Güneydəki tariximiz gizlədilir

Samir Məmmədov

Güneydəki tariximiz gizlədilir

İran dərsliklərində Quzey Azərbaycan öz torpaqları kimi göstərilir və tezliklə bizim əraziləri rusların işğalından xilas edəcəklərini yazırlar. Güney Azərbaycandakı bütün qədim xəzinələri çıxaran Rəfsəncaninin oğlu onları Avropa banklarına yerləşdirir.

Güney Azərbaycanın tarixi bir o qədər araşdırılmayıb. Araşdırılsa belə, İran hakimiyyəti bu barədə dərsliklərin və ya əsərlərin yazılmasına imkan vermir. Bu gün İranın orta məktəblərində tədris olunan tarixdə nəinki Güney Azərbaycan, hətta Şimali Azərbaycan belə farsların tarixi torpaqları kimi göstərilir və qeyd olunur ki, gec tez həmin torpaqlar geri qaytarılacaq. Təbrizin 15 kilometrliyində yerləşən Kəndivan qəsəbəsi sözün əsl mənasında Güneyin hansı qədim yaşayış məntəqəsi olduğunu ortaya qoyur. Belə ki, bu qəsəbə iki dağın arasında yerləşir. Bir tərəfində sıldırım qayalar, digər tərəfində orta hündürlüklü dağlar sıralanıb. Hündür qayalıqların başları papaq kimi ucları şişdir və onların hamısı bu gün evdir. Sakinlər deyirlər ki, ta qədimdən insanlar burada qayaların içində yaşayıblar. Elə indinin ev də deyil, məhz həmin mağaralarda yaşayırlar. Tarixçilərin təxminlərinə görə, Kəndivan ən qədim yaşayış məntəqələrindən biridir və buranın tarixi təqribən 5000 ilə yaxındır. Qeyd edək ki, bu ərazilərdə yerin altı da mağaralardan ibarətdir. Kiçik təpəliklərlə hərəkət etdiyin zaman qarşına çıxan ən adi bir oyuqa belə etinasız yanaşmaq mümkün deyil. Çünki həmin oyuqları azacıq genişləndirdikdə məlum olur ki, onun altı mağaradır. Mağaraların içində isə insanın yaşaması üçün bütün imkanlar var. Yəni qədim insanın yaşamasından söhbət gedir.
Elə Təbrizin özü də qədim yaşayış məntəqəsidir. Son iki ildə bu şəhərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, Təbrizin yaşı təqribən 4000 ilə yaxındır. Çünki yeni tapılmış qədim mədəniyyət abidələri bunu deməyə əsas verib. Ən maraqlı hadisə isə iki il əvvəl reallaşıb. Deməli, gecə yolları təmizləyən zibilçilər Rastaküçə məhəlləsinin ortasından keçən böyük yolun yarısının çökdüyünü görüblər. Əvvəlcə zəlzələnin olduğunu düşünən işçilər bədbəxt hadisənin baş verib-vermədiyini araşdırmağa başlayıblar. Lakin görüblər ki, uçmuş yerin altında böyük bir xəzinə var. Gücləri çatan qədər oradan qızıl götürüb aradan çıxan zibil yığanlar səhər həmin ərazinin ordu tərəfindən mühasirəyə alındığını eşidiblər. Bəzi məlumatlara görə, uçan yer bir zamanlar hansısa şahın xəzinəsi olub. Oradan çıxarılan qızıl və znət əşyalarının miqdarı isə tonlarla ölçülür.
Bu əsnada bir maraqlı faktı da diqqətinizə çatdıraq. Güney Azərbaycanın Qaradağ mahalında iki ildir araşdırma aparan xüsusi qrup fəaliyyət göstərir. 200 kvadrat kilometr ərazini bütünlüklə araşdırmaq tapşırığı almış bu adamların xəzinə axtardığı məlum olub. Onların Rəfsəncaninin adamları olduğu bildirilir. Qeyd edilir ki, Rəfsəncaninin oğlu bu işlərə başçılıq edir və buna səbəb də bir müddət əvvəl həmin ərazidə dağın yarılması və oradan böyük bir xəzinənin üzə çıxması olub. Belə ki, üzə çıxan xəzinə barədə xəbər tutan sözügedən şəxslər iki saat ərzində ərazidə olublar və bütün dağı kamflyuj ediblər ki, kimsə nəyin baş verdiyini bilməsin. Xəzinə axtarılan ərzidə isə qədim dövrlərdə bir-neçə xəzinə basdırıldığı barədə məlumatlar mövcuddur. Çünki qədim xəritələrdə bu ərazilərdə iki şaha məxsus xəzinənin gizlədildiyi vurğulanıb. Bundan sonra da orada qızıl axtarışları davam edir. Bu yaxınlarda həmin xəzinələrdən biri tapılıb. Oradan 15 ton qızıl tapıldığı bildirilir.
