Əbil HƏSƏNOV: "Intihar "

 

Qocalmasına baxmayaraq hələ də xalqa zülm etməkdən zövq alırdı. Əlləri əsirdi. Qan içməkdən gözləri qıp-qırmızı idi. Xalq aclıq və səfalət içində sürünür o isə sarayında cah-cəlalla yaşayırdı. Bir gün şah səhər yuxudan ayılanda otağında ağ paltarlı bir oğlanın olduğunu gördü. Balaca bir uşağın saraya belə daxil olması onu çaşdırdı.

 

Şah qışqıraraq: – “Sən kimsən ? Səni bura kim buraxıb?Sən bura niyə gəlmisən?” deyə soruşdu.

Uşaq ona: – “Mən “sən”əm özünü tanımadınmı? Gəlmişəm səndən qisasımı alım.”-dedi.

Hökmdar gördüklərinin yuxu olduğunu düşünərək gözlərini ovuşdurdu və birdən özünü tanıdı. – “Mən sənə nə etmişəm”?- dedi.

– Sən mənim arzularımı öldürdün. Məni öz nəfsinə qurban elədin. Taxta çıxanda ürəyimdə necə arzular var idi. İstəyirdim ki, atamın etdiyi səhvləri təkrarlamayım. Xalqı qorxudan azad etmək, onlara firavan həyat vermək istəyirdim. Sən isə bununun əksini etdin, zülmü, ədalətsizliyi daha da artırdın. Xalqın varını-yoxunu əlindən alıb xəzinəni doldurdun.Məni insanların gözündən saldın.Var -dövlət hərisliyi səni məndən uzaqlaşdırdı.İndi mən səndən qisas almağa gəlmişəm. Hanı sənin xalqı incidən əyanların? Hanı sənin xalqdan çapıb taladığın var -dövlətin? Hanı sənin qoşunların? Niyə səni mənim əlimdən ala bilmirlər? Gör nə qədər acizsən ki, mənə gücün çatmır.

Hökmdar qorxu içində idi. Nə edəcəyini bilmirdi. Qeyri-ixtiyari olaraq yalvarmağa, vaxt istəməyə başladı:

– “Mənə imkan ver yenidən özümə qayıdım. Bütün səhvlərini düzəldəcəyimə söz verirəm” dedi.

– Yox, sən bu illər ərzində verilən imkanları dəyərləndirə bilmədin, artıq gecdir. Hökmdar birdən yerdən qalxaraq cəld şəkildə xəncəri uşağın qarnına soxdu Uşaq getdikcə gözdən itir, şah isə onu təqib etməyə çalışırdı. Birdən hökmdar yerə yıxıldı.

 

Bir neçə gün idi ki, şah öz otağından çıxmırdı. Heç kim onuun otağının qapısını açmağa cürət etmirdi. Bir neçə gün də beləcə keçdi. Lakin artıq otaqdan üfunət iyi gəlirdi və getdikcə hər yana yayılırdı. Vəziyyəti belə görən əyanlar otağın qapısını sındırıb içəri daxil oldular və dəhşətli mənzərəni gördülər.

Hökmdar intihar etmişdi …

Xudaferin.eu

 

12:32