Çağdaş Azərbaycan poetikasının bahadırı Naibə Yusublu

Çağdaş Azərbaycan və ədəbiyyatının bölgələrdə yaşadılması və onun inkişaf etdirilməsi bu gün ən böyük bahadırlıq hesab edilməlidir. Əski Sovetlər Birliyi kimi ictimai quruluş dağıldıqdan sonra, gerçəkdən Azərbaycan son iki yüzilin ən dəhşətli və ağır dönəmini yaşamaq zorunda qalmışdır. Bu, ənənəvi həyat düzəni, sosial-iqtisadi yaşam qaydası, mədəni-elmi biçimin ağırlıqları məcrasında yaşanıldı. Demək olar ki, bölgələrimizdə öz iradəsinə sığınaraq bütün varlığı və ruhu ilə yaşamaqda davam edən aydınlarımızı və fikir adamlarımızı bu gün barmaqla saymaq olar. Adicə kənd yerlərimizdə toplumun fikir və düşüncəsinin aynası olan zootexniklər, baytarlar, aqronomlar, müəllimlər və həkimlər  indi barmaqla sayılırlar. Toplumun düşünən beyni, döyünən ürəyi Rusiya, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə minbir məşəqqətlə qürbətçi bir yasamın girdabında əzablı  bir düzənlə bütünləşmək zorunda qalıblar. Çünki, dövlət və millət olmanın ağırlıqlarına bütün yaradıcılıqlardan uzaq olan bürokratik düzən ən böyük əngəllərdən biri sayılır. Beləliklə də ən adi kəndlərimiz mövhumatçı mollaların və fırıldaqçı icra strukturlarının amirənəlik qavramlarına tabe etdirilib. Bu günün və sabahın ədəbi-mədəni ruhunun enerjisinin mifolegemlərinin inkişafı buna görə əyləc durumundadırlar. Çox az insanlar fitrətinin və topluma olan ümmansız sevgisinin etkisi ilə bölgələrimizdə yaşamaqda davam edirlər. Onların ədəbi-mədəni mühitimizə daim yeni bir enerji gətirən yaradıcılıq yolu məhz bu zirvənin qorunub saxlanılması deməkdir. Bu anlamda Şirvan şəhərində yazıb-yaradan şairə bacımız Naibə Yusublu çoxlarına əsil örnəkdir. İxtisasca filoloq olması həm də Naibə xanımın ən azından Muğan bölgəsindəki çağdaş ədəbi-mədəni mühitimiz üçün ən dəyərli faktorlardan biridir. Muğanın ruhunun gizli qatlarında tarix boyu dik duran başlıca faktor onun Türkün bozkır mədəni kultu ilə ilgili olan bir düzəndir. Tariximizin son 100 illik dönəmində bu anlamı Əli Bəy Hüseynzadə ortaya qoya bildi. Məhz buna görə Azərbaycanın milli kimlik məsələsində ən çox zərbə görən, mücadilə aparan da Muğan olmuşdur. Muğan Çölü adi və ya sıradan bir düzəngahlıq deyil. Daha çox bozkır kultunun mifologemlərinin yaşarı olan bir məkanı kimi dəyərlidir. Ona görə də bu torpaqda yetişən insanların ruhsal enerjisinin hansı yöndə gəlişməsi çox önəmlidir. 

