“4 Aprel” sənədli filminin təqdimatı

Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük Aprel döyüşləri zamanı düşmənlə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti İnqilab Quliyev haqqında ekranlaşdırılan “4 Aprel” sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli film ASAN Könüllüləri Təşkilatı, Gəncə “ASAN xidmət” Mərkəzi və “ARB Kəpəz” telekanalının birgə əməkdaşlığı, Gəncə şəhər və Beyləqan  rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə çəkilib. Bakının Nizami Kino Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Gəncə Regional ASAN Xidmət mərkəzinin sədri Elman İsayev, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və media nümayəndələri iştirak ediblər. Ekran işində İnqilab Quliyevin ailə üzvləri, qohumları, sinif  və döyüş yoldaşları, müəllimləri onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açır, öz xatirələrini bölüşürlər.

Tədbirdə iştirak edən şəhidin atası Çingiz Quliyev bildirib ki, İnqilab və onunla bərabər Azərbaycan uğrunda şəhid olanların hamısı öz həyatları ilə gəncliyimizə qəhrəmanlığı öyrətdilər. O, filmin ərsəyə gəlməsində əziyyət çəkən hər bir kəsə təşəkkürünü bildirib. Xronometrajı 66 dəqiqə olan filmin çəkilişləri Gəncədə və Beyləqan rayonunda aparılıb. Layihənin rəhbəri Elnur Şabahzadədir. Ssenari müəllifi Gülnar Fazilqızı olan ekran əsərinin redaktə işi Zülfiyyə Telmanqızına məxsusdur. Filmin montaj rejissoru Rəhim Hətəmov, quruluşçu operatorları Pərvin Məmmədov, Fərrux Qafarov və Elçin Rəhimoğludur. Yaradıcı heyətdə eyni zamanda qrafist-dizayner Səxavət Abdıyev və müxbir Fidan Muradlı da yer alıb. Sənədli filmi Ceyhun Əli səsləndirib. Çəkilişləri fasilələrlə 5, montaj və qrafika işi isə 2 ay davam edən film 7 aya ərsəyə gəlib. Film böyük maraqla izlənilib. Sonda filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürnamələr təqdim olunub.

Hicran Məmmədova
Gəncə

23:09