Bakı-Brüssel sazişi: ziddiyyətlər qalmaqdadır

 

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş bu ilin sonuna qədər imzalanmayacaq. Bu barədə bu gün jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. O, hətta hazırda saziş layihəsinin "hansı mərhələdə olduğunu" deməyə çətinlik çəkib. İlk növbədə "sənədin keyfiyyəti' vacibdir, deyə diplomat qeyd edib.

"Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu, bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb", deyə Məmmədquliyev bildirib.

O, bəzi ekspertlərin bu ilin sonuna qədər sazişin imzalanması mümkünlüyü haqqında ehtimallarını təkzib edib. "Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu, yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu, düzgün olmaz", deyə Məmmədquliyev qeyd edib. Onun sözlərinə görə, ticarət, təhlükəsizlik, investisiyalar və s. məsələlərində tərəflərin mövqelərində fərqlər var.

Sentyabrın 29-da Brüsseldə Aİ və Azərbaycan arasında müzakirələr olacaq. "Müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək. Brüsseldə yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq", deyə diplomat bildirib.

Bundan başqa, sentyabrın 27-də Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası da keçiriləcək. Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Energetika üzrə alt komitənin növbəti iclasının tarixi isə hələlik müəyyən olunmayıb. Noyabrda Aİ Şərq Tərədaşlığı sammiti keçiriləcək. Nazir müavininin sözlərinə görə, Azərbaycan tərəfi iki il əvvəl Riqa sammitində baş verən hadisənin təkrarlanmamasına çalışacaq. Belə ki, bu sammitin yekun sənədində postsovet məkanında üç münaqişə ilə bağlı bir mövqe, Qarabağ münaqişəsi ilə bağlı isə fərqli yanaşma ifadə olunub.

"Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir", deyə Məmmədquliyev bildirib. Onun fikrincə, sammitə qədər sənəd üzərində hazırlıqları bitirmək mümkün olarsa, sammit çərçivəsində Azərbaycan və Aİ arasında aviasiya sahəsində saziş imzalana bilər. Məmmədquliyev Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqlarda da irəliləyiş olmadığını etiraf edib.

 

TURAN IA

 

14:16