Vahid Məhərrəmov: “Ayrılan vəsaitdən məmurlar bəhrələnəcək”

Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam verib. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 1,463 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən barama toxumlarının alınmasına 163 min manat, tut tinglərinin alınmasına 600 min manat, fındıq pöhrələrinin alınmasına 700 min manat nəzərdə tutulub. Sərəncamın əhəmiyyətini nəzərə alıb kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla söhbətləşməyə qərar verdik.

Vahid Məhərrəmov Hurriyyet.org-a bildirdi ki, bütün hallarda istehsal ilə bağlı məsələlər fermerlərin ixtiyarına buraxılmalıdır: “Kəndli özü investisiya qoymalıdr, özü də məsuliyyət daşımalıdr. Bununla bağlı hökumət öz siyasətini müəyyən etməlidir. Siyasət ondan ibarət olmalıdr ki, fermerlər, kəndlilər üçün ucuz kredit əlçatan olsun. Belədə fermerlər, kəndlilər öz resursları hesabına tinglər alıb gətirə, onları yetişidirə bilər, bağlara qulluq edə bilər. Eyni zamanda bu sahənin inkişafında, genişləndirilməsində maraqlı olarlar. Eləcə də fındıqçılığın inkişafı ilə bağlı eyni sözləri demək olar. Dövlətin üzərinə götürdüyü iş heç vaxt səmərəli olmayıb. Bizim apardığımız müşahidələr onu göstərir ki, məmurun əlinə vəsait çatan kimi onu başqa məqsədlər üçün istifadə edir”. Ekspert qeyd etdi ki, ölkəyə gübrə gətirilib: “Ancaq gübrənin keyifiyyəti, onun təsiredici qüvvəsi üzərində göstərilən göstəricilərdən fərqli olaraq, iki dəfə aşağıdır. Bizim fermerlər həmin gübrəni İrana aparıb müstəqil laboratoriyada yoxlatdırdılar. Gübrənin keyfiyyəti aşağıdı dedilər. Yenə bu işlə Kənd Təsərüfatı Nazirliyi məşğul olacaqsa, onun nəticəsi də belə olacaq. Xarici ölkədən gətirilən tinglərin rayonlaşdırılmasında problemlər yaranacaq. Əsaslandıracaqlar ki, xaricdən gətirildiyi üçün bizim yerli şəraitə uyğun omayıb, ona görə də həmin tinglər müəyyən dövrdən sonra yararsız hala düşüb. Belə bəhanələrlə ayrılan resursların bir hissəsini mənimsəyəcəklər”.
V. Məhərrəmov vurğuladı ki, hökumət tərəfindən bu vəsaitin ayrılması kəndlilərdə, fermerlərdə arxayınçılıq yaratmamalıdır ki, hökumət həmişə onlara yardım edəcək: “Ümumiyyətlə, bu sahə ilə kəndlilər, fermerlər özləri məşğul olmalıdr. Əgər hökumətin maliyyə resursu kifayət qədərdirsə, yardım etmək istəyrisə, onu yalnız ucuz kreditlərin fermerlərə, kəndlilərə təklif olunması formasında təşkil etməlidr. Ola bilsin ki, hansısa etapda subsidiya verib, maraq yaratmaq məqsədi olar. İndi Kənd Təsərrüfatı Nazirliyi tender keçirəck, hansısa şirkət tingin xaricdən gətirilməsini həyata keçirəcək. Sonda problem yaranarsa, kiminsə ortada məsuliyyəti olmayacaq. Biz yeni təsərrüfat sisteminə keçmişik, Bunu hökumət dərk etməlidr. Hökumət öz üzərinə yük götürməməlidr. Elə ona görə Sovet hökuməti dağıldı ki, hökumət öz üzərinə həddindən artıq yük götürmüşdü. Onun da öhdəsindən gələ bilmədi. Bəs nəyə görə torpaqlar paylanır, nəyə görə istehsal vasitələri kəndlilərə verilir? Məqsəd onların məsuliyyətini, marağını artırmaq, onları müstəqil bir sahibkar kimi yetişdirmək olmalıdır. Düşünürəm ki, ayrılan vəsaitin o sahələrə müsbət təsiri olmayacaq, ancaq məmurlar bəhrələnəcək. Pambıqçılıqla da bağlı subsidiya verlidi. Nəticəsi də göz qabağındadır”.

Şamo Emin
(Hurriyyet.org)

14:24