Dünya şöhrətli yazıçı Anarın Şuşa ağrıları

Xalq yazıçısı Anarın "Qarabağ şikəstəsi" adlı yazısı ilk dəfə 1985-ci ildə "Ulduz" jurnalının 8-ci nömrəsində işıq üzü görüb. Sonralar "Qarabağ şikəstəsi"müəllifin "Dünya bir pəncərədir" (1986) kitabına da daxil edilib. Şuşa və ümumiyyətlə Qarabağ mühitini təsvir edən, insanların yaşam tərzindən, adətlərindən, xasiyyətlərindən, həyat qanunlarından bəhs edən bu əsərdən yeni nəsil xəbərsizdir. Ona görə məhz 8 may günü - Şuşanın işğalı günü "Qarabağ şikəstəsi"ni oxucularımıza təqdim etməyi lazım bildik.

83-cü ilin bir iyul günü - Bakının istisinə, tüstüsünə, ağcaqanadlarına dözməyə daha taqətimiz qalmayanda qərara gəldik ki, Şuşaya gedək...

Yolların tozu-bürküsü - odlu bir nəfəs kimi - maşınımızın açıq pəncərələrindən sifətimizi qarsayırdı. Maşını saxlayıb düşən kimi şaqqama gün çəkic mismarı döyən təkin təpəmizdən vururdu. Kilometrlər ötürdü, yol uzandıqca uzanırdı, adama elə gəlirdi ki, nə bu yol qurtaracaq, nə bu isti. Dünyada narın yellər əsən, günəşi mülayim, kölgəlikləri sərin yerlərin olduğuna inanmağımız gəlmirdi daha...

Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəlib Bakıdan da isti bir yerə - Yevlaxa çatdıq (Bir nəfər haqqında danışırdılar ki, ömründə ilk dəfə gördüyü dəmiryol stansiyası Yevlax olub, bundan sonra Rusətə gedib və qatar harda dayanırmışsa: Gto kakoy Evlax? - deyə xəbər alırmış. Bakıya getmək üçün dağlardan Yevlaxa düşmüş iki nəfər haqqında da lətifə var. Dəmir yolunu təzə çəkiblərmiş. Biləndə ki, iki dost Bakıya getmək istəyir, - "Daha faytonla niyə - deyiblər, - dəmir yoluynan gedin də". Məsləhətə qulaq asıb hərəsi bir relsin üstünə çıxıb. Bir qədər gedəndən sonra biri o birisinə: Sijisi ağlar qalsın bu dəmir yolunun - deyib, - ondansa gəl düşək piyada gedək).

Nə isə... İlin o cəhənnəm günündə, cəhənnəm saatında Yevlaxa çatanda yadımıza nə məzəli lətifələr düşürdü, nə də gülüb danışmağa heyimiz qalmışdı. Canımızı qoymağa az-çox kölgəli bir yer axtarırdıq.

Sərin yeri Yevlaxda da tapmaq olarmış. Şəhərin kənarında təzə tikilmiş "Qarabağ" istirahət zonasına gəldik. Şırıltısı qulağı dincəldən arx, yüngül titrəyişilə ətrafa sərinlik çiləyən salxım söyüdlər, zövqlə tikilmiş əlvan köşk...

Qurumuş dodaqların, boğazların məlhəmi çaydır. Burda dayanıb bir çay içək - dedik... Çay nə çay. Ömrümdə belə ləzzətli çay içməmişdim. Çaya kəkotu qatmaq axır vaxtlar çox yerdə dəb düşüb. Bu çayın içində kəkotusu olsa da təmi tamam başqa idi...

Çayçı Məmməd masamıza yanaşır, tanış çıxırıq. Məmməd ədəbiyyat həvəskarıdır, şairlərimizin, yazıçılarımızın son əsərlərindən həvəslə danışır. Dəmlədiyi ətirli çayın sirrini xəbər alıram - Kəkotudan başqa qantəpər, çobanyastığı, romaşka da qatıram.

(Romaşkanın dilimizdə gözəl adı var - Ağ kirpik) - Bu çiçəklərin, otların hamısını özüm dağlardan yığıb gətirirəm.

Məmməd özü Kəlbəcərdəndir. Birdən-birə susur, danışmır, gözləri elə bil yol çəkir. Baxışları harasa, başımızın üstündən o yana, çox uzaqlara, üfüqləri halaylamış dağlara dikilir. Başı qarlı zirvələrin soyuğuna üşüyür, dişləri gizildədən buz bulaqların suyunu içir, ətrafa min rayihə yayan otların, çiçəklərin ətrini duyur sanki. Elə bil ki, bürkü Yevlax gündüzündə bu sərinliyi birdən mən də hiss edirəm. Bəlkə doğrudan da bu an uzaq, qəlbi dağlardan zərif bir  meh, yüngül bir əsənək uçub gəldi bura. Bəlkə çayın dəminə qatılmış şehli otların, çiçəklərin qoxusundan canımıza xoş bir sərinlik yayıldı...

Bəlkə də səbəb musiqi sədalarıydı. Ətrafa baxırdıq - göz işlədikcə uzanan dümdüz aran, ucsuz-bucaqsız pambıq çölləri... Amma hardasa, kimsə - dağlar nəğməsini - "Qarabağ şikəstəsi"ni oxuyurdu. Bu şikəstə dərələrin, uçurumların, yarğanların üstündən, bu dağdan o dağa haraylanan, boğazda qaynaya-qaynaya uzaqdan uzağı səsləyən, yamacdan-yamaca, qayadan-qayaya çatıb əks-sədayla qayıdan bir Qarabağ havasıydı. "Hava" sözünün hər iki mənasında. Nəğmə mənasında da, iqlim mənasında da. Yəni elə bu iki məna da bir-biriylə sıx bağlı deyilmi? Şuşanın gözəl səsləri bu dağların məcun havasından yaranmırmı?

Seyid Şuşinski deyərmiş: Şuşanın yuxarısında bir gədik var, səhər saat beşdən altıya qədər ordan bir meh əsir. Əgər adam o vaxt orda dayanıb o mehi sinəsinə alsa - hökmən səsi olacaq.

"Qarabağ şikəstəsi" davam edir. Səs cavan adam səsidir.

Qarabağ burdan başlanır - Yevlaxın "Qarabağ" istirahət köşkündən, Məmmədin şeirə, ədəbiyyata həvəsindən, dağ ətri gələn çayından, uzaq, sərin zirvələrə həsrətlə baxmasından. Yanıq haraylı "Qarabağ şikəstəsi"ndən...

***

Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.

Şahanə bir vüqarı var Şuşanın. Elə bil o ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır.

Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır.

***

Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərmağanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar - tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır.

Pənahabad adıyla bu şəhərin binəsini qoymuş görkəmli dövlət xadimi Pənahəli xan, onun oğlu İbrahim Xəlil xan, böyük şair və siyasət adamı Molla Pənah Vaqif, İbrahim xanın qızları Ağabəyim ağa və Gövhər ağa, Məmməd bəy Cavanşir - Batmanqılınc, Xurşidbanu Natəvan, Xasay xan Usmiyev, Bəhmən Mirzə, Qatırçı Murad - bu adlar Şuşada, Qarabağda kitab səhifələrindən məlum olan tarixi şəxsiyyətlər kimi deyil, canlı adamların, hafizələrdə hələ də yaxşısıyla - yamanıyla yaşayan diri insanların adları kimi qavranılır. İllər, əsrlər ötdükcə tarixi şəxsiyyətlər mücərrədləşdirilir, böyük sənətkarlar, mütərəqqi dövlət xadimləri müəyyən dərəcədə ideallaşdırılır, tarixdə mənfi rol oynamış şəxslər isə tamamilə qara, şər qüvvə kimi damğalanır. Şuşada, Qarabağda məni ən çox təəccübləndirən şeylərdən biri bu oldu ki, adlarını çəkdiyim tarixi şəxslərə və bir çox başqalarına münasibət diridir, ehkamlaşmamış, qəlibləşməmişdir. Sevimli şairin naqis hərəkətləri də unudulmayıb, Cavanşir nəslinin faciəsi də... Böyük Vaqiflə bağlı "hər oxuyan Molla Pənah olmaz, hər qatırçı Murad" zərb-məsəli də dildə-ağızda gəzir, Qacar aqibətiylə bağlı "Mıxı mismara döndərən fələk" ifadəsi də...

Dünyada insandan gördüyü xeyirli, ya pis işləri, yaxşı, yaman adı qalır. İnsan taleyindən üç-dörd söz, beş altı misra şeir də iz qala bilər. İbrahim xanın qızı Ağabəyim ağa siyasi sövdalaşmaların qurbanı olub, sevmədiyi, tanımadığı Fətəli şahın hərəmxanasına düşüb. Ağabəyim Ağanın vətən həsrəti, qürbətdə keçən intizarlı ömrünün acısı, Vaqiflə məktublaşması haqqında poetik əfsanələr var, amma Ağabəyim ağanın öz əliylə yazdığı bayatı onun könlündəkiləri bütün əfsanələrdən daha dəqiq açır:

Əziziyəm Qarabağ
Qara salxım, qara bağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.

Rəvayətlərdə deyilir ki, həsrətdən saralıb solan zövcəsinin könlünü oxşamaqçün Fətəli şah hətta ancaq Cıdır düzündə bitən xarı bülbül gülünü də Tehrana gətirdib, saray bağında əkdirib. Amma bu gül də burda bitməyib. Bəlkə bu bir təşbehdir, metaforadır, Ağabəyim ağanın yad torpağa uyuşmayıb vağam olmasına incə, poetik bir işarədir. Amma Ağabəyim ağanın iki misrası da var axı. Ədəbiyyatımızda bundan kövrək, bundan həzin beyt bilmirəm. Təəssüflü bir ah kimi, ahəstəcə bir köks ötürmək kimidir bu misralar:

Əfsus ki, yarım gecə gəldi gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi...