Son illərdə Naibə Yusubulu imzası ilə yazılan şeirlər əslində Muğan Ədəbi Məktəbinin etibarlı əllərdə olduğunu isbatlamışdır. Naibə Yusublu nədən və necə yazmasından və öz poetik dünyasını hansı janrda ifadə etməsindən asılı olmayaraq, çağdaş Azərbaycan ədəbi mühitinin ən dəyərli şairlərindən biri sayılır. Onun yaradıcılığının əsil mahiyyəti milli düşüncə sistemi və zamanın postmodern düzəninin estetik-fəlsəfi baxışları ilə böyük bir uyumluq yaradır. Belə bir yanaşım üslubu bir yandan tarixin genetik mədəni düzəninin, o biri yandan isə zamanın axarı ilə gəlişən poetik baxışların sintezi kimi də dəyərləndirmək olar. Naibə xanımın “Dünya səndə nəyim qaldı” şeir kitabını, eləcə də dövrü mətbuatda dərc olunan ədəbi örnəklərini oxumaq həm də bunu bildirir ki, onun özümlü ədəbi yaradıcılığının dəyərini dərk edə biləsən. 
Ünlü alman teatr estetiki Bertold Brext “Moderne Legende” (Çağdaş Modern) əsərində çox haqlı olaraq qeyd edir ki: “Ekspressionizm balladasını qətiyyən şansonye və balaqan kupletlərinin ayağına endirmək olmaz. Nəyi yaradırsansa, nədən yazırsansa bütün bunlar xalq türküləri qədər insanlar üçün doğmalaşmırsa, onun nə anlamı var? Mekxitin üçquruşluq operettalarının ömrü sabun köpüyü qədərdir. Əbədi olan isə Kammerşpilenin səhnəsində oynanılan “Vaal” və “Gecə təbillərinin səsi” əsərləridir. Axı bu növ əsərlər sadəcə bu günün deyil, həm də bütün zamanların ruhunun ayrılmaz bir parçası sayılır. Maks Reynxard və Ervin Piskator məhz buna görə dahidirlər. Çünki poetikanın misilsiz tablolarının mənzərəsini yaratmaq ədəbiliyin tən ortasında dayanmaq deməkdir”. 
Bertold Brextin mühakiməsi ilə Naibə Yusublunun poeziyasının estetik yanaşımında yer alan ədəbi yaradıcılığını incələsək hər bir oxucu bütün bunların şahidinə çevriləcək.  Dünya ədəbi prosesinin canlı salnaməsi və poeziyanın əsil düsturunu yaratmış Aristotel “Poetika” əsərində çox haqlı olaraq qeyd edir ki: “Poeziya ümumidən, tarixi xüsusilikdən ibarət  olsa da, gerçək üstünlük poeziyadadır. Poeziya tarixdən daha fəlsəfi, daha ciddidir. Hər bir şair həm də böyük bir ixtiraçıdır. Poeziya bədii sözün, obrazlı ifadələrin, məcaz və onun növlərinin – metaforaların gücü deməkdir. Poeziya insan ruhunun parodiyasına çevrilməməlidir. Poeziya insanların estetik duyumlarının təqlidçisi olmamalıdır. Gerçək ədəbiyyat və poeziya poetikanın zirvəsinə doğru addımlayan metaforik duyumların bədii inikasıdır”. 
Əslində gerçək və əbədi olan ədəbi yaradıcılıq ənənə və novatorluq üzərində köklənmiş bir düzənlə gəlişməlidir. Naibə Yusublunun yaradıcılığının aparıcı ünsürü bu yöndə köklənib. Ona görə də, Naibə xanımın şeirləri çox oxunaqlıdır. Dəyərlidir. Günümüzün vicdan səsidir. Onun şeirləri ədəbi prosesimizin həm də çağdaş fəlsəfənin sinergetik enerjisinin harmoniyası deməkdir. Çox az şairlərin şeirlərində rast gəlinən bədii deyim və yaradıcı şəxsiyyətin aydınlıq ruhunun simgəsidir. Naibə xanımın şeirlərinin mayası sadəcə yaxşı ədəbi örnəklər sayılmır. Onun şeirlərinin hər biri dramatik tabloların gerçək mənzərəsi deməkdir. Bu şeirlərin ədəbi təhkiyəsinin ritmi bu gün çox az rast gəlinən bədii sənət əsərləri kimi dəyərləndirilməsi fikrimizcə ən doğru olanıdır. Bu şeirlər sanki bir rəssamın sözlə yaratdığı canlı tablolar qədər həyəcanlıdır. Bununla yanaşı düşüncə sisteminin ritmində yer alan baxışların simvolikasıdır. Naibə xanımın şeirlərinin başqa bir tərəfi isə, sözün ritmi ilə yanaşı, poetik duyumların ritminin ahəngini istedadlı bir şəkildə yarada bilməsidir. Buna görə də, onun şeirlərində “sözçülük”, “sözün üzərində oynamaq”, “sözü bədii ifadə tərzinin girovuna çevirmək” kimi anlamsız formalar yoxdur. Naibə Yusublu bu gün də uzun illər əldə etdiyi ədəbi yaradıcılığını, pedaqoji təcrübəsini uğurla davam etdirir. Muğanın ikinci başkəndinə və mədəni mərkəzinə çevrilmiş Şirvan şəhərinin ədəbi-mədəni mühitinin zirvəsində yer alıb. Biz inanırıq ki, Şirvan şəhərində  çağdaş Azərbaycan ədəbi mühitinin canlanmasında, gəlişməsində Naibə xanımın yaradıcılığı hər zaman böyük bir örnək olacaqdır. Ölkənin başkəndi Bakıdakı ədəbi-mədəni mühitə üz tutaraq, bölglələrimizi boş buraxmaq nə qədər acınacaqlı bir tablonu yaratsa da, qürurverici ən böyük düzən elə bölgələrin özündə yaşayıb yaratmaq bir o qədər daha çox dəyərlidir. Niabə Yusublu öz həyatı və yaradıcılığı baxımından yüzlərlə şairlərimiz və yazıçılarımız ən böyük örnəkdir. Bölgədə yazıb yaratmaq bir bahadırlıq simgəsidir. Adsız bahadırlıq imzasını qazanmaq isə çoxlarına nəsib olmayan bir taledir. Çünki, adsız bahadırlıqda kimsədən umsunmaq yoxdur. Bayağı şan-şöhrətin zirvəsinə doğru ucalmağın şərtləri yoxdur. Təmənnasız bir insan ömrünü, şair taleyini yaşamaq çox ağır olsa da, sonuc böyük bir bahadırlığın zirvəsi hesab olunur. 
Biz bu yazımızda dəyərli şairəmiz Naibə Yusublunun heç bir şeirini, misrasını təhlil etmədik. Bunu dəyərli oxucularımızın vicdanlarının hökmünə buraxırıq. Sadəcə Naibə xanımın bir şair kimi yaradıcılığının hədəflərinin yolunu incələməyə çalışdıq. 

