Postmodern anlamda milli düşüncə yolu

Çağdaş Güney Azərbaycan ədəbiyyatının yeni nəsil yazarlarından biri də Saray Məhəmmədrzayidir. Onun  şeirlərinin, köşə yazılarının dəyəri sözün və fikrin hərəkətliyi üzərində köklənib. Ortaçağ dönəmindən indiyə qədər ədəbiyyatımızda hakim olan panteist ədəbi düşüncədən tamamilə uzaq olan Saray xanımın əsərlərində daha çox XXI yüzilin şərtlərində yer alan dinamizm və hərəkətlilik, sosiallaşma, düşüncələrdə hər an yaşanılan duyğuların özəlliyi üstün səviyyədə öz bədii yorumunu gündəmə gətirilir. Bu proses Güney Azərbaycanın çağdaş ədəbiyyatında və ədəbi görüşlərində indi ən çox dəbdə olan yönəmdir. Beləliklə postmodern düşüncə tərzinin zamanla bir araya gəlməsi düzəni də gəlişməkdədir. Belə bir yanaşım tərzi isə, Güney Azərbaycan ictimai və ədəbi, estetik və bədii düşüncənin zamanla eyni bir biçimdə düzənlənməsi olaraq bütün olması deməkdir.      

Qadınlığımın kor bucağı

Modernlik marşı çalınır…
Məni ələ salıb
Hır-hır hırıldayırlar…

Bütün qurultaylara səpilirəm…

Qadın adlandırıb
Üsyanı öyrədirlər
Kişi öyrətmənlərim...

Möcuzə deyiləm daha,
şairlərin çürümüş şerlərini
canlandıran sevgiliyəm.

Küçələrdə evcik-evcik
oynayan qızam,
Qolçağıma süd verib
yemək hazırlayıram
çalışqan kişimə!..

Bığıburma lələlərin
Sifətinə tüpürüb
Artıq femenist olmağı da
başdan atıram.

Anamın bətninə doluram
Qadınlığımın kor bucağına…

 

Çox da yekə deyiləm

Yekə - yekə cırmağıma baxmayın,
Çox da yekə deyiləm.
Boyum 165 sm,
Çəkimim 60 kg.

Bir az diqqətli olsanız
Bu boyda, bu çəkimdə adamın,
Heç bir kimin yerini
Dar etməməyini anlayarsınız,
Vaxtsız banlayan yazıq xoruzların da...

Yerini dar edib vaxtsız banlamazsınız,
Adım "Günəş Tanrısının oğlu" anlamını daşısa da
Gözlərinizi qıya – qıya
Baxmayın adıma...

Günəş Tanrısının oğlu da deyiləm,
Sadəcə
Anamın iztırablarından
Boy atıb, boylanan,
Günəşdən çörəyi çıxan
Bir əkinçinin balasıyam.
Ayaqyalın bir uşağam...

Böyüyüb,
Böyüyüb...
Yekəlib bu günə düşmüşəm.
İşim – peşəm
Ona – buna sataşmaq,
Onunla – bununla atılışmaqdır...

İlan ilində dünyaya ayaq basdığım üçün,
Dilimdən zəhər tökülür...
Zəhərimin xasiyyəti
Yalnız çürük canlara
Qaşınma salmaqdır...
Hərdən haraya-həşir çəkib
Özümdən çıxsam da
Çöx uzağa gedən deyiləm...

Tez qayıdıram özümə,
Ancaq öz aramızdır
Hərdən sizin də qarnınıza sancı dolanda
Qarnıma sancı doldurmaq istəyirsiniz...

Doldurun,
Doldurun...
Hər nə edirsiniz, edin,
Amanın günüdür

Köhnə tiyə kimi dör götürüb
Özünüzdən çıxanda
Çox uzağa getməyin,
Bir kasa su için
Tez qayıdın özünüzə...

Tanrı göstərməsin,
Dilim lal olsun.
Yoxsa itərsiniz
Bir ömürlük özünüzü tapmağa,
Sadəcə həsrət yeyərsiniz...

 

Duyuram əllərini

Duyuram əllərini,
Ölüm sayağı gülüşlərini...
Hiss edirəm
Həyatın nəfəsində
Daşlayıram tanrını,
düyünləyirəm gözlərinə...

İblisin düyünlərini
Hər gecə əllərinlə gözlərimə
Yaşıl kölgə çəkirsən...
Qadınlığımdan intiqam alırsan.
Eşidirəm dodaqlarında
Hələ davam edir
Tanrı ilə İblisin savaşı...

Sən mənim,
Mən sənin olandan,
Nə sən mənim oldun,
Nə mən sənin...

Bir gün oxuyacaq
Bütün quşların səsi
Zar - zar zarıltılarımı...

Döşlərini soran qoca,
Qadınlığını soyundu,
Əkdiyini doğdu,
Sevmədi qadın...
Bunu İlk dəfə
Sarayın gözlərində boğulan
Sulara söylədi...

Qıvrım qıvrım saçlarım
Qara dərili bir oğlan uşağı
Təcavuz edir hər gecə yatağıma...
Sapsarı saralır,
İyrənclik qoxuyur bətnində...

Küçə başındakı qocanın
Gözlərindən xəbər al məni...
İçimdə bir qatil yaşayır,
Səhər çağı oyatmayın onu...
Televizyondakı carçı deyirdi:
Dün gecə
Ulduzların sayı az gəlib....

 

Üç qısa şer

Addımlayıram
Bu şəhərin qəbristanlığında,
Ağaclarını yazıram
Əllərimi təpirəm gözlərimə
Buz donub qəbirlər...

Dünyanın ən çirkin qadınıyam,
Rənglər bürüyüb məni özünə...
Bətnimdəki uşaq
Ağlayır hər gecə.
Damır göz yaşları içimə,
Hitleri nədənsə sevirəm,
Napelonu daha artıq...
Dünyanın ən acı qəhvəsiyəm
Şəkər qatsalar da,
Qaçmıram çirkinliyimdən...

Qaranlıqda batır səsim,
Pəncərədə çəkirəm bir ürək şəkli.
Küçədəki uşaq
Qar topu atır
Oxlayır ürəyimin başını...

 

Göy,
Qara çarşabına bürünür.
Cinayət dalğalanır,
Bir qadının
Qərənfil dodağında...

Anam yerikləyəndə,
Atam iməklədi…
Və mən
İlk dəfə səninlə sevişdim.

Bunu gözlərindən bilmişəm
Xəyanət etsən,
Daha məni sevməyəcəksən... 

 Saray Məhəmmədrzayi

13:11