***

Şuşa Natəvanın, Mir Möhsün Nəvvabın ədəbi məclisləri ilə də məşhurdur. Bizim günlərdə belə ədəbi məclislərin biri də yarandı. Vaqif poeziya günləri. Artıq ənənəvi şəkil almış bu şeir bayramları özləri də yeni, xoş bir ənənə yaratdı. Hər il bu bayram günlərində Şuşada təzə bir sənət ocağı, ya abidə açılır. Bu bayramlar Vaqifin əzəmətli məqbərəsinin açılışı ilə başlandı. Rəsm qalereyası, Natəvan adına poeziya evi ilk qonaqları o zaman qəbul etdi. 82-ci ilin yayında Natəvanın abidəsi ucaldıldı. 83-cü ilin poeziya günlərinə gələnləri də xoş bir görüş gözləyirdi - unudulmaz müğənnimiz Bülbülün ev-muzeyi açıldı. Arzumdur ki, bu gözəl ənənə həmişə davam etdirilsin. Vaqif günlərinə gələnlər Natəvanın adıyla bağlı yerlərə də fərəhlə tamaşa etsinlər. Şairənin bağında yerləşən müxtəlif binalarda Natəvanın muzeyi, ədəbiyyat, musiqi, xalq sənətləri muzeylərini əhatə edən bütöv bir kompleks yaradılsın. Həmin kompleksə açıq və qapalı konsert-tamaşa salonları da daxil ola bilər. Müxtəlif yerlərdən gələn qonaqlara musiqi alətlərimizi, keçmiş və çağdaş müğənnilərimizin vallarını, lent yazılarını nümayiş etdirək. Natəvanın ev kompleksində kitabxana, sərgi qalereyası yerləşdirmək olar. Bakıda çıxan jurnal və qəzetlərin redaksiyaları buranı hamiliyə götürə bilər: müasir yazıçılarımızın avtoqraflı kitablarını bu kitabxanaya göndərmək, rəssamlarımızın mənzərələrinin hədiyyə verilməsini təşkil etmək olar.

Şuşanın qədim binalarının birində muğam evi yaratmaq, bura ölkəmizdən və xaricdən məşhur ifaçıları dəvət etmək olardı. Eyni zamanda klassik musiqinin təbliği məqsədilə Qazançesos kilsəsi üçün orqan sifariş vermək, burada mütəmadiən simfonik və kamera konsertləri keçirmək yaxşı iş olar. Bu işin başlanğıcını görkəmli sənətkarımız Niyazi qoymuşdur. Yay mövsümündə Natəvan bağında onun rəhbərliyiylə verilən simfonik konsertlər estetik tərbiyə baxımından nə qədər vacib və nəcib işdir. M.M.Nəvvabın evinin səliqəyə salınması, bu evin divarlarına çəkilmiş, indi üstü əhənglə örtülmüş şəkillərin bərpa edilib üzə çıxarılması da təxirəsalınmaz vəzifədir. Sadıqcanın, Cabbar Qaryağdı oğlunun adıyla bağlı evlərdən musiqi həyatının canlandırılması üçün səmərəli istifadə etmək olar. Şuşa təbiətin, tarixin bizə bəxş etdiyi gözəl, nadir muzeydir. Bu muzeyi qorumalı, zənginləşdirməli, dünyaya tanıtmalıyıq.

***

Qəribə xasiyyətləri var şuşalıların. Bir kobud söz eşitməzsən burda, bir qaba davranış görməzsən. Partiya, dövlət işçilərindən tutmuş çayçı şagirdi balaca Bəbirə qədər hər kəsdən yalnız mehribanlıq, xoş sifət, mülayim rəftar, gülər üz gördük. Adamı min şirin dillə dindirirlər: - Nə təhərsən, başına dönüm?

Hər dəfə mehmanxanadan çıxanda xidmətçi qadın soruşur: - Getdin?- Bəli, - Yaxşı elədin. Nömrəyə qayıdırsan - Gəldin? Yaxşı elədin. Fikir verin: Xoş gəldin, xoş getdin yox, məhz "Yaxşı elədin". Sənə yalnız uğurlu yol, xoş qayıtmaq arzu olunmur, gedişin, gəlişin, hər hərəkətin təqdir edilir. Ən adi sözlər əsrlərdən, nəsillərdən keçmiş qonaqcıllığın vərdişli davamıdır. Doğrudur, şuşalılar özləri öz qonaqsevərliklərini lağa da qoyurlar, dolayırlar da... Danışırlar ki, iki şuşalı gəzə-gəzə gəlib birinin evinin qabağına çatanda ev sahibi içəri dəvət etmək əvəzinə: Ə, yeri ə, sən bizə gələn deyilsən - deyir. Yaxud işdi evinə qonaq gəlsə: Ə, bir dəfə yeyib içməmiş gəl də - deyir - ağıllı-başlı səninlə oturaq, yeyib içək...

Əlbəttə bunlar şux zarafatlardır. Zarafat, məzəli söz insan dilinin, zehninin itiliyidirsə, özün-özünü dolamaq, özün-özünə masqara eləmək ağlın, şüurun ikiqat üstünlüyüdür. Yalnız özlərindən müştəbeh, lovğa, yekəxana və küt adamlar zarafat götürməz, hər sözdən inciyər, umu-küsü saxlayarlar. Görürsən belə birisi başqasını lağa qoymağa, başqasına rişxənd, kinayə etməyə, kobud zarafatlarla ona gülməyə qoçaqdır, di gəl özünun dəyən yeri nazikdir, gülünc hala düşməkdən oddan qorxan kimi qorxur. Odur ki, nəticədə həmişə gülməli vəziyyətdə qalır.

Şuşanın, ümumən Qarabağın gündəlik məişət yumoru, el ağzında dolaşan lətifələri, bəzəmələri, zarafatları neçə-neçə görkəmli sənətkarımızın - Q.Zakirin, N.Vəzirovun, Ə.Haqverdiyevin, Ü.Hacıbəyovun, S.S.Axundovun, Y.V.Çəmənzəminlinin əsərlərində cilalanıb, dərindən dərinə mənalandırılıb, əlvan çalarlarla parlayıb. Şuşalıların qonaqpərvərliyinə gəldikdə isə bu şəhərə gələn adamın qarşısında çox ciddi bir məsələ durur: vaxtını, gecə-gündüzün 24 saatını necə bölsün ki, dəvət olunduğu yerlərin hamısına gedə bilsin, heç kəsin könlünə dəyməsin. Həm də bu məclislər israfçı yemək-içmək, adamı bıqdıran bayağı, süni tostlar, boğazdan yuxarı tərifnamələr yeri deyil, şeir, musiqi, maraqlı söhbətlər, canlı ünsiyyət məclisləridir. Belə mədəni, mənəvi məclis vərdişi Natəvan, Mir Möhsün Nəvvab kimi ziyalıların yaratdıqları ənənələrə arxalanır.

***

Məmməd Quliyev Ağdamın Zəngişallı kəndindəndir, qaynaqçıdır. Zəngişallı kəndinin yanında Mahrızlı kəndi də var, bu iki kənd çox yaxın qonşudurlar, odur ki, bəzən adlarını da qoşa çəkirlər: Zəngişallı-Mahrızlı. Bu iki kəndin (hələ üçüncü qonşu Çəmənli kəndinin də) bütün qaynaq işlərini Məmməd görür, heç kəsdən də bir qəpik almır. Onun haqqında deyirlər ki, istəsəydi indi milyoner olardı. Özü: Azərbaycanda mən ən kasıb adamam - deyir. Hər iki sözdə mübaliğəli bir zarafat var. Həqiqət isə belədir ki, Məmməd Quliyev böyük sərvətə malikdir, onda insanlıq istedadı var. Şeir də yazır, çap olunur, yazdıqları rəğbətlə qarşılanır. Çoxlu maraqlı rəvayətlər, əfsanələr, əhvalatlar bilir. Çörəyini namusla, halal-zəhmətlə qazanır. Ən böyük dövləti - insanlığı, xeyirxahlığı, başqalarına təmənnasız, fədakar xidmətidir.

Məmməd imkan tapan kimi kəndlərindən Şuşaya gəlirdi, oturub söhbət edirdik və mən bu şair-qaynaqçının nə qədər məzmunlu, ziyalı adam olduğuna hər dəfə heyran qalırdım. Qaynaqçını ziyalı saymağım tamamilə təbiidir. Şuşada çəkməçilik eləyən, qabaqlar isə inşaatçı kimi neçə binanın tikintisində çalışan Kamil də əsl ziyalıdır. Ədəbiyyatla, sənətlə, doğma yurdunun tarixiylə maraqlanır; ədəb-ərkanıyla, davranışıyla, sözü-söhbətiylə ziyalıdır. Məmməd də, Kamil də, bu sayaq, bu tipli neçə-neçə başqa sadə insanlar da mənim gözlərimdə cibində çeşid-çeşid diplomlar saxlayan, mənəm-mənəmliyi, özündən deməyi, özünü gəldi-gəlmədi qabağa dürtməyi, gözə soxmağı sevən bəzi başabəla "ziyalılardan" qat-qat mədəni, işıqlı, mənəviyyatlı adamlardır. Mədəniyyət kəlməbaşı başqasının sözünü kəsib: bağışla sözünü kəsirəm - deməkdə deyil. Mədəniyyət ondadır ki, başqası danışanda onun sözünü ümumiyyətlə, kəsməyəsən. Özgəsini dinləyə biləsən, hər an özünü hamıdan çox bilən, hamıdan ağıllı, hər şeyə bələd, hər şeydən vaqif göstərməyəsən, həmişə öyrətməyə yox, heç olmasa hərdənbir öyrənməyə də çalışasan. 

***

Yaşı az qala doxsana çatmış, zehni, yaddaşı, danışığı həmişəki kimi qıvraq, aydın-açıq, hər yayını mütləq Şuşada keçirən Nəsir bəy Çavanşirdən nə qədər maraqlı şey öyrənmək olar. Yalnız dinləməyi bacarmaq lazımdır, nə qədər qəribə əhvalat, ötüb-keçənlərə aid qiymətli faktlar eşidəcəksən; Nəsir bəylə bir neçə il qabaq oğlu Əli Cavanşirin vasitəsilə tanış olmuşuq. Əli musiqiçidir, onu radio komitəsindən tanıyıram. Nəsir bəy ilk görüşümüzdən parlaq hafizəsiylə, diri müşahidələriylə, yumoruyla, həyat şövqüylə, cavanlığıyla məni valeh etdi. Danışdığı xatirələrin ancaq kiçik bir qismini yadda saxlaya və dəftərçəmə köçürdə bildim. - Niyə xatirələrinizi yazmırsınız - deyə soruşduqda: - onlar yadıma dalbadal düşmür ki - deyir - görürsən, gecəyarısı yuxudan oyanıram, hardansa yadıma uzaq bir xatirə düşür. Başqa bir vaxt, başqa bir gün ötənlərin-keçənlərin ayrı bir səhnəsini xatırlayıram. Nəsir bəyin Bakıda və Şuşada mənə danışdıqları xatirələrdən bəzi fraqmentləri də mən eyni pərakəndəliklə burda gətirirəm; bu xatirələrin müəyyən sistemi, ardıcıl düzümü yoxdur.

