POEZİYA ÇƏLƏNGİ: GÖZ YAŞI SAXLA, BACIM

NƏRİMAN Qəhrəmanlı

Gözündə bircə damcı,
Göz yaşı saxla, bacım.
Tök qəbrimin üstünə,
Azalsın ağrım-acım.

ÖLÜMƏ GÜLMƏYİM GƏLİR

Ömür sahilsiz dərddi,
Məni dərdin kövrəltdi.
Məni dərdin diriltdi,
Dərdin bilməyən dəli,
Dərddən ölməyən dəli,
Ölümə gülməyim gəlir.

Kimə tutdun üzünü?
Kimə dedin sözünü?
Dərd bilməyən dözümün,
Dərdinə gülməyim gəlir.
Dərdimə gülməyin gəlir,
Dərdini bilməyən dəli.

Qaranlıqdı ölkədə,
Hamı yatıb bəlkə də
Ha yırğala, sirkələ,
Susub açılmır dili,
Ölü, ölməyən dəli,
Dərdini bilməyən dəli.

Bu səbir inanılmaz,
Dərdini ağlına yaz,
Dur qəbrini özün qaz
Ölülər qınanılmaz,
Bilmir ölməyin, dəli,
Ölümə gülməyim gəlir.

NƏYƏ QARIŞIB BAŞIN?

Hələ dünya möcüzə,
Hələ dünya sirlidi.
Ha yudum, təmizlədim,
Dünya üzün kirlidi.

Yetən tüpürür sənə,
Yetən yeddi qat söyüş.
Keşiş dalınca qeybət,
Molla Allaha demiş.

Göylərdən daş da yağmır,
Göydən üzülüb əllər.
And yeri də tapılmır,
Hər yerinə söyürlər.

O balaca tifilin
Necə silim göz yaşın?
Axı Uca Yaradan,
Nəyə qarışıb başın?

GÖZ YAŞI SAXLA, BACIM

Gözündə bircə damcı,
Göz yaşı saxla, bacım.
Tök qəbrimin üstünə,
Azalsın ağrım-acım.

Heç ağı da söyləmə,
O bir damcı bəsimdi.
Anam nəfəsli Bacım,
Hər dəfə sən baxanda,
Əsim-əsim əsirdim.

Laylasız böyümüşəm,
Nəfəsindən almışam,
Anamın qoxusunu.
Ürəyimdən silmişəm,
Yetimlik qorxusunu…

 

Mənbə:fedai.az

Xudaferin.eu

10:53