LALƏLƏR (poema)

Dahi sənətkarımız xalq rəssamı 
SƏTTAR BƏHLULZADƏ -yə
ithaf edirəm

Proloq
Bir Səməd çeşməsi daşır içimdə,
Bir həsrət Müşfiqi danır sinəmdə.
Ey Tanrım çaşıram bu nə yuxudu, 
Bir Səttar tablosu yanır gözümdə.
Axan göz yaşlarım havada süzür,
Yanan bu tablonun üstünə düşür. 
Lalələr həzz alır göz yaşlarından, 
Hər damla günəşlə sanki öpüşür.
Bir tablo çəkmisiz hər yan lalələr,
Saymaq da çətindi lalə nə qədər?
İllərlə doymadın lalə çəkməkdən,
Hardandı sizdəki sevgi bu qədər?

                      l hissə
           RƏSSAM DÜNYASI
     (dostlarının baxışları ilə)

Bəzən qaş çatırsan Ulu ustada,
Məcnunu Leylisiz atib səhrada,
Yağlı boyalarla kətan üstündə,
Füzuli dünyasın salırsan yada.
Kazbeki yandırıb tüstülədirsən,
Min eşqin ovqatın fikirləşirsən.
Xəzər sahilində hər açan səhər, 
Əsl Məcnuntəki Leyli gəzirsən?
Ləpələr Xəzərə lay-lay çalanda,
Dalğalar quşları qucaqlayanda,
Bu quşlar fırçadan elə qaçır ki,
Özünə yem tapır bu tablolarda.
Arı simfonyasın duyan çiçəklər,
Arıya bal verir, son imkan qədər.
Çəkdiyin lalələr sanki, bal dadır,
Siz Baxı sevirsiz bildiyim qədər.
Arif Məlikovdan söz soruşdular,
Söylədi:"Səttarın öz dünyası var.
Sevdiyi, Füzuli, Baxdı, dünyada,
Bir də çəkmədiyi qalan tablolar".

                   ll hissə
         MAHNİ və TABLO
(dahi sənətkarların lalələri)

Lalələr Rəşidin gözəl səsiynən,
Bəzən də Ceyranın lalələriynən.
Dövlətlər dilində gəzdi dünyanı,
Fəqət: -S.S.S.R-i müjdələriynən.
*
Anlamaq istərəm sizi sənətkar,
Necə yaradırsız bu cür tablolar?
Kölgələr olmasa adi rəssamlar,
Necə çəkə bilir, düşür damcılar?
Hər an xoş görünür, laləli bahar,
Baharın möhtəşəm təravəti var.
İnan lalə gördüm yol kənarında,
Elə bil siz çəkən tablodur ki, var.
Üç fəsil bir başqa yazı sevirsən,
Fırçanla bu qədər çiçək əkirsən.
Hər lalə qönçəsin bir Leyli sanıb,
Sevib, Məcnun kimi əzizləyirsən.
Bu cür tabloları çəkən bəndələr,
Münəççim əllidir, yoxsa fırçalar?
Rəssam gözlərinin dərinliyində,
Görəsən həyatın neçə rəngi var?
Bitsə hər könüldə məncə lalələr,
Pas atar silahlar, donar güllələr.
Olmasa savaşlar daim körpələr,
Hər gün albomuna lalələr çəkər.
*
Niyə tez tərk etdin bizləri Səttar,
Sızladı, buzlaşdı, dondu fırçalar?
Züleyxa gözündə Yusifə bənzər,
Hələ çəkilməmiş neçə tablo var?

Epiloq
Elə ki, yaz gəlir, gül açır çəmən,
Toy-büsat libasın geyinir Vətən.
Günəşli yurdumun tablo ustası,
Səttar gözə gəlir fikirləşmədən.
Sizi hər baharda arayıram mən,
Məlum xəyal ilə calayıram mən.
Hər bitən lalənin boyunu sevib,
Siz çəkən laləni sınayıram mən.
Ötən sərgilərdə görmədim səni,
Səttarsız sərgilər çoxlaşıb yəni?
Yalnız çəmənlərə tutub üzümü
Hay-haray salıram, əzillər məni.
*
Ədalətəm, hüzuruna gəlmişəm,
Məzarına dörd lalə gətirmişəm.
Bunlar bir xəyaldı aqil sənətkar,
Sizin Lalələri heç görməmişəm.
*
Bağrı təmiz qanla dolur Lalələr!
Hər il bu minvalla solur Lalələr!..

Son…
18.04.2013
Ədalət Bədirxanlı
xudaferin.eu

11:06