Üzeyir Hacıbəyovdan, Şuşadan danışır... "Xandəmirov teatrında çox olmuşam. Hacı Qaraya baxmışam. Yay aylarında Üzeyir gələrdi, musiqili komediyalarını tamaşaya qoyardı. Azad Əmirov Məşədi İbadı misilsiz oynayardı. Azad Əmirov çox maraqlı şəxsiyyət idi, deyən, gülən. Yaxşı da mütəxəssis idi, həm də çox duzlu, məzəli adam idi. Yemək-içməyin ləzzətini də bilən adam idi. Bir dəfə bizdən Üzeyirgilə zəng elədi: Üzeyir, sizə gəlmək istəyirəm. Üzeyir bəy deyəsən hətta bir az nigaran oldu: Xeyir ola? Nə isə, Azad bəy məni də götürdü, gəldik həmin o Ketsxovelidəki mənzilə. Qapını Məleykə xanım açdı. Azad bəy dedi: Bizim gizli sözümüz var, gərək Üzeyirlə təklikdə danışaq. Qapını da zəhmət olmasa, örtün. Üzeyir bəy bir az da həyəcanlandı. Otaqda üçümüz qalanda Azaddedi: Üzeyir, başına dönüm, tez ol, "Uzun dərə" çal, yaman oynamağım gəlib, da heç dayana bilmirdim...

Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımla bir nəsildənik - Cavanşir nəslindən, Məmməd bəy Cavanşir Batmanqılıncın nəslindən. Malikanələrimiz qonşuydu. Həmidə xanımgilin torpağı az idi - əlli desyatin, bizimki çox idi. Faktiki bizim torpaqda olurdu Həmidə xanım. Yaman zabitəli arvad idi. Hikkəsi də var idi... Elə bu hikkəsinə görə də rəiyyətə ərə getdi. (Rəiyyətə, yəni Mirzə Cəlilə! - A.) Bir dəfə hətta Mirzə Cəlilə güllə atmışdı, dəyməmişdi,- Niyə? - Çox bilsən tez qocalarsan.

Behbudxan Cavanşir çox igid adam idi. Parlaq savadlı mühəndis idi, neçə xarici dil bilirdi, ağıllı, cəsur idi, xasiyyətində hətta bir qoçuluq da var idi. Qarabağlı olmasına baxmayaraq Bakının qoçuları ondan qorxardı, çəkinərdi. Şaumyanla bir yerdə oxuyub. Mikoyan da xatirələrində ondan yazıb. İnqilabdan sonra bolşevik Teymur Əliyev Nərimanovun yanına gedir, deyir ki, belə adamı itirmək olmaz. Sovet hakimiyyətinin ilk illərində yüksək ixtisaslı mühəndis kimi təsərrüfatın inkişafında faydalı əməyi olub. Amma əlbəttə ən parlaq və gözəl adam Teymur Əliyev idi. 20-ci illərdə mən Şuşadaydım, bir də eşitdim ki, bolşeviklər gəlib. Nərimanovla bir yerdə Teymur da gəlmişdi. Gəraf Əsgərov da ordaydı. Məni çağırtdırdılar. Doğrusu ürəyim bir azca səksəkəli idi. Necə olsa məşhur bəy nəslindənəm. Amma mən içəri girən kimi Teymur qalxıb üzümdən öpdü. Sonra o biri otağa keçdik və Teymur mənə dedi ki, dərhal Şuşadan çıx get, yoxsa tələf olarsan. Nərimanov da bu sözləri təsdiq etdi, mənə Bakıda iş boyun oldu. Qarışıq vaxt idi. Nadürüstün biri həqiqi inqilabçını öldürüb onun sənədlərini mənimsəmiş, bu sənədlər vasitəsilə inzibati orqanlara soxulmuşdu. Bildiyini eləyirdi. Çox günahsız adam tələf etmişdi. Ancaq o gedən vaqonun pilləkəninə qalxdığı üçün cavan bir oğlanı güllələtmişdi. Teymur Əliyev bu qanunsuzluqlar barədə Nərimanova xəbər verib, Nərimanovdan göstəriş alandan sonra həmin adamın iş otağına gəlir, qabaqcadan telefonları kəsir. O adam masasının siyirtməsini çəkir, konyak, şokolad çıxarıb Teymuru qonaq eləmək istəyir: Teymur: - İt oğlu it - deyir - camaat acından qırılır, sən burda şokolad yeyirsən.

Hərif duyuq düşüb əlini tapançasına atanda Teymur onu qabaqlayır. Tutub aparır, məhkəmədə ifşa olunur, güllələnir. Teymur belə Teymur idi. O vaxtlar başqa məsul işçilər kimi Teymurun da məxsusi faytonu vardı. Mən Bakıya gələndə faytonunu göndərdi, məni öz mənzilinə gətirtdi, sonra da işinə apardı, özünə köməkçi götürdü. O vaxt həm tribunalın sədriydi, həm də xarici ticarət komissarıydı. Bahadur Vəlibəyov da mənim yaxın dostlarımdan idi, onun haqqında da çox şey danışa bilərəm. Yadımdadır eserlərin məhkəməsində ittihamçı ən ağır cəza tələb edəndə Səfikürdski təmiz rus dilində rişxəndlə dedi: "Vısşaə mera - smertğ, a çto znaçit samaə vısşaə - çto mojet bıtğ vışe smerti?"

Nəsir bəy qəfilcən məndən xəbər alır: Səncə mənim neçə yaşım olar? - Bilmirəm. - Rəhmətlik həkim Ədil Sadıxovu tanıyırdın? - Tanıyırdım - deyirəm, - atamgilin qonşusuydu. - Bəli, bir dəfə mən Bakıda köhnə Poçtovı küçəsində vaxtilə Mirzə Cəlil yaşadığı evdə Davatdarovlara yasa getmişdim. Yaşdan söz düşdü, dedilər görən Nəsir bəyin neçə yaşı olar? Ədil rəhmətlik dedi, qoy hərə öz fikrini söyləsin, axırda da mən deyərəm. Hərə bir şey dedi... Axır Ədil sözə başladı: - Siz hamınız - dedi, -ya çox cavansınız, ya da Bakıda olan adamlarsız, mən isə şuşalıyam, bircə fakt gətirəcəm, nəticəni özünüz çıxardın. 1913-cü ildə Şuşaya xəbər yayıldı ki, tır-tır gəlib. Tır-tır motosikletə deyilərdi (Bu artıq Nəsir bəyin şərhidir. Ümumiyyətlə qəribə sözlər düşür yadına Nəsir bəyin, bir nəfər tanışından danışır; dovğanı xörəkdən sonra vermək adətinə görə dovğaya "sup szadi" deyərdi). Nə isə, Ədil düz deyirdi, bizim öz faytonumuz vardı, ümumiyyətlə dövlətliydik, odur ki, Xandəmirov teatrında biletləri paylamağı mənə tapşırardılar, bilirdilər ki, pula tamahım düşməz. Yevlaxdan Şuşaya faytonla gələrdik həmişə. Amma 1913-cü ilin o yayında, cahan davasından bir il qabaq mən doğrudan da faytonu çox arxada qoyub Şuşaya motosikletlə gəlmişdim. Motosikleti - tır-tırı uşaqlar dərhal dörd tərəfdən dövrələdilər. Məcbur elədilər bir də işə salım, sürüm. Şuşanın 16 məhəlləsinin hamısının uşaqları dəstəynən dalımca qaçırdılar.

Rəhmətlik Ədil də elə bu söhbəti nəql edib sözünü belə bitirdi: Bax, həmin o uşaqlardan biri də mən idim. O vaxt yeddi yaşındaydım. İndi özünüz hesabınızı bundan çəkin ki, Nəsir bəyin neçə yaşı ola bilər?

Hamı gülüşdü. İndi gör mən bunlara nə cavab verdim: Dedim, bəli, hesablayın görün neçə olur yaşım. Çoxdur, sözüm yox, amma indiyənəcən içirəm, gəzirəm, kart oynayıram, maşın sürürəm, dünyadan özüm doymuşamsa da, gözüm doymayıb... İndi baxın öz ciblərinizə görüm nə taparsız orda ya nitroqliserin, ya da validol...

***

Şuşada qaldığımız günlər ərzində Ağdama, Füzuliyə, Laçına, ətraf kəndlərə getdim, Qırx qız yaylaqlarına qalxdım.

Füzulidə izdihamlı, əlvan "Mən sülhə səs verirəm" bayramında iştirak etdik.

Bir neçə il bundan qabaq Ağdama Natəvan bayramına gəlmişdim. Vaxtilə xalq Natəvanın cənazəsini Şuşadan Ağdamacan çiyinlərində gətirib, burda, dədə-baba sərdabələrinin arasında, İmarət deyilən yerdə basdırıblar. Bir neçə il bundan əvvəl İmarətin vəziyyəti çox acınacaqlı idi, stadionun böyründə pivə köşkü vardı, buralar bərbad, səliqəsiz, baxımsız idi.

Natəvan bayramında şairənin qəbri üstə çox ifadəli abidəsinin açılışı oldu... İmarətin ərazisi də abadlaşdırılmışdı, bərpa olunmuş binanın qarşısında, açıq meydanda Natəvan poeziya teatrı tamaşa göstərirdi, bağda, yüzillik ağacların kölgəliklərində xalq sənətinin növləri, müxtəlif peşələrin örnəkləri nümayiş etdirilirdi. Futbol meydançasında çovkan oyunu oynanılırdı, cıdıra çıxmışdılar.

Bu gəlişimizdə də Ağdamın özündə, kəndlərində yeniliklər gördük. Çörək muzeyi şəhərin nadir və nəcib bəzəyidir. Şahmat məktəbi, park, Şahbulaqda istirahət zonası, Abdal-Gülablı kəndləri səmtində yeni tipli kolxoz evləri-adamın ürəyini fərəhlə doldurur.

Xındırıstan kəndinin kiçik kolxoz muzeyi də bizə xoş təsir bağışladı. Köhnə məscidin binasında yerləşdirilmiş bu muzeydə qazıntılar zamanı tapılmış üstü daş örtüklü iri daş tabutlar (içində kəllə sümükləri də qalıb), dəfn küpləri, gil qablar, sikkələr, habelə xəncər, qılınc, təbərzin, üzəngi, durna çırağı, cəhrə, nehrə, daraq, həvə, kotan, xış, yabı, xırmandöyən daş və taxta vəl, zınqırov və başqa məişət əşyaları - keçib gedən dövrlərin yadigarları saxlanılır. Muzeydə məşhur Qarabağ inqilabçılarından Məşədi Abbasın Səttarxanla birlikdə çəkdirdikləri şəkil də var. Bu eksponatları toplayan Bəhmən müəllimə təşəkkürümüzü bildiririk.

