Qulu Məhərrəmli: "Rafiq Əliyev bu addımı ilə yeni dalğa yaratdı və mürgüləyən ənənələri oyadır"

 

Dünya çapında tanınan alim professor Rafiq Əliyevin ustadı Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası elmi mərkəzə bağışlaması böyük rezonans yaratdı. Rafiq Əliyev vəsiyyət edilən pul məbləğini “heç vaxt şəxsi məqsədlərim üçün sərf olunmayacaq” deyərək, prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Rafiq Əliyevin bu addımı fədakarlıq kimi qarşılanıb. Amma əslində, professor bu addımı ilə həm də bir növ, çağırış etmişdi.
 

Rafiq Əliyevin bu jestini dəyərləndirənlər arasında professor, media eksperti Qulu Məhərrəmli də var. Qulu müəllim açıqlamasında Rafiq Əliyevin bu addımı ilə yeni bir dalğa yaratdığını bildirib: “Azərbaycanda hazırda iqtisadi şərait ağırdı. Maliyyə çatışmazlığı var, insanların çoxu banklara borcludurlar. Belə şəraitdə pul amili çox həssas məsələ olur. Amma bütün bunlara baxmayaraq, istənilən şəraitdə insanın bir mənəvi kriteriyası, mənəvi seçimi, mənəvi dəyərlərə bağlılığı var. Hesab edirəm ki, Rafiq müəllimin bu addımı özünə hörmət edən əsl alimin, əsl vətəndaşın hərəkətidir. Ona pul formasında maddi miras qoyulur. Amma həmin pulu şəxsi işləri üçün deyil, təhsil, elmin inkişafı naminə sərf edir. Bu, çox yaxşı nümunədir. Düzdür, hər alimə nəsib olmur ki, ona pul mirası qoyulsun. Amma Rafiq müəllimin Lütfi Zadə ilə birgə tədqiqat işləri, elmi fəaliyyəti olub. İndi görün Lütfi Zadə də nə qədər vicdanlı, dürüst bir insandı ki, birgə layihələrdən gələn pulun müəyyən hissəsini öz varisinə verir. Bu, dürüstlük əlamətidir. Rafiq müəllimin hərəkəti isə əsl nümunədir. Bizim iş adamları, imkanlılarımız doğru-dürüst pul qazananlar üçün, pullarını düzgün yolla, özünün zəhməti, zəkası ilə pul qazananlar üçün bir nümunədir. Azərbaycanda bu yeganə addım deyil. Ancaq son illər elm naminə təhsil naminə puldan imtina etməklə Rafiq müəllim bir impuls verdi, dalğa yaratdı. Bunu yalnız və yalnız təqdir etməliyik. Rafiq müəllim cəmiyyətimizin mürgüləyən ənənələrini oyatmağa çalışır ki, bu da çox vacib bir addımdır".

Elmin Nuri

 

09:48