Ənvər BÖRÜSOY

      

İlmə

Qara-qura gecələrdən,
əyri-üyrü küçələrdən,
ilmələri hörülməyən keçələrdən
xoşum gəlmir.
Saxta, iblis gülüşlərdən,
dodaqaltı söyüşlərdən,
bar-bəhərsiz döyüşlərdən
xoşum gəlmir.
Ot-ələfsiz örüşlərdən,
ayaqüstü görüşlərdən,
haqqı danan yürüşlərdən
xoşum gəlmir.
Yad ellərdə rahat yatan
el dərdini başdan atan
halalına haram qatan
vətənsizdən,
ağ rəngi də qara görən 
kəfənsizdən
xoşum gəlmir.
Xoşum gəlmir 
kölgələnən təpələrdən,
sahilləri xımır-xımır,
asta yeyən ləpələrdən.
Xoşlamıram narın,
sısqa yağışları,
Sis-dumanı,
ağ alnıma damğa olan 
qara-qara "naxış"ları,
ellərimə xəyanəti,
məlul, miskin, baxışları,
sərhəd boyu utancından 
üz gizləyən barışları...
Xoşlamıram 
korun-korun öləziyən ocaqları,
namərdlərə meydan verən
veyl, səfil bucaqları,
hər küncündə ilan yatan
soyuq, mənfur qucaqları.
Dağ çayıyam, himə bəndəm,
Soruşmayın kimə daşqın, 
kimə bəndəm.
Kükrəməyə, çağlamağa
nazik, sarı simə bəndəm....

Gördüm

Birini sözündən asılan gördüm -
gizləndi dodaq altda... 
Birini kirpiyə qısılan gördüm -
islandı bulaq altda... 
Birini özündən asılan gördüm -
yıxıldı ayaq altda...
Şeiri duymasan yıxılar, atam...
Biri zərə dönər - zərgəri gözlər,
Biri səngər olar - əsgəri gözlər, 
Yoluna dikilən divanə gözlər
Bir dəfə saymasan, yıxılar, atam.
Tərpədər dağların daşın, qayasın,
Yükləyər çiyninə dərdin tayasın...
Əkərək cisminə ruhun mayasın
Lal eşqə uymasan, yıxılar, atam.

Bu dünyanın
Bu dünyanın əzəli nə, sonu nə?
Zil qaranlıq səmaların
Ay-ulduzlu
qara atlaz donu nə?
Dan yerinə 
al Günəşin səpələnən qanı nə?
Çox düşündüm,
çox aradım,
əsrləri varaqladım.
Düşüncələr qaldı əsir,
Aman Allah, bu necə sirr?
Bu, bəşərin taleyimi?
Bir üzü ağ, biri qara?
Qan çilənmiş tarixlərin
sualları çəkir dara.
Haqqı-sayı itirənlər,
Gül bağında tikan,
qanqal bitirənlər
anlamadı,
Bu dünyanın əzəli nə, sonu nə?
Dərd əlindən 
qar ələndi dağlara da,
tez qocaldı,
Sinəsindən od püskürdü,
Parça-parça paralandı,
Bəşər adlı bir məxluqun
əməlindən 
yarılandı, hey söküldü,
Dərd əlindən beli
ikiqat büküldü...
Düzənlərdə çiçək deyil,
dərd əkildi,
Dərgaha aparan yola
yüz minlərlə göz dikildi. 
Amma yenə anlamadıq,
bu dünyanın əzəli nə, sonu nə?