Vərziqandan geri döndüyümüzdə yolun kənarındakı çöllüyün ortasında çal-çağır, vur çatlasın, çal oynasın gördük. Əvvəlcə elə bildik ki, kənd cavanları güləşirlər. Amma yaxınlaşdıqda özümüz də gözümüzə inanmadıq. Çünki qarşımızda olduqca maraqlı və əsrarəngiz bir mənzərə vardı. Qadınlar qədim Azərbaycan xanımları kimi geyinmişdilər. Kişilər mümkün qədər müasir dəbə uyğun geyimlərlə özlərini bəzəməyə çalışdılar. Cavanlar bir kənarda güləşir, sazla qaval isə adamın sümüklərinə düşən oyun havalarını çalırdı. Sən demə, burada elat toyu varmış. Biz gəlib oğlan evinin qızı aparmasına çatmışıq. Elə biz də ev sahiblərinə qoşulub oynamağa başladıq. Bizə şirniyyat, noğul, şərbət verdilər ki, bu da toy sovqatıdır. Çadır və alaçıqlara girib bəylə gəlini də təbrik etdik. Çox maraqlıydı. Toy sahibindən soruşduq ki, bu adət-ənənə haradan qalıb. O da cavabında bildirdi ki, gözlərini açandan belə görüblər. "İndi işin bir az zayı çıxıb. Əvvəllər gəlini dəvə ilə aparardıq. Oğlanlar at minib cıdıra çıxardı, yarışardılar. Birinci olana hədiyyələr verərdik. İndi maşınla gəlirik, maşınla da gedirik. Heç nəyin ləzzəti qalmayıb".
Müasir toyların fərqli olaraq, elatlarda hələ də sazdan, qavaldan istifa edilməsinin səbəbini soruşduqda isə qız atası dedi ki, onlar özləri belə istəyirlər. "Aşıq Mənsuru gətirmişdik dünən. Onun çaldığı sazı kim çala bilər? İndiki cavanlar diringi (yəni müasir mahnılar) mahnılara qol qaldırıb oynayırlar. Axı bundan nə ləzzət alırlar? Biz dədə-babadan belə görmüşük. Sazla, qavalla, zurnayla olan toyun xeyir-bərəkəti də olur, ailələrə də xoşbəxtlik gətirir".
Nəhayət, iş gəlib çatdı gəlini aparmağa. Gəlin qızımızı alaçıqdan çıxarıb bir az saxladılar. Qardaşı, atası, anası gəlib xeyir dualarını verib geri çəkildikdən sonra isə qohumlar nəmər bağışlamağa başladı. Maraqlı orasıydı ki, bəyin atası gəlinin yanında durub nəmər yığırdı və pul verən adamların adlarını bir-bir ucudan çağırıb, pulu nümayiş etdiridi. Bunun da səbəbini soruşduqda ev sahiblərindən biri dedi ki, bu da adət-ənənədir. "Qədimdən belə deyiblər ki, köçən qıza, evlənən oğula cehiz vermək lazımdır. Biz də onlara pul veririk ki, bəlkə ürəklərindən başqa bir şey keçər alsınlar. Məsələn, qızıl ala bilərlər, oğlan sürülərini artırmaq istəyər və s. Nəmər verməklə onlara bir növ dəstək olmağa çalışırıq".
