötən əsrin yetmiş- səksəninci illərində adı musiqi qanadlarında dillərə qonan, “Günayım” mahnısının qəhrəmanı Qocayeva Günay Fikrət qızıdır. Bu mahnı üç böyük sənətkarın - bəstəkar Ramiz Mirişli, xalq şairi Fikrət Qoca və xalq artisti Flora Kərimovanın müştərək məhsulu olduğundan dillər əzbəri olub...
O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra BDU-nun şərqşünaslıq fakultəsinə qəbul olunub. 1998-ci ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdürəsi vəzifələrində çalışıb.
2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. Ailəlidir, Pərviz adında oğlu vardır...
Artıq on yeddi ildir ki, burada yaşayır. Həyat yoldaşı Corc milliyətcə ingilis olsa da azdan-çoxdan Azərbaycanca danışa bilir.
Deyir ki,- "Mən Günayı sevirəm"…
Amerikalılar evində qonaq qəbul etməyi, qonaqlıq verməyi xoşlasalar da, qonağın evdə qalmasını elə də xoşlamırlar. Uzaqdan gələn qonaq hökmən mehmanxanada yerləşməlidir. Dörd gün Günay xanımgildə qonaq olduq. Corc bizə əsl Azərbaycan qonaqpərvərliyi göstərdi və gəlişimizdən məmnun olduğunu daima hiss etdik. Avtomobili ilə bizi ştatın baş şəhəri İndianapolisin gəzməli-görməli yerlərinə aparır, nəvazişini əsirgəmirdi...
Günay xanım evdə yemək bişirməyi çox xoşlayır. Böyük mətbəxində ərsəyə gətirdiyi milli xörəklərimizdən təam edərkən adama elə gəlirdi ki, sanki uzaq Amerikada yox, doğma Azərbaycandadır...
Rus, Azərbaycan, Türk dillərini mükəmməl bildiyindən Amerikaya yenicə gəldiyi vaxtlarda tərcüməçi işləyib. Bu ölkəyə pənah gətirən Axska türklərinin sənədləşmə işlərinə tərcüməçi kimi təmənnasız yardımçı olub. Sonradan foto studiya yaradaraq orada çalışıb…
Musiqini çox sevir. Atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb. İndiananın tanınmış aranjimançılarından biri ilə xalq şairinin sözlərinə bəstələnən “Çıx get” mahnısının üzərində yenidən işləyərək fərqli üslubda bir mahnı ərsəyə gətirib, dinləyib çox xoş olduq. Bu işi davam etdirməyi, yeni mahnılar üzərində işləməyi planlaşdırır. Üstəlik atasının müxtəlif illərdə nəşr olunan şeir kitablarını ingiliscəyə çevirib ictimaiyyətə təqdim etməyi düşünür...
İndianapolis şəhərində azərbaycanlılar elə də çox deyillər. Amma buna baxmayaraq tez-tez ünsiyyətdə olur, biri-birini arayıb axtarırlar. İndiana Universitetinə təhsil almağa gələn tələbələrə ana-bacı nəvazişi göstərir, Günay xanım. Əl tutur, yardım edir. Milli bayramlarımızı yığışıb birlikdə keçirirlər. Paxlava, şəkərbura, qoğalı da öz yerində...
Evləri göl qırağında olduğundan bura köçəri quşlar tez-tez gəlir. Bir də görürsən ki, Günay xanım əlində çörək qazları, ördəkləri yemləyir. Quşlar vəhşi olsalar da qorxmadan yaxınlaşır, onu dövrəyə alırlar...
Xanım-xatun qadındı. Davranışında, ən adi hərəkətlərində belə əsl xanımlara xas olan əlamətləri görməyə bilmirsən...
Çox kövrək, duyğusal insandı, Günay xanım. Bir həzin musiqidən, bir qəmli xəbərdən kövrələ bilir. Azərbaycanda gedən bütün prosesləri izləyir, baş verən hadisələrlə maraqlanır...
ABŞ-da demək olar ki, qocalı-cavanlı qadınların hamısı şəxsi avtomobillə hərəkətdə olurlar. İmkanı ola-ola niyə avtomobil almadığını soruşanda 2009-cu ildə Azərbaycanda olarkən başına gələn avtomobil qəzasından danışdı. Demə, rayonların birindən anası, oğlu ilə birlikdə geriyə- Bakıya dönərkən sürücünü sükan arxasında yuxu tutub, maşın yoldan çıxaraq səddə dəyib. Qəzada hamı yaralanıb, lap çox zədə alan da Günay xanım olub. Odur-budur avtomobil sürməyə ürək eləmir…
Oğlu Pərvizin iyirmi beş yaşı vardır. İngilis dilində təhsil alsa, ingilislərin arasında araya-ərsəyə gəlsə də bu gənc zabitin nə danışığında, nə də hərəkətlərində hiss etməzsən ki, Azərbaycandan kənarda böyüyüb. Mədəni davranışı, şux zarafatları ilə könül oxşayır, ünsiyyət yaradır hər kəslə. Bütün gənclər kimi arzuları böyükdür. İnanırıq ki, Pərviz əzm və möhkəm iradə ilə vəhşi kapitalizmin çətinliklərinə sinə gərərək böyük uğurlara nail olacaq...
...Çox qonaqpərvərdi, Günay xanım. Biz İndianapolisi tərk edib Bluqminton şəhərinə getməli idik. Ayrılmaq zamanı çatanda, o da həyat yoldaşının avtomobilinə əyləşərək İndianapolisdən Bluqminton şəhərində yerləşəcəyimiz evə qədər bizi müşayət elədi. Sağollaşanda qəhərini boğa bilmədi, gözləri yaşardı…
...İndiana ştatının İndianapolis şəhərində, göl qırağında bir ev var- Günay Fikrət qızının evi. Sanki o göl balaca Xəzər, o ev isə balaca Azərbaycandır...
Xalq şairi Fikrət Qocanın İndianada yaşayan Günay qızı...
11:17