Oğurluq halları niyə artıb?- Kasıblıq, borc, dolanışıq problem…

 

“Bir çox hallarda baş verən hadisələr qeydiyyata alınmır, ört-basdır edilir”

Əli Orucov: “İnsanların dolanışığıçətinləşdikcə, bu cür neqativ hallar daha da artacaq”

Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olması barədə xəbər vermişdik. Məlumata görə, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu gün ölkədə oğurluq adi hal alıb. Oğurluqdan zərər görənlər təkcə evlər deyil. Demək olar ki, ölkədə iri supermarket şəbəkələrində oğurluq, basqın halları olub. Çoxsaylı müşahidə kameralarına baxmayaraq belə halların qarşısını almaq mümkün olmur. Bəzən oğurluq, basqın olan kimi polisə müraciət edilsə də, lakin heç də həmişə polis oğurluqların üstünü aça bilmir. Bu cün cəmiyətimizdə belə bir fikir formalaşıb ki, oğurluğu, basqını təkcə kasıb adamlar edir. Amma bəzən oğurluq, basqın edənlərin bir çoxu bunu özlərində sadəcə “peşə vərdişi” kimi formalaşdırıb. Bu gün Azərbaycan sabitliyin qorunduğu ölkə kimi tanınır. Maraqlıdır, bu cür hadisələri törədənlər ehtiyacdan edir, yoxsa qəsdlə sabitliyə təhlükə yaradırlar?

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, ölkədə işsizlik və sosial gərginlik çoxaldıqca, həmçinin insanların yaşayış tərzi çətinləşdikcə cinayətkarlıq da artır: “Xüsusən də soyğunçuluq və qarətlə bağlı hallar geniş vüsət almaqdadır. Hələ açıqlanmayan nə qədər məlumatlar var. Məlum olduğu kimi bir çox hallarda baş verən hadisələr qeydiyyata alınmır, ört-basdır edilir. Ona görə də Azərbaycan istəyir göstərsin ki, kriminogen vəziyyət nəzarət altındadır. Amma əslində çox ciddi problemlər var. Cinayət işinin açılmamış qalması, hüquq-mühafizə orqanlarının korrupsiyaya uğraması, xüsusən də şəbəkələşmiş xarakter alması bu tipli faktların araşdırılmasına əngəl törədir. Hesab edirəm ki, ölkədə insanların dolanışığı çətinləşdikcə, bu cür neqativ hallar daha da artacaq. Vəziyyətdən çıxış yollarını təkcə inzibati yollarla almaq mümkün deyil. Çünki hər kəsi həbsə atmaq yolverilməzdir. Bu işlərin qarşısını almaq üçün ilk öncə əhalinin iqtisadi və sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Amma getdikcə oğurluq, dələduzluq, quldurluq kimi cinayət hadisələri daha çox artır. Təbii ki, bu, narahatverici haldır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:35