Doxsan yaşlı Şahverən kişiylə kərpicdən tikilmiş köhnə pambıq zavodunun yanında, ağac kölgəsində söhbət edirik. Şahverən kişi gənclik illərindən, komsomol vaxtlarında qaçaqlarla mübarizə aparmasından, Saday bəyin qaçaqlığından danışır. O vaxt kənddən də bəzi adamlar qaçaqlara qoşulmuşdu. Bolşeviklər "kukuruznik ayroplanın"dan kağız atırdılar ki, ay fağır-füqəra, hara qaçırsız, biz sizin hökumətinizik axı... Amma torpaqdan pay almış kəndçilərin özləri də hələ arxayın deyildilər, orda-burda söz gəzirdi ki, bəlkəm hər şey yenə dəyişdi. Odur ki, çox adam gözləyirdi... Saday bəyin qaçaq dəstəsində səkkiz yüzə qədər atlı vardı, maksim pulemyotu vardı, biçirdi bizi. O vaxt atlarımızı öyrətmişdik, "yat" deyən kimi yerə yatırdı atlar, yoxsa yatmasaydı pulemyot onları da biçib qırardı.

Heç bilmirəm Saday bəyi kim vurdu, amma meyitini gətirib üç gün divara dirədilər. Bəylər bizə çox ədadillik (əzazillik sözünü bax beləcə də deyir) eyləmişdilər. Yadımdadı, bir bəy məndən keçisini xəbər aldı, görməmişəm - dedim, ayaqlarımı bağlayıb məni kolun qabağına qoydu, götürdü tüfəngini, nişan alıb atdı, kalafaya yıxıldım. Gəlib baxdı, elə bildi ölmüşəm. Canım belə qurtardı. Bəylərin biri yaman ovçu idi, "hər quşun, hər heyvanın çapaladığını görmüşəm - deyirdi - amma insanınkını görməmişəm". Bəli, bir gün bir yazığı heç nədən vurdu gülləynən, qanına qəltan elədi, yanında dayanıb çapalamağına baxırdı, həzz alırdı. Belə adamlar vardı. Əlbəttə, bəylərin hamısı bu cür deyildi. İçində insaflıları da vardı. Bir Nəsib bəy vardı, ədalətli adam idi, belə ədadillik eləyənlərə deyərdi ki, ay nainsaflar, axı bir gün dünya dəyişəsidi, hamısının hayıfını bizdən də, bizim nəslimizdən də çıxacaqlar axı. Bolşeviklər gələndə bəylərdən qaçan qaçdı İrana, Türkiyəyə, bir parası da qaçaq düşdü, tələf olub getdi hamısı... Bir neçəsi NEP vaxtı qayıtmışdı, onlara öz keçmiş fabriklərində iş vermişdilər, çünki dəzgahlardan heç kəsin başı çıxmırdı. Elə ki, dəzgahları əməlli-başlı işlətməyi öyrəndik, daha bəylərə də bir işimiz qalmadı. Hamısını bircə-bircə dənlədilər.

Şahverən kişi danışır, heç nəyi artırmadan, heç nəyi əskiltmədən, düzü-düz, əyrini əyri. Ona görə də bu qoca şahidin sözləri bəsit qəliblərdən qat-qat inandırıcı, etibarlıdır. Mən insan ovlayıb, çapalamasından həzz alan "ədadil" bəyin vəhşiliyinə də inanıram, qurunun oduna yaşın yanmasına da... Siyasi çevriliş qum saatı kimidir. Vaxt yetişəndə saat çevrilir-aşağı yuxarıya, yuxarı aşağıya çönür. Heç bir əzazillik nəticəsiz, qisassız, hayıfsız qalmır. İnsafsızlıq, ədalətsizlik, harınlıq edən bütöv bir zümrə, sinif, dəyişmə, devriliş vaxtı gələndə, saat çevriləndə - öz cəzasına çatır. Bu əzazillər, zülmkarlar arasında tək-tük rəhmdilli varmışsa o da öz təbəqəsinin, öz silkinin ümumi günahına batıb, ümumi cinayətlərində müqəssirdir. Dəyişmiş qum saatdan isə vaxt hey axır, axır, dolanacan, son qum dənəsi düşənəcən...

Xındırıstan kəndi əlbəttə ən çox Qasım bəy Zakirin adıyla bağlıdır. Kəndi Zakirə Natəvanın atası Mehdiqulu xan bağışlayıb. Zakirin evində hazırda xəstəxana yerləşdirilmişdir. Mən gördüyüm vaxt - 1983-cü ilin yayında bu binanın vəziyyəti olduqca acınacaqlı idi. İkimərtəbəli kərpic evin qoz ağacından düzəldilmiş bəzəkli qədimi qapıları bərbad hala düşmüşdü, evin döşəməsi didik-didikdi, ümumiyyətlə, binanın hər bir tərəfi baxımsızlıq ucbatından sökülüb tökülürdü, çürüyüb sovrulurdu. Bu evdə Zakirin yaşadığını göstərən heç bir lövhə-filan da yox idi. Yerli rəssam bizə dedi ki, belə bir lövhə çəkib vurmuşdum, itiriblər... 

***

Dağlıq Qarabağ əskidən bəri iki xalqın - azərbaycanlıların və ermənilərin qapıbir qonşu kimi, həyətbir qonşu kimi, kəndbir qonşu kimi yaşadığı bir diyardır. "Qarabağ şikəstəsi" də iki xalqın birlikdə ifa etdiyi Azərbaycan mahnısıdır. Qəribə və çox qədim bir misal var: "erməni oxuyanda dilin kəsəsən, müsəlman çalanda barmağın". Əlbəttə bu ərkyana zarafatla deyilmiş sözlər düz deyil: Ermənilərdə gözəl oxuyanlar olduğu kimi, məharətli azərbaycanlı çalğıçılar da az deyil. Amma bu sözlərin özgə bir həqiqəti var.

Sazandalar dəstəsində xanəndəylə çalanlar - tarzən, kamançaçı ayrılmaz üçlükdür. Xalq təfəkkürü üç nəfərin içində belə qırılmaz birlik görür. Muğamatı, muğama yatan əruz vəznli qəzəlləri, heca vəznli bayatıları, təsnifləri azərbaycanlı daha yaxşı oxuyar, tarda, kamançada erməni sənətkarların misli yoxdur, üçlükdə hərənin öz əvəzsiz yeri var, biri digəri olmadan musiqi ifa edə bilməz - budur bax, bu misalın dərin hikməti. Babalarımız bunu yüz illər qabaq başa düşmüş, bizlərə də ayrılmazlığı vəsiyyət eləmişlər.

İnqilabdan sonrakı vahid ailə birliyimiz təbii və qanunauyğundur, amma inqilabdan çox əvvəllər də xalqın dilində "din ayrı qardaşlar" ifadəsi yaranmışdır. "Əsli və Kərəm" dastanından tutmuş Nəriman Nərimanovun "Bahadur və Sona"sınacan, Mirzə Cəlilin "Kamança"sından Cəfər Cabbarlının "1905- ci ildə" dramınacan Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərində iki xalqın dostluğu, qardaşlığı yüksək hisslərlə və parlaq bədii boyalarla vəsf edilmişdir. Erməni ədəbiyyatının ən nəcib əsərlərinə də həmin uca amal xasdır. Qəlbi saf vətənpərvərlik duyğularıyla döyünən, eyni zamanda başqa xalqlara da insanpərvər yazıçı, böyük humanist gözüylə baxan Hovanes Tumanyan vaxtilə "Slovo" qəzetində oxuculara müraciətlə yazırdı ki, fitnəkarlar tərəfindən salınmış milli çaxnaşmalar zamanı azərbaycanlıların erməniləri və ermənilərin azərbaycanlıları qoruyub saxlamaqları, qurtarmaqları haqqında müxtəlif faktları ona, H.Tumanyana bildirsinlər. Alovlu Azərbaycan publisisti Hüseyn Minasazov bu çağırışa cavab olaraq H.Tumanyana çox maraqlı faktlar bildirir. Evində qırx ermənini gizlətmiş Hacı Qurana əl basaraq and içir ki, heç kəsi gizlətməyib. Sonra yaxınlarına: "Özüm cəhənnəmdə yanmalı olsam da, qırx adamın canını qurtardım" deyib. H.Minasazov H.Tumanyanın ürək ağrısıyla dediyi sözləri gətirir: "Vaxt var idi, mən elə zənn edirdim ki, belə vəhşiliyə yalnız tatarlar qadirdir. Əfsus, zaman və hadisələr təkzibolunmaz şəkildə sübut etdilər ki, biz bu cəhətdən heç də onlardan geri qalmırıq". Bu faciəli hadisələrin kökünü axtaran H.Minasazov yazır:

"Müsəlmanların da, ermənilərin də arasında elə adamlar var ki, həm mənəvi cəhətdən, həm də maddi cəhətdən yalnız milli ədavət şəraitində, millətçilik nifrəti ab-havasında, balıq tutulması asan olan bulanıq suda yaşaya bilərlər".

Başqa bir yazısında H.Minasazov fikrini belə yekunlaşdırır: "Məsələ ondadır ki, dərin hörmət bəslədiyim Hovanes Tumanyan, siyasətçilər şairlərə, məhz bax Sizin kimi şairlərə qulaq asmaq istəmirlər".

Öz xalqına ən dərin məhəbbət - başqa xalqlara, xüsusilə də qonşu xalqlara, əsrlər boyu bir yerdə yaşadığın və bir yerdə yaşayacağın xalqlara hörmətlə bağlıdır. Mirzə Cəlil qəhrəmanı kamançaçı Baxşının çalğısı da məhz bu böyük həqiqətdən xəbər verir. Qəhrəman yüzbaşının dediyi kimi "haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına...".

Bəlkə, bu kamança Mirzə Cəlilin özünün son günlərində çaldığı kamançadır elə...

Qulaq asın Cəlilin sözünə
Nə ədavət saxlayın,
Nə dava-dalaş salın!
İnsanda insan oyadın!
Kamança çalın!

Kamança çalınsın. Tar ona qoşulsun. Xanəndə oxusun. 

Havalansın Xanın səsi
Qarabağın şikəstəsi.

Hər dəfə "Qarabağ şikəstəsi"ni dinləyəndə, belə olsa da, olmasa da, mənə elə gəlir ki, çalan ermənidir, oxuyan azərbaycanlı. Bir yerdə bu qədim diyarın qədim mahnısını ifa edirlər.

