Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü

1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması idi. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı.

Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici orqan olan Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Həmin qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların fəaliyyətinin istiqamətləndirilməsi üçün əsas kimi qəbul edilmişdi. Öz işini ölkə daxilində cərəyan edən proseslərlə sıx surətdə əlaqələndirən parlament dövlətin müstəqilliyinin qorunması sahəsində gərginlik yaradan məsələlərə dərhal reaksiya verir və bunları müzakirə obyektinə çevirirdi.

Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun Ümumi Qərargahının (Qlavnıy ştab) təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.

Mudros müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general V.Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi Azərbaycan qoşunları da Bakını tərk etsinlər. Çünki Tomson Bakı şəhərini istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi. İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi.

Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin Gəncəyə köçürülməsi, şübhəsiz ki, bu strukturla hökumət orqanlarının əlaqələrində və bütünlüklə ordunun formalaşma prosesində çətinliklər yaradırdı. Bununla belə Hərbi Nazirliyin rəhbərliyinin səmərəli fəaliyyəti ordu quruculuğu prosesində bir ardıcıllıq yaratdı. Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas qüvvələri də məhz Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkil edilmişdi.

Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncədə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra - 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə şəxsən tanış oldu. Hərbi nazir hələ türk qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla rastlaşdı və bu nöqsanları ümumiləşdirərək xüsusi əmr imzaladı və hissə komandirlərindən belə nöqsanların aradan qaldırılmasını tələb etdi. Hər şeydən əvvəl hissə və bölmə komandirləri qarşısında vəzifə qoyuldu ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil olunsun.

1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.

Hərbi Nazirliyin rəhbərliyi ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirmiş və bütün fəaliyyəti boyu ona riayət etmişdi. S.Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S.Mehmandarov və onun silahdaşlarının prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi. Yeni qurulan hökumətlərin rəhbərləri Hərbi Nazirliyin rəhbərliyini dəyişməz olaraq saxlamışdılar.

Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi. Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi.

Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.

1918-ci ilin iyununda əsası qoyulan milli ordu quruculuğu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət olaraq müəyyən dövr ərzində varlığının qorunmasında mühüm rol oynadı. Vaxtilə çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində, ağlında daşıyan hərbçi soydaşlarımız milli dövlətimiz qurulan kimi Vətənə qayıtdılar, Azərbaycanın hərbi imkanlarının yaranmasında və güclənməsində xüsusi rol oynadılar. Hərbi sahədə ən tanınmış imzalar - Səmədağa Mehmandarov və Əliağa Şıxlinskidən savayı neçə-neçə Azərbaycan generalı gənc dövlətin varlığının yaşarı olması üçün misilsiz rəşadətlər göstərmişlər. Ancaq cümhuriyyətin süqutundan sonra bu şəxslərin başlarına gələnlər tariximizin acı, kədərli səhifələrindəndir.

Məşhur Azərbaycan generalları, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi cəhətdən qurulmasında fövqəladə rəşadətlər göstərmiş Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin taleləri bu mənada fəlakətlə sonuclananlardandır. Xalq Cümhuriyyətinin qurulduğu dövrdə bu və başqa generallarımızın olması sübut etdi ki, xalqımız döyüşkənlik ruhunu qətiyyən itirməyib.

Yazıçı, tanınmış araşdırmaçı-jurnalist Şəmistan Nəzirlinin qənaəti belədir ki, fitri istedada malik, anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə xalqımıza ömrünün sonunadək sədaqətlə xidmət edib. Təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi: "Hələ ötən yüzilin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən "Şıxlinski üçbucağı"ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub.

Əliağa Şıxlinski yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri "Legion" ordeni və zabitlərə verilən "Legion xaçı" ilə təltif edilib. Bir sözlə, o, generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb alimi olub".

Əliağa Şıxlinski dörd müharibənin şahidi, üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə I Cahan Savaşında, 1918-20-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb: "Onun məşhur "Xatirələrim" kitabı bu gün də hərbi memuarın ən qiymətli nümunələrindən biri hesab edilir. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə kimi ondan istifadə etməsin. Ə.Şıxlinski 1917-ci il noyabrın 15-də Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl daşını qoyub. Tale Əliağa Şıxlinskiyə övlad nəsib etməmişdi. Sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonra demək olar, yaşamaq onun üçün artıq mənasızlaşmışdı. 1931-ci ildə vəfat etmiş Nigar xanımdan sonra o, 13 il yaşadı. General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib".

Səməd bəy Mehmandarovun hərb sənəti də dövlətçilik tariximizdə özünəməxsus yerə malikdir. Mehmandarov Səməd bəy Sadıq bəy oğlu (1855-1931) artilleriya məktəbini bitirib (Peterburq, 1875). 1898-ci ildən - Zabaykalyedə artilleriya divizionu komandiri olub, Çində bokser üsyanının yatırılmasında iştirak edib (1901), ordenlərlə, qızıl silahla təltif edilib, rus-yapon müharibəsində (1904-1905) Port-Arturu müdafiə edib. 3-cü Sibir ordusunun artilleriya rəisi (1901), polkovnik (1904), general-mayor (1908), general-leytenant(1915), artilleriya generalı olub. Varşava müdafiə əməliyyatında fərqlənib (1914-15). 1917-ci ilin aprelində istefaya çıxıb. 1918-ci ilin oktyabrından Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirliyində xidmət edib. 15 dekabr 1918-ci ildən 1920-ci ilin aprelinədək hərbi nazir vəzifəsində çalışıb. Sonralar Moskvada xidmət edib. 1924-27-ci illərdə hərbi məktəblərdə dərs deyib. 1928-ci ildən istefaya çıxıb.

Bu gün barmaqla sayılası generallarımız Qarabağı ermənilərdən təmizlədi, 114 kv/m ərazini bərpa elədi, amma sayı Çin generallarının sayına çatan müasir generallarımız hələ bir qarış torpaq azad etməyiblər.

xudfaerin.eu

12:37