Qızı apardıqdan sonra elat camaatı mənim Bakıdan gəldiyimi bilib ətrafıma yığışmağa başladılar. Hərə bir sual verirdi. Ordakı adət-ənənələrdən, elatların olub-olmadığından, bizim toylarımızın necə keçdiyindən, hansı aşıqları tanıdığımızdan və s. o qədər suallar verdilər ki, axırda yoruldum. Amma çox zövqlü olduğundan bircə-bircə suallarını cavablandırmağa çalışdım. Sonda isə məndən xahiş etdilər ki, Novruz bayramına 20 gün qalmış Muğana gəlib, oradakı toyda iştirak edim. Mən də söz verdim ki, hökmən gələcəm. Güney Azərbaycanda yaşayan soydaşlarımızın adət-ənənələri də bəzən çox fərqlənir. Məsələn, bizdə yas mərasimləri çadırlarda təşkil olunur. Amma Güneydə bu məscidlərdə təşkil edilir. Molla Quran oxuyub, ölənə rəhmət oxudub, salvat verdikdən sonra hamı əvvəlcədən xəbərdar olunmuş restorana yola düşür və orada ehsan yeyib, çaylarını içdikdən sonra evlərinə dağılışırlar. Övladı və ya yaxını dünyasını dəyişən ailəni heç vaxt tək qalmağa qoymurlar. Onları hər gün qohumlardan biri qonaq çağırır. Səbəb də budur ki, yas evini darıxmağa qoymasınlar. Digər bir maraqlı adət-ənənə odur ki, Güneydə qohumlar hər ay bir dəfə ən azından bütün əqrəbanı evinə yığmalıdır. Belə ki, qabaqcadan qohumlara deyilir ki, filan tarixdə filankəsgildə yığışacaqlar. Şam yeyib, bir xeyli danışdıqdan sonra bəzən bu qonaqlıqlar əyləncəyə də çevrilir. Belə ki, mahnı qoyub, cavanları ortaya çıxarırlar ki, rəqs eləsinlər. Bir başqa maraqlı adət də toyla bağlıdır. Bizdən fərqli olaraq, Güneydə toylar restoranlarda və ya şadlıq evlərində keçirilmir. Əksinə, onlarda toyun yeməyi bir restoranda verilir, çalıb-oynamaq isə tamam başqa yerdə gerçəkləşdirilir. Bildirək ki, İranda mollaların qoyduğu qaydaya görə, toy çalğı ilə olmamalıdır. Buna görə də toy sahibləri məcburiyyət qarşısında qalıb əvvəlcədən polislə anlaşıb, ona "toy şirinliyi" verərək məsələni həll edir ki, problem yaşanmasın. Əksər hallarda insanlar övladlarının toyunu məcburiyyət qarşısında qalaraq şəhərin kənarındakı villalarda keçirməli olurlar. Çünki buralar həm gözdən iraq, həm də könüldən uzaqdır. Polis gələndə də onu asanlıqla yola salmaq olur. Toyda bəylə gəlin hər vaxt durub oynaya bilməz. Onlar yalnız toyun sonunda rəqs edə bilərlər. Buna kimi isə bütün qohumlar, dostlar, tanışlar bir-bir gəlib bəylə gəlinlə görüşüb, onlara gətirdikləri hədiyyələrini verirlər. Buraya adi qabdan tutmuş, 10-luq qızıla kimi hər şey daxildir. Mümkündür ki, hədiyyə gətirməyəsən. Çünki onlarda belə bir adət yoxdur ki, hədiyyə məcburidir. Əslində, bu mənim görə və öyrənə bildiklərimdir. Bizim oraların adət-ənənələri o qədər çoxdur ki, gəl görəsən. Hamısı da bir-birindən rəngarəng, gözəl və maraqlı. Hamısının öz mənası və əhəmiyyəti mövcuddur. Onlar haqqında qəzetdə müfəssəl məlumat vermək üçün isə bizə ən azından 5 il vaxt lazımdır. Azərbaycan torpaqlarından ayrılırıq. Üzü Tehrana tərəf gedirik. Yol boyu Azərbaycan şəhərlərində dayanıb, ya yemək yeyirik, ya da çay içirik. Təbrizdən Tehrana isə 700 kilometrdir. Avtobanla bu yolu 5 saata getmək mümkündür. Amma dəlilik edib istənilən sürətlə maşını sürə də bilərsən. İndi Təbrizdən Tehrana bir başqa yol da çəkilir ki, onun pullu olacağı deyilir. Həmin yolda isə sürət həddi olmayacaq. Beləliklə, Tehrana yaxınlaşırıq. Ətrafı ilə birlikdə 27 milyon əhalisinin olduğu deyilir. Təbrizdə mənə bildirdilər ki, Tehranı gördükdən sonra özünü bir anlıq Avropadakı kimi təsəvvür edəcəksən. Çünki bu şəhərdə İslam qaydaları insanlar üçün yoxdur. Və orada hər kəs necə istəsə, elə də yaşayır.

Bakı-Təbriz-Bakı

Xudaferin.eu

20:29