"Dağlıq Qarabağın BMT protektoratına verilməsi onun müstəqil dövlət kimi tanınmasına gətirib çıxaracaq"

Dağlıq Qarabağın statusu haqqında son günlər bəzi təkliflər səslənməkdədir. 

Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevin bu məsələyə münasibətini öyrənib.

- Siz Minsk Qrupu həmsədri olmuş səfir Hoaqlandın Dağlıq Qarabağın BMT protektoratına vermək ideyasına necə baxırsınız?

- Protektorat əsasən kolonial xalqların müstəqillik mübarizəsi dönəmində, əsasən 60-cı illərdə tətbiq olunurdu və onlara məxsus ərazilər kolonial dövlətlərdən alınıb BMT protektoratına və ya mandatına verilirdi və onlar da  BMT protektoratı altında bir neçə il ərzində yerli özünü idarəetmə strukturlarını qurandan sonra, BMT nəzarətində seçki keçirib müstəqilliklərinə qovuşurdular. 

Mövcud müstəqil dövlətin ərazisinin BMT protektoratına verilməsi presedenti BMT-nin 75 illik tarixində elə son dövrlərdə baş verən Kosovo məsələsidir. Maraqlı odur ki, Kosovo BMT TŞ-nın 1244 qətnaməsi ilə Serbiyanın suverenliyi və ərazi bütövlüyü saxlanmaq şərtilə BMT mandatına verilmişdi.  Və sonrakı hadisələrin gedişinin haraya gətirdiyi hamıya məlumdur.

O ki qaldı, Dağlıq Qarabağın BMT protektoratına verilməsi, o heç də asan məsələ deyil və yaxşı olardı ki, səfir Hoaqlandın bu haqda ideyası varsa, o bu detalları ilk növbədə açıqlayardı. Biz indiki vəziyyətimizdə Dağlıq Qarabağın BMT protektoratına verilməsinə virtual baxsaq da, o, suallar doğurur.

Dağlıq Qarabağın dinc yolla BMT mandatına keçməsi üçün vuruşan tərəflərin razılığı olmalıdır, çünki əgər ərazi BMT nəzarətinə keçirsə təhlükəsizlik də BMT qüvvələri tərəfindən təmin edilir və orada erməni və Azərbaycan qüvvələri qarşı-qarşıya durmur. Kosovonun halında serb qüvvələri Kosovonu tam tərk etdi və ortada sadəcə Kosovo müqavimət qüvvələri qaldı. Onlar da BMT qüvvələrinin gəlməsinə təbii ki, razı idi. Əgər dinc yolla olmursa, istisna hallarda BMT mandatı əsasında orada hərbi əməliyyat keçirilib ərazi nəzarətə alına bilər, amma belə variant bizim bölgədə görünmür. 

Bu baxımdan əgər Azərbaycan razılıq verərsə, çox güman ki, erməni tərəfi Dağlıq Qarabağın hərbsizləşdirilmiş zona olaraq BMT protektoratına girməsinə razı olmayacaq. Amma yenə nəzəri baxsaq, belə halda məxsusən DQ ərazisində məhdud erməni qüvvələrinin qalmasına BMT razılıq verə bilər.

Burada əsas məsələ olaraq erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxıb-çıxmaması məsələsi gündəmə gələcək. Yoxsa BMT qüvvələri sadəcə təmas xəttində yerləşəcək? Ona da Azərbaycan razı olmaz.

BMT burada hansı yanaşmaya üstünlük verəcək, bütün bunlar sual doğurur.  Bu məsələnin hərbi tərəfi. Məsələnin ikinci tərəfi protektorat olduğu zaman, işğal edilmiş ərazilər və oradan etnik təmizlənmiş azərbaycanlı əhalisinin taleyinin necə həll olunmasıdır. Onlar evlərinə qayıdır, yoxsa bu ərazilər də BMT nəzarətində ermənilərin əlində qalır? Belə olarsa, o zaman bu cür ssenari BMT-nin  Kosovodakı fəaliyyəti ilə uyğun gəlmir. Çünki orada əksinə, Serb azlığı da Kosovoda qalmış və qaçqın düşənlər də geri dönmüş və onların da statusu və təhlükəsizliyi beynəlxalq səviyyədə qorunur.

