Nemət Əliyev: “Təqdim edilən statistika inandırıcı deyil”

 

Qeyri-neft sektorunda enmələr davam edir

2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumdaxili məhsul istehsalı keçən ilin eyni dövrüylə müqayisədə 0,4 faiz artıb. Dövlət Statistika Komitəsi əhalinin hər nəfərinə düşən ÜDM-in 1035,6 manata bərabər olduğunu xəbər verib. Məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olub.

İqtisadçı ekspert Nemət Əliyev söyləyir ki, təqdim edilən statistika heç də inandırıcı deyil. Ekspertə görə, iqtisadiyyata yatırılan investisiyalarda, kapital qoyuluşunda artım varsa, ÜDM-in artımı bəlkə də baş verə bilərdi: “Lakin bu sahədə göstəricilər hələ də azalmaqda davam edir. Neftin qiymətinin artması hesabına bu sektorda gəlirlər arta bilər. Qeyri-neft sektorunda isə vəziyyət mənfidir və geriləmələr çoxdur”.

N.Əliyev deyir ki, ötən il iqtisadiyyata yerli investorların kapital yatırımı 15 milyard dollardan 4 milyard dollara qədər endirilib. Real mənzərəni nəzərdən keçirəndə, qeyri-neft sektorunda artımdan danışmaq hələ çox tezdir: “Bu sektorda enmələr davam edir. Yerli və xarici investorlar iqtisadiyyata kapital qoyuluşuna maraq göstərmirsə, bu sektorda konkret nəticə olmayacaq”.

 

Nigar
Azadliq.info

 

06:58