“Sabina” müştərilərə vaxtı keçmiş məhsul satır

Yalançı kampaniya, saxta keyfiyyət

“Sabina” mağazalar şəbəkəsinin Əhmədli filialında - Sarayeva küçəsində yerləşən mağazasında endirimdə olan məhsullar arasında vaxtı keçmiş məhsul satılıb. Bu barədə vətəndaş “Azad İstehlakçılar” İctimai Birliyinə müraciət edib. İstehlakçı bildirib ki, bu barədə mağazaya müraciət etsə də, onlar bununla razılaşmayıblar: “Əhmədli filialı Sarayeva küçəsi ünvanında yerləşən “Sabina” mağazalar şəbəkəsindən 31.08.2017 tarixdə "Cristian Dior" markasına məxsus endirimlə 62.40 AZN ödəyərək kirpik üçün tuş aldım. Mənə verilən kassa çekinin üzərində VÖEN yoxdur. Evə gəldikdə malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopartdım və kağızın altında basma ilə kod gördüm. Həmin kodu internetdə kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım. Məlum oldu ki, malın istehsal tarixi 2013-cü il sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır. Dərhal mağazaya zəng etdim (012 570 39 90), iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə "bu məhsul təzədir, hətta 3-5 il istifadə etmək olar" dedilər. Onlara kodu deyəndən sonra təklif etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərsiniz. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı vatsap yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu və yararlılıq vaxtı keçmiş malı endirim kampaniyası adı altında satılmasının yolverilməz olduğunu dərk edib Sizə müraciət etdim”-deyə istehlakçının məktubunda qeyd edilib. Alıcının əsas tələbi istehsalçı hüququnun qorunması, malın qaytarılması və ödədiyi 62.40 AZN geri verilməsidir.

Məsələ ilə bağlı, “Sabina”mağazalar şəbəkəsinin qeyd olunan ünvanındakı mağazası ilə əlaqə saxladı. Alıcıdan fərqli olaraq mağazadan bizə açıqlama zamanı məhsulun istifadə müddətinin keçdiyini inkar etmədilər: “Hər 3-4 aydan bir baş ofisdən bizə istifadə müddəti bitən mallarla bağlı siyahı göndərilir. Ola bilər ki, bütün malların içərisində bir tuş gözdən qaçıb, onu görməyiblər. Bu qədər. O xanımla danışdıq, bir saata onunla görüşüb, pulunu qaytaracağıq. Bizim mağazamız böyükdür, "Cristian Dior", "Kenzo"ya iki qız baxır, ola bilər ki, bu məhsulun istifadə müddətinin bitməyi həmin qızların gözündən qaçıb. Sadəcə bu mal gözdən qaçıb, onu da bu xanım alıb”.

Əlbəttə, hər hansı şöbəyə nəzarət edən işçilərin az olması, istehlakçıya vaxtı keçmiş məhsulun satılmasına əsas vermir. Alıcı həmin məhsulu bilmədən istifadə edə bilərdi və bu zaman səhhətinə ciddi zərər verərdi. Kosmetoloqlar dəfələrlə istifadə müddəti bitmiş məhsullarla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlarda istifadə müddəti keçən tuşların gözlərdə bakteriya və infeksiyalara yola açma riski xüsusi vurğulanır. Bu halda isə kirpiklər tökülməyə başlayır. Bu fakt isə “Sabina”dan alış-veriş edənlərdə məhsulun saxta olması təsəvvürünü yarada bilər. Çünki başqa malların da gözdən qaçmamasına heç kim zəmanət vermir. “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıları diqqətli olmağa çağırıb.

“Bu faktla bağlı istehlakçı hüquqlarını qorumaq üçün işlər apardıq. Lakin məsələ bununla bitmir. İstehlakçılar təkrar bu cür hallarla qarşılaşa bilərlər. Ona görə istehlakçılara tövsiyə edirik ki, aldıqları məhsul üzərində kağız yapışdırılan hissəni qaldırıb, altındakı koda baxsınlar. Bununla da hüquqlarının pozulmasının qarşısını ala bilərlər”.

E.Hüseynov istehlakçılara aldıqları məhsulun üzərindəki kodla istifadə müddəti barədə məlumatı dəqiqləşdirməyi xəbərdarlıq edir: “Məhsulun istifadə müddətinin nə zaman bitməsi ilə bağlı internetdə - kosmetik hesablayıcı (косметический калькулятор) yazaraq aldığınız kosmetik məhsulların istifadə müddətinin nə zaman bitməsi barədə məlumat əldə edə bilərsiniz. Bu ifadəni yazdıqdan sonra açılan səhifədə firmanın adı və məhsulun kodunu yazırsınız. Bu zaman məhsulun istehsal və bitmə tarixini öyrənə bilərsiniz”.

Qeyd edək ki, bu, “Sabina” mağazalar şəbəkəsi ilə bağlı yaşanan ilk hal deyil. Bu cür problemlər daha çox endirim kampaniyaları zamanı yaşanır. Ötən il də “Sabina”mağazalar şəbəkəsindən alıcılara yalançı endirim mesajlarının göndərilməsi barədə məlumatlar yayılmışdı. Belə ki, vətəndaş mağazadan məhsul almaq istəyərkən ona endirimin həmin məhsula aid olmadığı bildirilmişdi. Beləliklə, vətəndaş məcbur olub məhsulu endirimsiz almalı olub. Bu da alıcıların açıq şəkildə aldadılması və hüquqlarının pozulmasıdır.

Gülxar

Publika.az

11:33