“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd olunub

Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə muzeyin direktor əvəzi Kəmalə Tahirova çıxış edərək mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olduğunu bildirib.

Kəmalə Tahirova vurğulayıb ki, jurnalın “Molla Nəsrəddin” adı ilə fəaliyyətə başlaması naşirin və əməkdaşların qədim və zəngin milli xalq ədəbiyyatı ənənələri, güclü Şərq koloriti ilə sıx bağlılığını göstərirdi. Cəlil Məmmədquluzadə mövcud şəraitdə satirik gülüşə olan ehtiyacı xatırladaraq yazırdı: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

“Azərbaycan ədəbiyyatının böyük ustadı” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Hüseyn Həşimli qeyd edib ki, Cəlil Məmmədquluzadə ədəbi-ictimai fəaliyyəti ilə ədəbiyyat tariximizdə xüsusi yer tutur. Görkəmli sənətkarın başlıca məramı Vətənə, xalqa xidmət idi. Böyük söz ustadı Cəlil Məmmədquluzadə cəmiyyətdəki və mənəviyyatdakı nöqsanlara qarşı satiradan ən kəskin bir silah kimi istifadə edirdi. Onun yaradıcılığındakı bədii gülüş çox rəngarəng, mənalı və məzmunludur.

Tədbirdə Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyevin “Molla Nəsrəddin necə yarandı?”, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərlinin “Mollanəsrəddinçi rəssamlar” mövzularında çıxışları dinlənilib.

Sonra Naxçıvan Qızlar Liseyinin şagirdləri Cəlil Məmmədquluzadənin hekayə və felyetonları əsasında hazırlanan kompozisiyanı təqdim ediblər.

Tədbirin sonunda “Molla Nəsrəddin – 112” sərgisinə baxış olub.

Xudaferin.eu

14:19