“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdi

 

“Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.
 

Bu barədə aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib. Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Biz fəhlələri məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Biz buna etiraz edirik”.

Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə vaxtlı-vaxtında əmək haqqısı verilib”.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri neçə aylardır maaş almırlar. Faktiki olaraq, bu sektorda müəmmalı proseslərin getdiyi də qaranlıq bir dalana dirənib. Metro sanki, ölkənin hərbi sirlər dağarcığına çevrilib. Ötən gün fəhlələr məcbur olaraq öz hüquqlarına görə aksiya keçirməsəydilər, tikinti sahəsində çalışan bütün işçiləri “məcburi məzuniyyət” adı altında ixtisara salacaqdılar. Bu gün dövlət sifarişi adı altında layihələrə milyonlarla vəsait ayrılır. O pulları mənimsəmək üçün daim işçilərin ixtisara salınması və qısa zamanda yeni işçiləri rəhbərliyə “sərf” edən şərtlər daxilində işəgötürülmə əməliyyatları baş verir. Bu da öz növbəsində total korrupsiya deməkdir.  
 

RePost.Az

 

06:54