BİLİRDİNİZMİ-6

...ki, V.İ.Lenin əsərlərində iki dəfə Hacı Zeynalabdin Tağıyevin adını çəkib?

Təbii ki, xeyriyyəçi kimi yox, iri burjuaziyanın nümayəndəsi kimi...
Hansı kontekstdə?
Bu, uzun bir tarixçədir. Qısaca nə demək olar?

Çoxları bilir ki, 1911-ci ilin mayında H.Z.Tağıyev öz evində mühəndis Lütvəli bəy Behbudovu döydürüb (ailə söhbətinə görə). Təxminən bir ay sonra Behbudov məhkəməyə müraciət edir. Və 1912-ci ildə Bakıda sensasion məhkəmə prosesi başlanır. Çünki müttəhimlər kürsüsündə Tağıyev kimi nüfuzlu bir milyonçu və onun bir neçə dostu və qohumu oturur.
Məhkəmə Tağıyev barəsində iki il yarım azadlıqdan məhrumetmə cəzası çıxarır. Amma dərhal apelyasiya şikayəti verilir. 1913-cü ilin yanvarında Tiflis apelyasiya məhkəməsi əvvəl qəbul edilmiş qərarı ləğv edir və Tağıyev və yaxınları barədə bəraət hökmü çıxarır.
Məhkəmə prosesini az qala bütün Rusiya mətbuatı işıqlandırır.
Məhkəmədə H.Z.Tağıyevin hüquqlarını Rusiyanın iki məşhur vəkili, Rusiya Dövlət Dumasının iki deputatı  - kadet partiyasından seçilmiş V.Maklakov və ifrat sağ siyasi qanadın təmsilçisi G.Zamıslovski müdafiə etmişdi.
Bu tarixçə, necə deyərlər, Leninin də qulağına çatır... 
Və o, “Kapitalizm və “parlament” (iyun, 1912), eləcə də “Demokratiyaya daha bir hücum” (sentyabr, 1912) adlı məqalələrində həmin deputatları ifşa etmək məqsədilə bu faktdan yararlanır...
O dövrdə Tağıyevin adını hətta L.Trotski də məqalələrinin birində məhz bu kontekstdə çəkir...  
Dünyanın qəribə işləri çoxdur...

01:18