Üçüncü məsələ Azərbaycanın suvereniyi və əraizi bütövlüyü məsələsidir. Dağlıq Qarabağ BMT protektoratına çevrilirsə bu məsələ beynəlmiləlləşir və Dağlıq Qarabağdakı iqtisadi və sosial məsələlərdən tutmuş beynəlxalq maliyyə və humanitar təşkilatların oradakı işlərinə qədər hər bir məsələ BMT-nin və ona kömək edən Ermənistanın nəzarətində qalır. 

Artıq Daqğlıq Qarabağdakı bütün fəaliyyətlər, orada keçirilən yerli seçkilər və yaranan yerli təsisatların hamisi BMT koordinasiyasında aparılır və orada BMT tərəfindən maliyyələşən və koordinasiya edilən yerli hökümət formalaşır və Dağlıq Qarabağ yerli hakimiyyəti BMT mandatı əsasında çox sayda böyük ölkələrin fərqli iqtisadi dəstəyini alır və siyasi baxımdan da yarı-müstəqil subyekt kimi BMT mərtəbələrində fırlanır, onun tribunasından istifadə edir və de-fakto beynəlxalq subyekt kimi BMT-nin mini dövlətinə çevrilir.

DQ-ın son statusunu müəyyən etmək üçün BMT TŞ-ı üzvlərinin bəyəndiyi nüfuzlu vasitəçi təyin edilir və onun da işi faktiki olaraq BMT mandatı altında olan ərazini müstəqil dövlət kimi elan etmək olur.   Burada əsas məsələ Azərbaycanın da razılığı ilə bu ərazini BMT mandatına almaqdır, sonrakı proseslər isə artıq öz axarı ilə gedəcəkdir.. 

- O zaman Hoaqland bu təkliflə nə demək istəyir?
 
- Hoaqland bu fikri ilə faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan hüquqi cəhətdən ayırmağın  yolunu göstərir.  O, düşünür ki, indiki zamanda Azərbaycan Dağlıq Qarabağın ayrılmasına razılıq verməyəcək və Ermənistan da bu baş tutmayana qədər heç bir torpaqdan çıxmayacaq.

Təbii, Hoaqlanda görə bu kompromiss varinatdır. Ona görə də təklif edilən yol, bəlkə də yuxarıdakı suallar qalmaqla, bu ərazinin BMT mandatına verilməsi və sonra da 10-15 ildən sonra BMT əli ilə müstəqil dövlət elan edilməsinə hesablanıb. Amma digər tərəfdən, Minsk Qrupu həmsədlərinin Madrid prinsiplərində irəli sürdükləri sülh planı da Dağlıq Qarabağa beynəlxalq əlaqələri olan keçid statusu tanıyır və keçid statusu sonralar nəticələri hüquqi cəhətdən məcburi olan referendumla yekun statusa çevrilir  və o stautus da müstəqil dövlət statusundan başqa bir şey deyil. Eyni Kosovo vəziyyəti alınır. Bu baxımdan bənzər ssenari burada da gedir.

Yenə protektorat məsələsinə gəlincə onu da qeyd etmək istərdim ki, bu cür aşağı intensivlikdə olan “münaqişələrə”  BMT-nin qarışması və protektoratına alması ağlabatan deyil və nəzərə alsaq ki, BMT TŞ-ın üç üzvü bu işin içindədir o zaman ehtimal daha da azalır. İkincisi, Rusiya bu məsələnin BMT mandatına alınmasına razı olmaz.

Xudaferin.eu

16:42