Əbil Həsən: Banişevskini kim tanımır?

Əbil Həsən

Banişevskini kim tanımır?

Hər il təxminən eyni cür olurdu. Sağlığında diqqət görməyən, xəstəliklərdən əziyyət çəkən Azərbaycan futbolunun ən məşhur futbolçusu olmuş Anatoli Banişevskinin anım günündə AFFA-nın icraiyyə komitəsinin üzvləri, veteran futbolçularla birlikdə  onun qəbrini ziyarət edər, şablon nitqlər söyləyər və bununla da işlərini bitmiş hesab edərək dağılışardılar.
Belə tədbirlərdən birində ötən illərin məşhur futbolçusu və məşqçi Ələkbər Məmmədov da tədbirə qatılmaq üçün bir dəfə AFFA-nın qərargahına üz tutmuşdu. Qapıda dayanan mühafizəçilər onu tanımayaraq içəri buraxmırdılar. Ələkbər müəllim nə qədər izah etməyə çalışsa da, keçmiş futbolçu olduğunu desə də, xeyri olmurdu və onu içəri buraxmaq istəmirdilər. “Dünyalarca məşhur və İtaliyanın Milan komandasının qapısına dörd qol vuran ilk azərbaycanlı futbolçu mən olmuşam “ deməsi də vəziyyəti dəyişmədi ki, dəyimədi. Elə bu an ömürləri boyu heç on dəqiqə televiziyada futbol reportajına baxmayan,futboldan heç bir anlayışları olmayan AFFA İcraiyyə komitəsinin üzvüləri Əhmədlə, Səməd (onların adları şərtidir) bu günkü tədbirdə iştirak etmək üçün içəri daxil olduqlarında bu xoşagəlməz hadisənin şahidi oldular.

Əhməd mühafizəçinin Ələkbər Məmmədovu incitdiyini görüb:
-Ə... Ağsaqqalı niyə incidirsən? dedi.

Ələkbər Məmmədov üzünü Əhmədə tutaraq yazıq-yazıq dedi:
-Mən ötən illərin məşhur futbolçusuyam. İtaliyanın "Milan" komandasının qapısından bir oyunda dörd qol vurmuşam. AFFA İcrayyə komitəsinin üzvüyəm. Bunlar məni içəri buraxmırlar.

Əhməd mühafizəçinin üstünə qışqırarq:
- Ə... Bəs niyə ağsaqqalı içəri buraxmırsan?

Mühafizəçi cavabında onu tanımadığını bildirdi.

Əhməd isə:
-Ə... Sən tanımırsan. Amma mən tanıyıram. Burax girsin içəri - dedi.

Mühafizəçi isə çarəsizlikdən onu əmrinə tabe olaraq Ələkbər Məmmədovu içəri buraxdı. Ələkbər müəllim Əhmədə minnətdarlığını bildirərək pilləkanlarla yuxarı qalxdı.

Bu vaxt Səməd Əhməddən soruşdu:
- Qardaş, sən o kişini tanıyırdın?

Əhməd:
-Hansı kişini?

Səməd:
-O ağsaqqalı deyirəm də içəri buraxdırdığını

Əhməd:
-Niyə tanımıram. Ötən illərin məşhur futbolçusu,İ taliyanin "Milan" komandasının qapısından dörd qol vuranı kim tanımır ki? Bəs eşitmədin?

Səməd:
-Eşitdim.

Əhməd:
-Bəs onda niyə soruşursan?

Səməd:
-Bəs o ağsaqqalın adı nədi?

Əhməd bir anlıq susduqdan sonra:
-Ə... Banişevskidi də... Banişevskini tanımırsan?..

13:41