Deputatlar 50 ailəni aldatdı

“Avtovağzal” metrostansiyasının inşası ilə əlaqədar Binəqədi rayonu  “Motodrom” ərazisində sakinlərinin evlərinin sökülməsi narazılığa səbəb olub. Sakinlərin sözlərinə görə, evlərinin sökülməsi müqabilində təyin edilmiş kompensasiya onları qane etmir və evlərinin sökülməsinə razılıq verməyəcəklər. Ümid yeri kimi Milli Məclisə üz tutan ailələr millət vəkilləri tərəfindən aldadıldıqlarını iddia edirlər.

Sakinlərin verdiyi məlumata görə, onlara Milli Məcilisdə keçiriləcək toplantıda həmin ərazidə məskunlaşmış və evinin sökülməsi planlaşdırılmış 60 sakinə yüksək kompensasiya verilməsi məsələsi müzakirə ediləcəyi və bununla bağlı qərar veriləcəyi bildirilib. Lakin məsələ Milli Məclisdə müzakirəyə çıxaırlmayıb və sakinlərin problemi həllini tapmayıb: “Onlar bizi aldatdılar. Burada 60 ev siyahıya düşüb ki, sökülsün. Cəmi 8 ailə razılaşıb. Hər kvadratmetrə 600 manat təyin ediblər. 50 ailə bundan narazıdır və evlərindən çıxmayacaq. Bizi millət vəkilləri aldatdılar. Getdik Milli Məclisə ki, dərdimizi onlara, millətin vəkillərinə deyək. Onlar da qəsdən bizi sakitləşdirmək üçün dedilər ki, noyabr ayının 30-da sizin məsələyə baxacağıq, kompensasiyanın artırılması üçün müzakirələr edəcəyik. Artıq günlər keçsə də, bir xəbər yoxdur. Bizi sadəcə sakitləşdirmək üçün yalandan vəd verdilər. Onsuz da heç kim evindən çıxmayacaq, ölsək də burada öləcəyik”.

Rövşən Əsədov
Cebhe.info

 

13:34