***

Qarabağın mənzərəli yollarıyla rayondan-rayona, kənddən-kəndə, dağdan-dağa, bulaqdan-bulağa gedirik. Yarpaqlarına, boylarına, görkəmlərinə görə müxtəlif ağacları tanımağa çalışıram: çinar, palıd, qovaq, əbrişim, qarağac, vələs. Bunu yazmaqdan utanmıram. Bilməmək ayıb deyil, bilməyib özünü bilən kimi göstərmək ayıbdır. Şəhərdə, tamam başqa şəraitdə böyümüşəm. Təbiətin dilini çox gec öyrənməyə başlamışam. Amma məgər sevəndə əvvəl öyrənib sonra sevirsən? Bəlkə əksinədir, əvvəl sevir, sonra sevdiyimizə bələd olmağa çalışırıq. Azərbaycan təbiətini - bütün bəlirləriylə, bütün al-əlvanlığıyla, bütün çalarlarıyla sevirəm. Kimsə deyib ki, başqa dilləri bir neçə ilə öyrənmək olar, ana dilini bütün ömrün boyu öyrənməlisən. Təbiətin dili də belədir. Ömrüm boyu bu dili öyrənsəm, bəlkə bir gün mən də bu dilə az-çox bələd oldum. Bu dili məndən yaxşı bilənlərdən yorulmadan öyrənməyə hazıram. Eşitdiklərimi bir-bir yadda saxlamağa, mənimsəməyə çalışıram: "Cökə ağacı çox faydalı ağacdır, həm yaxşı kölgəsi olur, həm ətri yaxşıdır. Altından yaxşı su çıxır. Arı da ondan yaxşı şirə çəkir". "Arı sarı ləçəkli zanbağdan, qaratikandan da yaxşı bal yığır". "O palıdın min yaşı var. Palıdı əkəndə rişələri on beş il yerin dibinə gedir, ağac sonra qalxmağa başlayır".

Ağacların öz qəribəlikləri var. Şuşada Natəvan bağında tikanlı akasiyayla tikansız akasiya bir ağacın gövdəsindən bitən ayrı-ayrı budaqlardır. Daşaltı kəndində ağacın bir budağından ağ tut, birindən qara tut dəririk (Şuşa təbiətinin qəribə sirlərindən birini də yeri gəlmişkən qeyd edim: Cıdır düzündə, qayaların birinin içinə balıqqulağı həkk olunub. Görəsən hansı qərinədə buralar dəniz imiş?!).

Qarğıdalı, tütün, barama sahələrinin yanından ötüb keçirik. Böyürtkən, moruq kollarını yoluşdururuq. Zoğal soğançasının, bir azca əvəlikçilovu xatırladan qırxbuğum plovunun dadı damağımızdan getməyib hələ.

Aşıq Valehin, Qurban Pirimovun vətəni Gülablı və qonşu Abdal kəndlərini gəzirik. Şirvan zonasında məzəli lətifələrin çoxu Lahıc kəndiylə bağlıdırsa, buralarda lağlağılar ən çox Zarıslı, Abdal, Gülablı kəndləriylə əlaqədardır, Abdal Qasımın masqaraları, çay üstündən Ə.Haqverdiyevlə etdiyi zarafatlar indiyəcən dildə-ağızda dolaşır.

***

Bu gün yolumuz Laçınadır. Tofiq Mirzəyevlə, buralara film çəkməyə gəlmiş başqa televiziya işçiləriylə, dostumuz Ələkbər İbrahimovla birlikdə Saxsı bulağın, Zarıslının, Turşsuyun yanından keçib Laçına çatdıq, buradan Minkəndə yollandıq. Yolumuz Həkəri çayının sahili boyuncadır. Ətrafda meşələr, Naxçıvan mənzərələrini xatırladan qızartdaq qayalı dağlar... Həkəri çayı zümrüd rəngindədir. Həkərinin sahillərində Sarı Aşığın və onun sevgilisi Yaxşının qəbirləri var. Kənd qəbiristanlıqlarımızın hamısında məzarların üzü cənuba - Qibləyə sarıdır. Bircə Sarı Aşığın qəbrindən başqa.

Aşığı tərsinə qoy,
Tər təni tərsinə qoy
Yaxşını qibləsinə
Aşığı tərsinə qoy.

Həkəri məcrasından ayrılırıq, indi yolumuz Zabux çayın yatağı boyuncadır. Zabux çay xırdaca ləpələriylə pıçıldaşa- pıçıldaşa axır, elə bil sözünu, sirrini, bildiklərini Həkəri çayına çatdırmağa tələsir. Axırı gəlib Həkəriyə qovuşur, sakitləşir, dincəlir, toxtayır. Bu tərəflərin bütün çayları - balaca, böyük - hamısı bir-birinə qovuşa-qovuşa gedib Araza tökülürlər.

Heç vaxt heç yerdə bu qədər su görməmişdim. Buralar sanki su səltənətidir. İti çaylar, buz kimi soyuq bulaqlar, gur şəlalələr (yarğanlar köksündəki ağ şırımlar - selovlarda qurumuş şəlalələrin izidir), yerdən pırtlayıb çıxan fəvvarələr - su, su, su... Dupduru, şipşirin, səpsərin su... Şəffaflığında dibinin al-əlvan daşları sayılan, köpüklənəndə qaynayıb coşan, barmağını donduran, dişlərini gizildədən su...

Bir neçə gün qabaq Bakıda, Bakı-Yevlax yolunda dünyada sərin bir bucağının olmasını ağlımıza sığışdıra bilmədiyimiz kimi, indi də Abşeronun cadar-cadar olmuş torpaqları bizə xəyal kimi görünür. Düzdür, bu dar, burula-burula uzandıqca uzanan dərə də xəfədir, istidir, əsənəyi (hava cərəyanı, yelçəkəni) yoxdur. Amma hər halda bura hara, Bakının bürküsü hara? Həm də iki dəqiqə ayağını suyun içinə salan kimi sərinlik qarış-qarış topuğundan təpənəcən bütün bədəninə yayılır. Elə bil içində daxili kondisioner işə başlayır.

Bakının su qəhətliyini, Abşeron təbiətinin quru, susuz çılpaqlığını yada salanda bu yaşıl vadilərin su bolluğuna həsəd çəkirsən. Hələ bu yaydır. Yazın gürşad yağıntılarında, payızın boz çiskinində, boran, sel vaxtı buraların mənzərəsini təsəvvür edəndə, dağların köksündə oyum-oyum oyulmuş nəhəng mağaralara, kahalara təəccüblənmirsən.

Rastımıza çıxan hər bulağın suyundan içirik. Biri o birindən soyuq, biri o birindən dadlı...

Bozlu, Qarıqışlaq kəndlərindən keçirik, yol burda haçalanır - bu tərəf Qaragöl səmtidir, o biri tərəf Minkənd istiqaməti.

Maşınımız zorla dırmaşa-dırmaşa bizi Minkəndə yetirir. Balaca bir qızdan mağazanı soruşuruq.

- Orda, aşağıdadır - deyir - sallanıb gedəcəksiniz, düz üstünə çıxacaqsınız.

Qızın yanında altı-yeddi yaşlarında oğlan uşağı da var. Bizi çox təmkinlə süzür.

- Mağaza uzaqdadır?

Təmkinini pozmadan:

- Ölçməmişəm - deyir.

Qocalardan kəndin adının mənasını soruşuruq.

- Belə söyləyirlər ki, Teymurləng min kənd qırıb, bura çatanda soruşub ki, bu neçəncisidir? Deyiblər: Mininci. Burda dayanıb. Adı da o vaxtdan Minkənd qalıb.

Söhbət zamanı yanımızda yəhərsiz bir at dayanmışdı. Tofiq özünü saxlaya bilmədi, belinə sıçradı, o baş-bu başa çapdı, qurdunu öldürdü. Operator ən ifadəli sifətləri lentə həkk etmək istəyir. Kənd camaatının bir qismi həvəslə çəkilir, "məni də, məni də çək" - deyir. Bəziləri isə bu işə böyük şübhəylə yanaşırlar: onsuz da heç nə çıxmayacaq, - deyirlər, - aldadırlar, çəkmirlər...

Minkənddən qayıdarkən Laçının "İstisu"yuna düşürük. Maşınımız yol ayrıcında dayanır. Yolun qalan hissəsini ta çayacan piyada gedirik. Yolda qızlara rast gəlirik. Əzgil kolunun budağını qırırlar - Niyə qırırsız ay qızlar? - Zoğunu qaynadacayıq, uşağın qarın ağrısın o saat kəsir.

Dərəyə çatırıq, dərənin dibiylə Zabux çayı axıb gedir. Çayın kənarında xeyli adam var, yüzəcən alaçıq qurulub. Həyat qaynayır. Çayın üstünə ağac kötükləri, iki dirək - arasında da çubuqlar qoyulub, o taya keçmək üçün körpülərdir. O tayda dağın yamacında xalça sərilib, üstündə bir dəstə adam loto oynayır. Bir az aralı manqal qoyublar, kabab bişirirlər, örtük altında masalar düzülüb - ora yeməkxanadır. Bu tayda, alaçıqların yanında da böyük qara qazanlar asılıb - aşı dəmə qoyublar. Samovara kömür salırlar, kəndirdən asılmış balaca dağarcıqdan yerə ağ su damır - sabah bu torbadan süzmə çıxarılacaq. Qoyun qarınlarını üfürüb tuluq ediblər. Dəyələrin içinə yaylı çarpayılar (raskladuşkalar) düzülüb. Məfrəclər, qalaq-qalaq yorğan-döşək tillə vurub qalxıb. Üç yerdə, bir-birindən əlli-altmış metr aralı üç gölməçənin ortasından mədən suyu çıxır. Birincisinə yanaşırıq - gölməçənin ortasındakı borudan yarım metr hündürlüyündə fəvvarə vurur. İçirik. Qazlı sudur, sərindir. Yerlilər deyir ki, bir vaxt yerdən qaynar çıxırmış, geoloqlar artezian vurublar, çayın suyu bu suya qarışıb, odur ki, sərinləşib.

İkinci gölməçə qutularla, kol-kosla çəpərə alınıb; orda qadınlar çimir.

Üçüncü gölməçədə fəvvarənin suyu bir az turşməzədir. Həm də bu fəvvarənin çox qəribə xüsusiyyəti var: Adi vaxt yerdən təxminən yarım metr hündürlüyündə fəvvarə vurur, amma hər saatdan bir üç metr yüksəkliyində fışqırır. Özü də düz hər saatdan bir, əqrəb-əqrəb üstünə gələndə, saatı bununla yoxlamaq olar. Bu da təbiətin bir möcüzəsidir, torpağın nəbzi dəqiq ritmlə vurur.

Sinəsi orden, medallı yaşlı bir arvad bizə tərəf gəlir: - Anar hansınızdır? - Mənəm. -Sənə qurban olum, - deyir. - Mən köhnə kommunistəm, bura bir kömək eləyin, görürsüz ki, nə gündədir.

Camaat ətrafımıza toplaşır. Birisi: mənim böyrəyim ağrayırdı - deyir, - üç il Yessentukiyə getdim, xeyri olmadı, burda on gün su içdim, keçdi getdi. Başqa birisinin qan təzyiqindən, ürək zəifliyindən şikayəti varmış. Ona da bu su kömək eləyib. Maykada, göy idman pijamasında gölməçənin içində uzanmış kişi bizi uzun-uzadı süzür, nəhayət:

- Sizin bizim bu suya nə xeyriniz dəyə bilər? - deyə soruşur.

