Rafiq Hümmət: Yurd yerimiz, Borçalı

Rafiq Hümmət. Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1991-ci ildə S. S. Orbeliani adına Tiflis Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, "Şərq", "Faktor", "Yeni Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə isə prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, ana dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tiflisdəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.

Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla ötən yüzilin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın müəllifidir. Onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tiflisdə nəşr etdirdiyi 548 səhifəlik "Ədəbi Gürcüstan" almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Yüzədək kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı" və "Hekayələr və nağıllar" toplusu iki dildə - gürcü və Azərbaycan Türkcəsində kitab halında nəşr olunmuşdur. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Rafiq Hümmətin xüsusi xidməti vardır. Təməli XIX yüzilliyin ortalarında dahi Azərbaycan mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axunzadə tərəfindən qoyulmuş “Tiflis ədəbi-mədəni mühiti” bu gün Rafiq Bəyin sayəsində yenidən dirçəldilməkdədir. Bu yöndə onun başçılığı altında bir sıra uğurlar əldə edilmişdir. Yaşlı nəslin, eyni zamanda Tiflisdə ali təhsil alan və ədəbi-mədəni mühitdə fəal olan gənc yazarları “Vaqlıq Ədəbi Birliyi”nin çevrəsində birləşdirmişdir.

Sərçə ölümü

Sərçə ölümüdü bir tikə çörək,
Bir tikə çörəyin gücü böyükdü.
- Özgə əməyinə uçunan sərçə,
Özgə əməyinin öcü böyükdü.

Bir tikə çörəkdi iştah artıran,
İştah da zülümdən çəkinən deyil.
Bir loxma çörəyi çeynəmək üçün
Sərçə də ölümdən çəkinən deyil.

Qorxmur vətənində zülümdən sərçə,
Uçduğu havanın nazına dözür,
Payızına dözür, yazına dözür,
Şaxtasına dözür, buzuna dözür.

Tələyə sancılıb bir tikə çörək,
Çörək daşdan deyil, tələdən çıxır.
Qartaldı dimdiknən uzun yaşayan,
Sərçə dimdiyində ölüm vurnuxur.

...Köçəri quşlardan yaman seçilir,
Heyif... vətənində kələyə düşür.
Kiçik dimdiyində ölüm gizlənib,
Sərçə dimdiyindən tələyə düşür...

 

Qara günün qazancı

Gün işığı ah çəkənin olammaz,
Daha gündüz ağ işıqlı kələkdi.
Gecə düşdü…
Şükür sənə Yaradan,
Gecə ki, var – qaragözlü mələkdi.

Gecə ki, var – qaragözlü mələkdi,
Quldurlardan, quldarlardan ayrıca.
Hamı yatır…
Tanrı məni oyadır,
Ah çəkirəm – söz düzülür uc-uca.

Gecə düşür…
Halal fikir, halal söz,
Haram qonmaz mən oturan budağa.
Şükür, Tanrım, ac deyiləm mayadan –
İki ana mayalamış uşağam.

Gecə ki, var – qaragözlü mələkdi,
Şeir ki, var – qara günün qazancı.
Kim gərəksə, Tanrı özü oyadıb,
Kimin üçün boğaz yırtır azançı?..

 

Ay işığı – Gecələrin kəfəni

Ay işiği – gecələrin kəfəni,
Zinrik gecə ağ kəfənə bürünər.
Ağ kəfənin ağ nurunda şairlər
Dizin-dizin Yaradana sürünər.

Ayın nuru – gecələrin kəfəni,
Zülmət özü – gecələrin ruhudu.
Ah çəkənin gündüzünə gün düşməz,
Hər gündüzüm bir gecəyə yuxudu.

Ay işiği – gecələrin kəfəni,
Ay işiği ah çəkənə xoş gələr.
Ay işığı doğulanda mələklər,
Hara getsə, şairlərə tuş gələr.

Hər gündüzüm bir gecəyə yuxudu,
Yaman olur yuxuların qarası.
Nə müddətdir mənə gündüz olammır
Gündoğanla Günbatanın arası.