Muğam üstə 

"Heyratı"da dindi tarım,
Xalı dəyişə bilmədim.
Havalandı "Cəngi" səsi,
Halı dəyişə bilmədim.
"Çahargah"dan nur ələndi,
"Segah" xal-xal ləpələndi,
"Rast"da ruhum təzələndi,
Valı dəyişə bilmədim.
"Zabul"da el dilə gəldi,
Sonalarım gölə gəldi,
"Şur"da bəm də zilə gəldi,
Yolu dəyişə bilmədim.
"Bayat-Şiraz" gəlin oldu,
Al duvağı elim oldu,
Ağı deyən dilim oldu,
Dili dəyişə bilmədim.
"Şahnaz" gözdən səpdi jalə,
Gül-çiçəklər vurdu halə,
Boyun bükdü Şəhid lalə,
Gülü dəyişə bilmədim.

Ağıt

Üzüldüm, Şəhidim!
Keçdiyin yollarda 
boyun bükən
kolların, ağacların
qınağından
əridim, 
yol üstünə
damcı-damcı 
düzüldüm.
Qurutdu kolları,
min illik ağacları
xəcalət tərim.
Boz səhralar, 
kövşənlik oldu yerim.
Əlim çatmışkən
ünüm yetməz oldu sənə.
Uca göylərin səbri doldu,
Buludlar saçını yoldu,
məni ağladı.
Hönkürtüsü zorla yatırılan 
vicdanları dağladı.
Bağlandı göylərin qapısı,
bağlandı üzümüzə...
Yenə qaranlıq çökdü
nur, işıq çiləyən
qapqara gözümüzə...

 

Sızıntı

Bu nə səda, qoca tarzən?
Simdən qopan ağımıdır?
Qulaqlara muncuq olub 
sırğalanan
Ürəyinin yağımıdır?

Sızıldayır için-için,
Qəlbi çəkir dara çin-çin,
Nalələrdən keçir köçün,
Haray salır el - obaya,
İnsaf eylə, gəl haraya.

Ağ çiçəkli dağlarımsan,
Bir dəstə gül bağlarmısan?
Məni, məndə saxlarmısan?
Könlüm açıq, saraya gəl,
İnsaf eylə, haraya gəl.

 

Zülmətin görünməz işığı

Qapısız oda...
Zülmət...
Qarşı tərəf yoxluq,
arxa tərəf yoxluq,
cinahlar boş...
Başnın üstündə 
bir parça yastı daş -
ilk gündən sənə yoldaş...
Hər şey varkən bu nə yoxluq?..
Günəş nə üçün daramır 
tellərini?
Bəlkə, qorxur, saçlarını 
özünə bənd edəsən?
Bəs Ay, ulduz niyə yoxdur?
Sevgidən titrəmir
yaşıl yarpaqlar?...
Bu yoxluqda səndən qalan
varlığının təsəllisi -
bir ovuc qara torpaq....
Torpağa qarışırsan,
dağlarla sarışırsan...
Amma yenə gözləyirsən...
Gözləyirsən əsgər çəkmələrini
göz yaşlarıyla yuyub dodaqlarıyla
qurudan ananı...
Gözləyirsən büküldüyün bayraqla 
qəlbini ovudan
atanı... 
Gözləyirsən qəlbinin
məlhəmini - 
can, ömür həmdəmini, Şəhidim!

Dua

Bir udum sudur həyat...
İçən də peşman, içməyən də...
İçən məcraya sığmaz,
köpüklərdən mirvari taxar,
ümidi daşa çaxar...
Yox, tənha cığırdır həyat...
Ucunda nə var,
sonunda nə var,
bilinməz.
Zəvvarının üz-gözündən
toz-torpağı silinməz...
Qovrulan səhradır həyat...
Günəşlə yaşar...
Gecənin səssizliyində
dünyadan gen düşər,
çaşar...
Ən zərif çiçək,
jaləli ləçək,
ya tənha lələkmi həyat?
Bəlkə də, ruh, xəyal,
ya cavabsız sual?....
Amma...
Çiçək doluxar, ləçək soluxar,
lələk karıxar... 
Xəyal - sual qoşalaşar,
ucaldıqca ucalar,
bir ömür yaşar...

Elegiya
Düşünərdim,
görəsən, evi yoxmu küləyin?
Gecə demir, gündüz demir,
hey əsir.
Uçurur kolu-kosu,
niyə tufan qoparır?
Görən, hara tələsir?
Uçuq komalar kimi 
qəlbim uçulur gedir.
Şıltaq toz-torpaqların
qorxusu yox 
tufanından, selindən.
Mirvaritək
düzüm-düzüm, 
asılıblar küləklərin telindən.
Külək də sığal çəkir,
toz basmış dünyamıza,
fələk də girə bilməz
ölümlə aramıza.

00:44