- Bizim bu suya nə xeyrimiz dəyə bilər, bilmirik, amma bu suyun bizə çox xeyri dəyə bilər.

Ordenli arvad yenə bayaqkı sözünə qayıdır;

- Qurban olum, yazın bu barədə, - deyir, - hayıfdır axı bu su, axıb gedir... Nəinki Azərbaycanda, cəmi Qafqazda belə su yoxdur, hayıfdır, kurort salsınlar, sanatori tiksinlər... Barı bir yolunu düzəltsinlər. Buraları bir az abadlaşdırsınlar. Yoxsa görürsüz də - natəmizlik, filan... Amma gör nə qədər alaçıq qurublar, nə qədər adam gəlib. Əlac üçün gəliblər bura. Köməyi olmasa gəlməzlər ki... Yazın bu barədə, xahiş edirik, yazın...

... Bakıda AHİŞ sədrinin qəbuluna getdim. Zəhmətkeşlərin bu arzularını ona yetirdim... 

***

Elə həmin yay şuşalı dostlarım şair Əli Mahmud və mühəndis Ənvər Quliyevlə danışdıq ki, Qırxqız yaylaqlarına qalxaq. Orda olmamışdım və bu dağlara qalxmaq çoxdankı arzum idi. Gedəcəyimiz günün axşamı Natəvan bağında oturub çayçı Səlimin pürrəngi çayından içirdik. Masamızın başına başqa tanışlar da toplaşmışdı. - Amma səfəriniz çətin olacaq - deyirdilər. - Niyə? - Yol-riz yox, dumana düşə bilərsiniz. Yağış yağar, qalarsız, qayıda bilməzsiz... həm də ki, qurd-quş, ayı... Tüfənginiz-zadınız da yox...

Ayıların oyunlarından cürbəcür əhvalatlar danışmağa başladılar.

- Qəribə heyvandı, adamı silahsız görəndə əliylə gözlərini tutur, guya səni görmür. Amma vay o gündən ki, üstünə silahla gedəsən...

- Day demə - başqa birisi söhbətə qoşulur. - Çobanlar danışırdı ki, bir ayı lap canımızı boğazımıza yığmışdı. Gündə gəlib sürüdən qoyun aparırdı. Axır yığışıb dedik: Ə, sən öl, bu qeyrətdən deyil... Tüfənglərimizi götürüb getdik mağarasının ağzına, pusduq. Bəli, gözlə ha gözlə, ayıdan xəbər çıxmır. Birimiz - da adın çəkmirəm - dedi - ə sən öl, o tərəfdən mağaranın yolu var. Mən gedib ordan güllə atım, bu yana çıxanda siz vurun.

Bəli, getdi mağaranın o biri ağzına, demə bir az gözləyib, bir-iki güllə atıb havaya, birdən qəfilcən ayı çıxıb, pəncəsiylə buna necə qapaz ilişdiribsə tirtap yerə sərilib, tüfəngini alıb, sındırıb atıb, özünü də qamarlayıb aparır. İndi biz də bu tərəfdən görürük, amma bilmirik neyləyək, güllə atsaq çobanı da vura bilərik axı... Ayının da belə adəti var, yamacdan çarx kimi hərlənə-hərlənə dümbələnir. Bu yazığı qamarlayıb yuvarlana-yuvarlana lap yarğanın ağzınacan gətirdi, ordan atmaq istədi. Birdən bilmirəm nə oldu, insafa gəldi, dayandı, çobanı buraxıb getdi. Yazığın bir gözü çıxmışdı, qolu-qıçı sınmışdı, üzünün dərisi soyulmuşdu.

Şuşanın baş həkimi sözə qarışır:

- Bəli lap skalp kimi sıyırıb çıxardır adamın dərisini. Neçə belə yaralı görmüşəm, müalicə etmişik. Öz aramızdır, neçə ilin həkimiyəm, heç bir "ayı vurdum" deyən görmədim, yanıma elə ayının vurduqlarını gətirirlər...

Gülüşürük. Şuşalıların bəzi adətlərinə bələd olduğum üçün düşünürəm ki, bəlkə bu söhbətlər məni - xam adamı - yoxlamaq, ya dolamaq üçündür. Dolaya-dolaya yoxlayırlar, ya yoxlaya-yoxlaya dolayırlar. Hansı olursa olsun, hər halda:

- Mütləq gedəcəyik - deyirəm - Qırxqızın bütün ayıları və canavarları yolumuzu gözləsələr də səfərimizdən qalmayacayıq...

- Əlbəttə, əşi, - deyirlər, -amma hər halda ehtiyatlı olun.

Səhər təcrübəli sürücü Əfqanın idarə etdiyi UAZ maşınımızla yola çıxanda da Əli:

- Sağ-salamat gedib-qayıdaq bu çətin səfərdən, - dedi.

Yol boyu Əli də, Ənvər də cürbəcür əhvalatlar danışırlar. Əvvəl-əvvəl söhbət yenə ayıdan düşür. Buralardakı Peti və Keti dağlarının adları bir əfsanəylə bağlıdır. İki qardaş Peti və Keti ayı ovuna çıxır, bir qardaş ayı vurur, dərisini soyur, əyninə geyir, məzələnmək üçün qardaşına tərəf gəlir. O da bunu həqiqətən ayı bilib nişan alır, təpəsindən vurur. O vaxtdan buranın adı belə qalıb - Peti dağı, Keti dağı.

Əli Bəbir adlı dünyagörmüş bir kişinin söhbətini salır. Bir gün Bəbiri qonşuları toya çağırır. Durub belə bir tost deyir: Deyir bir kişi gəlir xanın yanına ki, ay xan, saa qurban olum, maa bir şey bağışla.

- Nə bağışlayım əə...

- Nə bilim, lap bir dana olsun. Mən də qürrələnim ki, bu dananı maa xan bağışlayıb.

- Əə, get o ilxıdan bəyəndiyin madyanı seç apar, sənin olsun.

Bəli, gedib bir madyan seçir, aparır, madyan da bir dəli qatır doğur, qatır heç kəsi özünə yaxın buraxmır, heç kəs onu nallaya bilmir. Axır bir nalbəndin yanına gəlir ki, bəs hali-qəziyyə belə, nalla bu qatırı, sənə nalı boyda qızıl verərəm, - yox, maa qızıl-zad lazım deyil, amma bir nallanmamış eşşək tap gətir, qatırı da saxla bax orda. Bəli, tapır gətirir, qatırı bir yanda saxlayır. Nalbənd eşşəyi nallayır. - Di indi gətir qatırı. Gətirir. Nalbənd qatırı dinməz-söyləməz sakitcə nallayır. - Nə tövr elədin bunu, a kişi? - Heç nə, qatır gördü eşşəyin nallanmasını, başa düşdü ki, anası xan madyanı olsa da, atası bu qara eşşəkdi...

Ənvər başqa bir məzəli əhvalat danışır, olan hadisədir - deyir; yük maşınında sürücü hazır boş tabut gətirirmiş. Yolda bir oğlan əlin qaldırır. Sürücü maşını saxlayır. Deyir çıx quzova, özü də qorxma, boş tabutdur. Yolda dolu düşür, oğlan girir tabutun içinə, gizlənir, yuxuya gedir, yatır. Yol boyunca sürücü ordan-burdan on beşəcən sərnişin götürür, amma yadından çıxır, bunlara tabut barəsində bir şey demir. Oğlan ayılır. İstəyir bilsin dolu kəsib, yox, tabutu qaldırıb əlini çıxardır. Sərnişinlər: - Vay, ölü xortdayıb - deyə maşından tökülüşürlər. Şoferin xəbəri olmur. Mənzilə çatanda oğlan düşüb sürücüyə bir manat uzadır. Şofer: - Əə, insafınız olsun, on beş adama bir manat?- deyir.

- On beş adam kimdir?

Məsələ aydın olur. Qayıdırlar. Görürlər hərə bir yanda tirtap olub, yıxılıb qalıb. Qıçı burxulan kim, qolu sınan kim...

***

Sarıbaba dağından axıb gələn, gedib Qarqara qovuşan Xəlfəli çayını, Xəlfəli dərəsini keçib Qırxqız dağlarına qalxmağa başlayırıq. Şirlan, Xanlıq pəyə, Xanalılar, İmanqulular, Məmişlər, Allahqulular, Paşalar, Səfixanlar, Cəmillər kəndlərindən ötüb dağların elə qəlbi yerinə qalxırıq ki, burda artıq kənd-kəsək yoxdur. Fərraş kəndi Əligilin dədə-baba yurdudur və bu dağlarda - ta Kəlbəcərəcən - axırıncı kənddir. Fərraş kəndinin Çuxur adlı yerində palıd, ulas (burda vələsə ulas deyirlər) meşəsində Göy bulağın suyundan içirik.

Fərraş çayı dağlardan gəlir və bu yerlərin bütün çayları kimi gedib hardasa Araza qovuşur.

Əlinin əmisi bu kənddə yaşayır, burda qohumları, dostları da çoxdur. Onları biçənəkdə gördük. Qantəpər, ot biçirdilər. Arabir kərəntilərini yiyəylə, bülövlə itiləyib işlərini davam etdirirdilər. Daşları səliqəylə bir yana yığmışdılar ki, biçinə mane olmasın.

Burada Şəvəndəninin yalı deyilən yerdə nadir palıd növü - qırmızı palıd bitir (Qızıl palıd da deyirlər). Qırmızı palıdla əlaqədar neçə illər bundan qabaq bu yerlərdə baş vermiş faciəli hadisə indiyəcən yaddaşlarda yaşayır. Qırmızı palıd yerli camaatın dediyinə görə dünyanın başqa heç bir yerində bitmir. Əsrin əvvəllərində fransız sahibkarları iynəyib-çüynəyib hardansa bu palıdın sorağını eşidiblər. Bu ağacdan misilsiz konyak çəlləyi düzəltmək olarmış. Odur ki, fransızlar bura nümayəndələr göndərib. Fernan və Şapon adlı ata-oğul firəng mühəndisləri bura yol çəkiblər. Bizim maşınımız da indi bu ot basmış, görünməz olub, ancaq ehtimalla müəyyənləşən yolla - güclə sezilən cığırlarla dağlara dırmaşır. Bu yolu ilk dəfə o vaxtlar fransızlar salıb. Qızıl palıd meşəsini qırdırıblar, taxta doğratdırıblar, amma onları apara bilməyiblər. Meşə də zay olub, taxtalar da çürüyüb gedib.

İşlətdikləri adamlara qızıl pulla məvacib verirlərmiş. Bir gün dağların xəlvət yerində quldurlar ata-oğulun qabağına çıxıblar.

