37 təşkilatın AB-dan Azərbaycan istəyi

 

"Biz sizdən bütün imkanlardan istifadə edərək prezident İlham Əliyevi insan haqlarına basqıları dayandırmağa çağırmağı rica edirik".

 

"Sərhədsiz Reportyorlar" və daha 36 beynəlxalq hüquq müdafiə təşkilatının Avropa İttifaqı rəhbərliyinə ünvanladığı açıq məktubda belə yazılır. Məktub müəllifləri Aİ liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə ölkəsində insan haqlarına basqıları dayandırmaq üçün təzyiq göstərməyə çağırıblar. Məktubda siyasi məhbusların, ələlxüsus müstəqil jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına çağırışlar yer alıb.

"Biz sizdən sammit vaxtı bütün imkanlardan istfadə edərək prezident Əliyevi insan haqlarına basqıları dayandırmağa və Azərbaycanda davamlı insan haqları islahatlarına öhdəlik götürməyə çağırmağı rica edirik," məktubda deyilir.

Məktub müəllifləri vurğulayır ki, Azərbaycan hökumətinin son illərdə atdığı addımlar Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olub. Məktubda ölkədə cərəyan edən repressiya dalğasına son qoymaq, qondarma ittihamlarla dissidentlərin həbsə salnmasını dayandırmaq istiqamətində səy göstərilməsinin vacibliyi qeyd edilir.

"Əliyev hökuməti ölkədə müstəqil mətbuatı məhv edib, internetə senzura tətbiq edib və müstəqil jurnalistləri, Şərq Tərəfdaşlığı çərçivəsində təsəvvürə gələcək istənilən sivil cəmiyyət üçün vacib olan vətəndaş cəmiyyəti və siyasi fəalları həbsə salıb, yaxud da susdurmağa çalışıb", məktubda bildirilir.

Müəlliflər inanır ki, Azərbaycanla Avropa İtifaqı arasında əməkdaşlıq üzrə hər hansı danışıqlar Əliyev hökumətinin fundamental hüquqlara hörmət etməsi istiqamətində əldə edilən proqresdən asılıdır.
Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İlham Əliyev Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcək. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir. Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.
 

TURAN İA

 

10:11