Ay işiği – gecələrin kəfəni,
Ay işiği – qaranlığın libası.
“Gün işığı ah çəkənin olammır”,
Ay nurunu bizə göndər, babası!..

 

Dərisi soyulan mənəm...

Canım tayqa boranında, könlüm Sibir sürgünü,
Öz içimin işığında qızınmaqdan doymuram.
Mən ruhumun libasıyam, sözlərim də eşqimin,
Eşqimi sözlərə büküb, üşüməyə qoymuram.

Gün nar odu saça-saça, yay niyə sazaq oldu?
Yurd içində yaşayana yurd niyə uzaq oldu?
Sürüsündən ayrı düşüb qurd da yalquzaq oldu,
Daha nələr, nələr oldu... dil tutulur, saymıram.

Bu dağınıq yığval ilə bir nizamın yiyəsi,
Bir ölçünün, bir meyarın, bir mizanın yiyəsi,
Öz içində özü üçün qır qazanın yiyəsi –
Özgə fikri oxusam da, özgə beyni oymuram.

Mən mey içdiyim piyalə nə şüşədi, nə saxsı,
Yol gedirəm, nə olsun ki, arxa oddu, qabaq su.
Baxışını məndən döndər, a qaramat dabbaxçı,
Dərisi soyulan mənəm, mən ha dəri soymuram.

 

Gerçək

Külək çırpan qapıların dəstəyi olmaz,
Yel vurub yengələr oynar fağır evində.
Min il keçə... qəhqəhəyə dönməz gülüşün,
Otur canım, otur gözüm, ağır... evində.

Tanrı özü möhür basır – kimə nə verir,
Hər bəndənin öz yasası, öz yapısı var.
Hamı cahanda ağadır; sən ağanın da
Söz bağçası, söz sarayı, söz qapısı var.

Min il keçə... qəhqəhəyə dönməz gülüşün,
Qəhqəhənin sirdaşıdı şeytan avazı.
Çıxart yasdan – qara dondan, görk elə, göstər,
Cinə iynə göstərən tək – şeytana sazı.

Ah eləmə yer üzünün sərvəti üçün,
Yer üzünün varı-halı ahına düşmür.
Bu dünyanın on üzündən doqquzu göyçək,
O doqquzdan biri sənin ruhuna düşmür.

Külək çırpan qapıların dəstəyi olmaz,
Yel vurub yengələr oynar fağır evində.
Bax, bayırda daş yağsa da, a yazıq, sənin
Əlçim-əlçim nurlu işıq yağır evində...

 

Çəkməsilən Cocuq

Əli fırçaya,
Gözü paraya,
Könlü yaraya alışmış
Çəkməsilən cocuq.

Okuldan, məktəbdən,
Fatehdən, Babəkdən,
Şeytandan, mələkdən
xəbərin yox.

Annən varmı, baban varmı,
Yerin-yurdun, odan varmı,
Qalamağa soban varmı? –
Xəbərim yox.

Mən sənə həmşərim,
İşıqlı səhərim,
Qələbəm, zəfərim
deyəmməm.

... Çəkməsilən cocuq,
Zorla gülən cocuq,
Bir çəkməlik ağuşun,
Yetim-yesir duruşun,
O tərtəmiz baxışın
Haramım olsun!

 

Son çiçəyin elegiyası

Ayın rəngi dəyişdi...
Son çiçək öldü.
İstəyim can verdi o çiçək üstdə...
Bir də tər çiçəklər doğulanadək
Mənə nə öpüş ver, nə çiçək istə.

Titrədi son ləçək...
Öldü son çiçək.
Mən daha huşsuzam,
huşsuzam,
huşsuz.

Bitdi qu quşunun o son nəğməsi,
Yaman darıxıram, yaman... bayquşsuz.
Ayın üzü bozardı...
Son çiçək öldü.

Eeyyy...
Aynam önündəki vişnə ağacı,
Tənha yaşıllığnı sirri-sehr elə,
Ağrını, nifrəti, kini qəhr elə,
Zərif budağından on üç yarpaq sal,
O gələn bayquşa orda yer elə...

13:44