Əvvəl oğulu vurublar. Atası: - hələ ölməyib, yaralıdır - deyib - mən onu sağalda bilərəm. Bu da bizim bütün pullarımız, götürün hamısını, yanımızda başqa heç nəyimiz yoxdur. İşçilərə verdiyimiz qızıl pulu Ağdamda bankdan alıb veririk.

Quldurlar:

- Yox məqsədimiz pul, qızıl deyil, siz ölməlisiniz - deyiblər.

Bu sözdən görünür ki, qatillər adi quldur deyilmişlər, həmin cinayəti kiminsə təhrikiylə ediblər (Bəlkə ingilislərin, ya almanların. Axı, Abşeronda ingilislərin, Şamxor, Gədəbəydə almanların iqtisadi marağı vardısa, Qarabağın sərvətləri - ta Müsyö Jordan vaxtından - fransızları daha çox cəlb edirdi və bəlkə biçarə Fernanla Şapon bu maraqlar toqquşmasının qurbanı olublar).

Hər halda məşhur Sultan bəy bunu eşidəndə bərk qəzəblənib, - bu adamlar sizin yerinizi abad eləyirmişlər - deyib- özünüzü dolandırırmışlar, bunları niyə öldürmüsünüz?

Sultan bəy o qatillərin cəzasını verib, hamısını qırıb. Yerli camaatın zehniyyətində də həmin faciə silinməz iz buraxıb. Camaat uzun zaman bu nahaq qanı unutmayıb, onların qəbirlərindən daş götürüb suya, ya ocağa atırmışlar. Belə bir etiqad var ki, nahaq öldürülmüş adamın qəbirindən daş götürüb suya atsan yağış yağar, ocağa atsan gün çıxar.

Əlinin dostu Əhliyyətgildə bir saat qonaq olub yolumuza davam edirik. Qədim torpağımızın yer adları, bulaqların, çayların, dağların adları qulağımda xoş bir musiqi kimi səslənir: Şişqaya, Yaqub bulağı, Ayğır bulağı, Hovlu bulaq, Çınqıl bulağı, Qızıl qaya, Teylə yeri, Keçili dağı, Pəri çınqılı, Ayı çınqılı, Daşlı yurd, Kotan qayası, Pələng qayası, Mıxtokən dağı, Eyvaz dağı, Ayğır qayası, Buzxana, Cərgələr, Piyadələr, Qaçaq Mahmudun mağarası... Hər bir ad əfsanəylə, rəvayətlə, lətifəylə bağlıdır.

Yağlı bulağın suyu çox dadlı olduğu üçün bulağı belə adlandırıblar, yanında iri yarpaqlı lilpər bitir. Bu bitki ancaq təmiz su qırağında bitir. Bulağın başında yeddi-səkkiz oğlan və qız uşağı var. Lilpərin özəyi nazik borucuq kimidir, dərib bu borucuqla bulaqdan su içirlər. Lap kokteyl çubuqlarını xatırladır. Lilpərdən bir azca aralı bitən yarpızın ətri aləmi bürüyüb. Yarpızdan qara boyaq düzəldirlər. Xalq mahnısı yadıma düşür: - Gülün yarpıza dönsün; bizə gül göndərən yar... Nə qədər incə bir qəlbə, nə qədər şairanə bir təbiətə malik olmaq gərəkdir ki, qarğışın da belə zərif, belə xəfif səslənsin.

Yağlı bulağın başındakı uşaqlar demə Məmmədəlinin balalarıymış. Məmmədəli Əli Mahmudun xalası oğludur. Uzaqda görünən də onun alaçığıydı. Əli deyir: - Belə, keçədən düzəldilən alaçığa muxuru deyirlər.

Məmmədəlinin oğlu atasını çağırır. Bir azdan sonra Məmmədəli gəlir. Əlli-əlli bir yaşlarında arıq, arğaz bir kişidir. Çox qəribə, qarabuğdayı, ifadəli sifəti, sivri burnu var. Baxışları dolğun və dalğındır. Doqquz uşaq atasıdır. İndi uşaqlarının hamısı burda, yanındadırlar. Dərs vaxtı gələndə sentyabrın biri üçün hamısı dağılışacaqlar. Məmmədəli arvadı Məndilə bacıyla burda tək qalacaq. Məmmədəli: - mənim aşağılarda nə işim var, - deyir.

Bir dəfə Məmmədəlinin aşağı kəndlərdə vəzifə tutan bir tanışı Bakıdan gəlmiş bir adamla buralara, dağlara çıxır. Tanış adam Məmmədəlinin üstünə düşür: "Kim sənə bu yerlərdə qoyun otarmağa icazə verib?"

Məmmədəli üzünü tanışına yox, Bakıdan gələn adama tutub deyir: - A yoldaş Bakıdan gələn, sən buranın adamı deyilsən, bax bu da sənə özünü göstərir. Çünki özü də çox gözəl bilir ki, icazəni kim və necə verib.

Day mənə dəyib dolaşmadı. Mənim ondan nə keçəcəyim var axı: ətim, südüm, yağım, pendirim, toyuğum, cücəm, yumurtam - hamısı burdadır. Dünyanın ən gözəl bulağı, suyu, ən gözəl otu-çiçəyi burdadır.

Un ehtiyatı da var. Alaçığının qabağında dördayağın - duvağın üstündə arvadı fətir, yuxa yayır, sacda bişirir. Balonda qazı var, olmasa da, oduna, ocağa nə gəlib... Dünyadan nə asılılığı var Məmmədəlinin? Dünyanın ən gözəl guşəsində həyat sürür. "Bircə araq lazım olanda aşağı düşürəm" - deyir. Bizi alaçığına dəvət edir. Alaçıqda nikel çarpayılar, çarpayıların yanında bəzəkli tikmələr. Tranzistoru da var, dünyanın işlərindən də agahdır.

Maşınımızı burda qoyub dağın daha yüksək yerlərinə qalxırıq. Əlinin böyük qardaşı, ferma müdiri Ədilin yanına gedirik.

Xırman kimi düpbədüz yerdə, çıdır yerində dayanmışıq. Duman dümağ çadır kimi üstümüzü, ətrafımızı alır, get-gedə sıxlaşır. Ancaq dörd-beş metri görə bilirik. Duman içində Qəbirli gədiyinə qalxırıq. Bu yaylaqlarda, bu dağlarda ölənlərin qəbiristanlığıdır bura - hər tayfanın öz sahəsi var - Bayat, Sarıcəlilli, Kəbirli...

Dumanın içində üç atlı silueti əfsanəvi yuxunu, nağılı xatırladır.

Dumanda işıq gələn yerə yox, səs gələn tərəfə get - deyiblər. Uzaqdan səslər eşidirik. İtlər hürüşür. Bir neçə addım da gedirik, duman daha da qatılaşır, göz-gözü görmür.

Bir neçə saatdan sonra gecə düşəndə, dumanla qaranlıq bir-birinə qarışıb dünyanı zülmətə çevirəndə dağlardan geri qayıtmağa başladıq. Sürücü Əfqan: - UAZ qeyrətli maşındır - deyir, - bizi sağ-salamat qaytaracaq. Ənvər: - Amma "Niva" UAZ-dan da qeyrətli maşındır - deyir.

Maşınların qeyrətlərinin müqayisəsi nə qədər maraqlı olsa da bu yolsuz yerlərlə maşın sürmək doğrudan da böyük hünərdir. Qaranlıq qatran kimi kip, zil qaradır. Faralar yalnız iki-üç metri işıqlandırır. Yaş otların üstüylə sürüşə-sürüşə dağlara dırmaşan maşınımız indi enişdə daha pis sürüşür. Sürüşüb-sürüşüb harda dayanacağını da bilmirsən, beş qarış o yana sıldırım yarğan, uçurum da ola bilər. Şuşalı dostların ehtiyatlı olmaq barəsində, sağ-salamat gedib qayıtmağımız haqqında söhbətlərinin bir o qədər də zarafat olmadığını yavaş-yavaş dərk etməyə başlayıram. Hardasa it hürür, bu səsə tərəf sürürük maşını. Birdən qaranlığın içindən tutqun bir işıq görünür. Əlində nöyüt çırağı tutmuş motalpapaqlı, çomaqlı, yapıncılı çoban qəfilcən peyda olur. Yolu soruşuruq, nişan verir, yollanırıq, amma iki yüz, üç yüz metrdən sonra cığırın haçalandığını görürük. Hansının ucundan tutub gedək. Əfqan: - Bircə Kalafalara çata bilsəydik, - deyir - ordan yolu əla tanıyıram. Əfqan hər beş-on metrdən bir maşını saxlayır, düşüb baxır - uçurum, yarğan qırağına gəlməmişik ki...

Hardayıq, ha tərəfə getməliyik. İrəli, geri, sağa, sola? "Bircə Kalafalara çatsaydıq". Çatdıq Kalafalara, hətta ordan qonşu kəndə də getməli olduq, bir xəstə qadını əriylə bərabər Şuşaya çatdırmaq lazım idi. Əfqan: - Axı, mənim bu taksim həm də bu kəndlərin təcili yardımıdır - deyir. Şuşaya gecə ikidə çatdıq. Amma bütün bunlar sonranın söhbətidir, indi isə həmin günün gündüzünə qayıtmaq istəyirəm.

Dumanda Əliylə, Ənvərlə, Əfqanla, Məmmədəliylə dağa dırmaşırıq.

Ənvər qəribə bir səs çıxarır və birdən-birə dumandan yüzə qədər qoyun çıxır, bizə tərəf gəlir. Demə, sürü duza gedir.

Qoyunlara iki-üç gündən bir duz vermək lazımdır, amma görürsən bəzən ayda bir dəfə gətirirlər, səpirlər daşa, düzə, sürü gəlib yalayır. İndi də yaman duzsuzlaşıblar. Mövludun "Duzsuzluq" povesti yadıma düşür.

Duman gah tüstü kimi qıvrım-qıvrım, buruq-buruq, gah didilmiş yun kimi didim-didim, gah pambıq kimi dümağ, kipdir. Bəzi yerdə dərələrə döşənir, sonra ağır-ağır qalxır, uçur, azacıq seyrəlir. Otların nəmliyi şehdən deyil, dumandandır. Dağlara çən düşüb. Məmmədəli qışqırır:

- Ədil, ay Ədil, qonaq istəyirsən?

Hardansa hay verirlər. Dumanda səsin yuxarıdanmı, aşağıdanmı gəldiyini təyin etmək çətindir. İtlər hürüşur.

Bir az da gedirik.

- Kimsən orda?

Əli böyük qardaşının səsini tanıyır. Soraq verir.

Səs gələn tərəfə gedirik. Xeyli sonra bir-birimizə tuş gəlirik. Demə, Ədil itləri bağlayırmış. Ədillə görüşürük. Alaçığına tərəf gəlirik.

Bu alaçıq Məmmədəlininkindən bir az fərqlidir. Ulas (Vələs) ağacından olan yan və kədə (qabaq) çubuğunun üstündən brezent, onun üstündən polietilen çəkilib. İçində sobası - buxarısı var, borusu yuxarı qalxır. Alaçıqda qaz pilətəsi, qədim nehrəni əvəz etmiş müasir separator da var. Bu alaçıq Qırxqız dağlarında axırıncı alaçıqdır. Bundan yuxarı heç bir insan yurdu yoxdur. Qoyun kəsirlər. Kabab hazır olana qədər ətrafları bir az da gəzmək istəyirik. Duman bu ara xeyli seyrəlib. Ayğır bulağına tərəf gedirik. Bələdçimiz Məmmədəlidir: - Sizi düz bulağın üstünə aparıb gətirəcəm. Burda mən hər daşa, hər ota bələdəm. Lap duman olsun, gecə olsun, yol tapmağın yüz üsulun bilirəm. - Heç olmasa bircəciyini bizə də öyrət - deyirəm. - Birdən gərək oldu. Məmmədəli: - Bura bax deyir, - əliylə otların yatımını, mailini göstərir, - otun ha tərəfə əyilməsiylə yamacın yalını təyin etmək olar, yamacın yalına qədər otlar bu tərəfə maildir, yaldan o yana, bu biri tərəfə.

Məmmədəliylə tez və asan ünsiyyət tapmaq olur. Ədilin başı qarışıqdır, qonaq qəbul etməkçün tədarük görür, odur ki, onunla çox söhbət edə bilmədik.

Ayğır bulağının göz yaşı kimi dupduru suyundan içib geri - Ədilin alaçığına qayıdırıq. Uşaqlar alaçığın yan-yörəsindən zirə yığıb kababa qatırlar. Bir az xaşxaş dadan bu xırdaca bitkini çörəyə də vururlar. Çomaqlı, iri motalpapaqlı, nurani bir qoca da gəlib. - Gülməmməd dayı. Bu dağların ağsaqqalıdır o.

Alaçığın içinə giririk. Ədilin süfrəsinin başına yığışırıq. Yurd yiyələri təbii qonaqpərvərliklə bizə xoş sözlər deyirlər. Mən də cavab sözü deyəndə, Məmmədəli: - yox, siz başqa, biz başqa - deyir. - Siz xalq üçün işləyirsiniz.

- Bəs siz? Hər şey bir yana dursun, neçə uşağın var? - Doqquz. - Xalqa bundan böyük nə xidmət göstərmək olar?

Söhbət savaddan, bilikdən düşür. Məmmədəli bizim savadlılığımızdan, özünün savadsızlığından danışır. Razılaşa bilmirəm.

- Sən təbiətin dilini bilirsən, - deyirəm, - bu özü məgər ən böyük savad deyil? Düzdür, mən səndən çox kitab oxumuşam, sən bəlkə də mən bilənlərin çoxunu bilmirsən, amma axı mən də sən bilənlərin yüzdə birini bilmirəm. Onu bilmirəm ki, hansı ot hansı dərdin dərmanıdır, onu bilmirdim ki, evin dirəyinə qırmızı əski bağlasan, daha göyərçinlər orda yuva qurmaz. Buluda baxan kimi bilirsən bu gün yağış yağacaq, ya yağmayacaq. Dağlarda dumanda, ya gecə vaxtı yol tapmağın yüz üsulunu bilirsən, mən yalnız bircəsini bilirəm, onu da bu gün səndən öyrəndim.

Bütün bunları xoş sözlərə təbii qarşılıq kimi demirdim, çobanların yanında yerimi şirin salmaq üçün, ya içkinin təsiriylə demirdim. Səmimi deyirdim, çünki məhz elə belə də düşünürəm. Bu sözləri ziyalılara xas olan özünüqaralama, ya "naz-qəmzə" kimi qavramaq da lazım deyil. Qəti əqidəm budur ki, dünyanı kitabxanaların sakitliyində də dərk etmək olar, ucqar təbiət guşələrinin kitabsızlığında, yazısızlığında da. Təbiət qoynunda yaşayıb yağışın, otun, dumanın dilini bilən çobana dərin hörmət bəsləyirəm, amma alayarımçıq bildiklərinə güvənib oxumaq, savadlanmaq istəməyən, bütün bunları bir növ şəninə sığışdırmayan, biliyə, mədəniyyətə yuxarıdan aşağı baxan yazıçıya, alimə hörmət edə bilmirəm. Ziyalı zümrəsindən sayılan, bu həyat tərzinin bütün imtiyazlarından bollu-bollu faydalanan, amma eyni zamanda ziyalılığı burunlayan, mədəniyyəti artıq yük hesab edən, gəmidə oturub gəmiçini bəyənməyənlər tək, şəhərdə oturub şəhərə ağız büzənlər də - məncə, bekara adamlardır. Mən Ədilin, Məmmədəlinin yaşadıqları həyatı dolğunluqla, bütövlüklə yaşamalarına qibtə edirəm. İnsan məhz belə yaşamalıdır. Kənddə, şəhərdə, dağda, kitablar dünyasında - harda olursa olsun məhz öz taleyini, öz ömrünü, öz qismətini yaşamalıdır. Kiminsə başqasının həyatını yamsılamaq, daxilən yabançı məişət tərzini imitasiya etmək ancaq yarımçıqlıq əlamətidir və xalqımızın ən müdrik sözlərindən biri də budur ki: dad yarımçıq əlindən...

Söhbətimiz qızışdıqca daha da mehribanlaşırıq bir-birimizə. Necə deyərlər, südümüz daşır. Məmmədəli:

- Sənin yolunda nə istəsən edərəm - deyir - amma bax bircə bu qoşalüləmi istəmə məndən.

Bu dağlarda yaşayanların hamısı kimi Məmmədəlinin də yaxşı tüfəngi var. Amma bu tüfəngi ondan istəmək mənim heç ağlıma da gəlməzdi. Bir-iki sağlıq da deyirik və Məmmədəli:

- İstəsən lap bu tüfəngi də sənə bağışlayaram - deyir.

Təşəkkür edirəm, qiymətli hədiyyədən imtina edirəm.

Gülməmməd dayıyla, Ədillə, uşaqlarla mehriban görüşüb ayrılırıq. Məmmədəli bizi maşınımızın yanına qədər ötürür. Maşını saxladığımız yerə çatırıq. Birdən Məmmədəli deyir:

- Kim bilir, haçan görüşəcəyik... Bəlkəm heç görüşmədik. Əliylə Ənvəri görəcəm, sən də onlarla görüşəcəksən, amma səninlə mən yəqin bir də heç vaxt görüşmərik.

Gözlərinin dibində qəribə bir kədər var Məmmədəlinin. Qəflətən qəribə bir söz deyir: - Gərək elə bir şey eləyəm ki, yadınızda qalsın.

- Kəlmeyi-şəhadətimizi oxuyaq?

Gülür. Bir söz demədən maşına minir, bizi dağların bu əlçatmaz yerində tək qoyub harasa sürdürür. Heç birimiz burdan yolu tanımırıq. Arada seyrəlmiş duman yenidən sıxlaşıb. Şər qarışır.

Əlidən soruşuram:

- Məmmədəli hara getdi?

- Eşitmədin, bayaq Ədil araq istədi, yəqin getdi aşağıdan gətirsin.

Yarım saat keçir. Maşın haçan qayıdacaq, qayıdacaqmı? Məmmədəli nəyləsə yadımızda qalmaq istəyirdi. Nahaq nigarandır. Əliylə Ənvər onu yaxşı tanıyır, mənim isə onsuz da həmişəlik yadımda qalacaq. Bir az içib. Bəlkə fikri dumanlanıb, başına qəribə bir niyyət gəlib, bizi burda gecələtmək istəyir. Görürəm ki, Əli də, Ənvər də həyəcanlıdırlar. Kişinin bəxşişini, tüfəngi də götürmədik ki, qurddan, ayıdan qabağımıza çıxsa işimizi bilək. Leysan yağış da yağa bilər, yollar keçilməz olar. Ay səni Məmmədəli... Vallah onsuz da yadımızda qalacaqdın...

Gecədir, dumandır, dağdır. Üçümüzdən başqa dörd həndəvərdə nə ins-cins var, nə bir insan hənirtisi gəlir, heç olmasa hardasa nə bir it hürür, qurd ulayır...

... Şübhəsiz bu bir xüsusi şücaət deyil ki, qürrələnəsən, amma heç bir qorxu, vahimə hissi keçirmirdik. Yalnız marağımız vardı; bu işin axırı necə qurtaracaq, bu gecə Şuşaya çata biləcəyik, ya yox. Cibimdə biletim vardı, səhər tezdən Stepanakertdən Bakıya uçmalıydım...

Yarım saat da keçdi.

... Birdən uzaqdan, duman içindən bir səs eşitdik. Uşaq səsiydi, lap o məşhur "Qarabağ bülbüllərindən" birinin səsinə oxşayırdı. Özü də "Qarabağ şikəstəsi" oxuyurdu. Səs get-gedə bizə yaxınlaşırdı. Nəhayət üç-dörd metrliyimizdə duman içindən 10-11 yaşında bir uşağın tutqun siluetini gördük. Bizi görüb dayandı, səsini xırp kəsdi. Mat qalmışdı. Onun təəccübünün bizim təəccübumüzdən artıq olması təbiidir, çünki biz onun səsini eşitmişdik, yaxınlaşmasını gözləyirdik, amma yəqin onunçün dağların bu yerində şəhər qiyafəli üç adamla qarşılaşmaq möcüzə kimiydi. Salamlaşdıq.

- Hardan gəlirsən?

- Çalınmış otların yanında gecə qarovulçusu var, qoca kişidir, onun yanındaydım, indi kəndə düşürəm. Dedi ki, oxuya-oxuya get, mənə də hayan ol.

Bizdən ayrılır, dumanın içinə girib görünməzləşir, amma bir azdan aşağıdan yenə də "Qarabağ şikəstəsi"ni eşidirik.

"Qarabağ şikəstəsi"ni ta uzaqlaşıb itənəcən eşidirik və mənə elə gəlir ki, oxuyan indicə gördüyümüz uşaq deyil. Oxuyan dağdır, torpaqdır, dumandır. Qarabağın özüdür.

Şikəstəsiylə özündən, keçmişindən və bu günündən, bulaqlarından, yaylaqlarından, otlarından, ağaclarından danışır. İnsanlarından danışır.

Oxumasıyla qoca qarovulçuya bir müddət hayan olmuş xoş səsli oğlan da bu qədim havanı keçmişdən gələcəyə aparır.

1983-1985

12:06