Azərbaycanda əlil olmağın ÇƏTİNLİKLƏRİ

“Azərbaycanda əhalinin 6% -i sağlamlıq imkanları məhdud olan insanlardır. Bu, dünyanın ən aşağı göstəricilərindən biridir. Ümumiyyətlə, bizim millət sağlam millətdir”, - əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Günü ərəfəsində “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycanın BMT Konvensiyasının icrası üzrə öhdəlikləri, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda keçirilən Bakı konfransında bildirib.

Bu tarix, ölkəmizdə də müxtəlif tədbirlərin keçirilməsi ilə qeyd olunur. Bu günün əsas məqsədi hərəkət azadlığı, təhsil, fəal istirahət, karyera imkanları məhdud olan insanların problemlərinə dövlət və cəmiyyətin diqqətini cəlb etməkdir. Sağlamlıq problemləri olmayan insanlar əlil kürsüsündə əyləşən, konsertə getmək, kafedə dostları ilə əyləşmək, dənizdə üzmək imkanlarından məhrum insanın nə hisslər keçirdiyini anlaya bilmir. BMT-nin məqsədi əlilləri cəmiyyətin bərabər imkanlara və hüquqlara malik insanları etməkdir. S.Müslümovun sözlərinə görə, ölkədə əlillərin çoxu Qarabağ münaqişəsi zamanı xəsarət alan insanlardır.

Məhdud fiziki ehtiyacları olan insanların hüquqlarının qorunması üçün bir sıra tədbirlər həyata keçirilir. Bakının mərkəzindəki bütün keçidlərdə əlilliyi olan insanlar üçün panduslar quraşdırılacaq. Avropa standartlarına cavab verən 421 pandusun quraşdırılması nəzərdə tutulub. Əlilliyi olan insanlara dövlət qayğısı haqda nazirin məruzəsi və KİV-də yayılan ayrı-ayrı faktlar birmənalı qarşılanmayıb. Bu günlərdə sosial şəbəkələrdə yayılan müzakirələr bu sahədə mövcud olan real vəziyyəti əks etdirir. Onlardan bəzisini təqdim edirik: "On ildir ki, ikinci qrup əliləm və mənə pensiya verilib. Ancaq bu pula yaşamaq çətindir. Ona görə də mən əlavə olaraq oturaq iş tapdım və bu, mənə dolanmağa imkan verir. Niyə bizim ölkədə adi əlil (Qarabağ əlili olmayanlar) üzvlük haqqı ödəməsi üzrə sosial stajının yetərincə çox olmamasına görə normal pensiya ala bilmir?

Mən pensiyama yenidən baxılması üçün Sosial Təminat Mərkəzinə müraciət etdim, ancaq cavab aldım ki, mənim pensiyam artırıla bilməz, çünki toplanan vəsait çox azdır", - Yusifov soyadlı şəxs Facebook-da paylaşıb.

"Vergi ödəyicilərinin pullarının hara getməsilə bağlı ritorikaya köklənmək istəmirəm. Ancaq demək istəyirəm ki, hakimiyyətdə təmsil olunanlardan hansı biri belə aqibət yaşasaydı yenə bizi anlamazdı. Çünki onlar "qara günləri" üçün vəsait toplayıblar", - Optimist ləqəbli şəxs yazır.

"Hər hansı bir tibb müəssisəsinə gedin. Yenilənmiş interyer, yeni mebel və öz əsa qoltuqağacına, divana söykənən əlilləri və yaşlıları görərsiniz. Çünki onlar kabinetlərin qarşısındakı divanlara otursalar kənar şəxsin köməyi olmadan qalxa bilməyəcəklər", - Cavid yazır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda əlilliyi olan insanların iş tapması çətindir.

İşəgötürənlər kvota çərçivəsində əlilliyi olan şəxsləri işə götürməyə borcludur.

Bu şəxsdən imtina ölkə qanunvericiliyinin birbaşa pozulmasıdır. Ancaq qanun pozuntuları faktları çoxdur. Səbəb nədir?

"Araşdırmalar göstərib ki, fiziki imkanları məhdud şəxlərin işə düzəlməsi problemi işəgötürənlərin onları qəbul etmək istəməməsinə əsaslanır, çünki bu, onlara, sadəcə, sərf etmir.

Məsələ bundadır ki, sağlam şəxs 21 gün məzuniyyət aldığı halda, fiziki imkanları məhdud şəxslər əlillik dərəcəsindən asılı olmayaraq 42 gün ödənişli məzuniyyətə çıxa bilər. Bundan əlavə, işəgötürən müəssisədə belə işçilər üçün müvafiq infrastruktur yaratmaq məcburiyyətindədir - pandus, xüsusi liftlər, xüsusi sanitar qovşağı və s.

S.Məmmədovun sözlərinə görə, ölkədə əlilliyi olan 570 min nəfər var, onlardan 350 minə yaxını çalışmaq yaşındadır. Bu, böyük rəqəmdir. Fiziki imkanları məhdud şəxslərin ancaq 60 mini çalışır. Bu, təkcə iş yerləri ilə əlaqədar deyil, burada həm də vergilər, sosial ayırmalar, pensiya haqları da var.

İnkişaf etmiş ölkələrdə əmək qabiliyyəti yaşında olan əlillərin 40%-i işləyir. Azərbaycanda bu 11-12%-dir. Bəzi obyektiv səbəblərə görə biznes mühiti bu cür vətəndaşlara çox əlverişli deyil. Vəziyyətdən çıxış yolu ixtisaslaşmış müəssisələrin yaradılması ola bilərdi, ancaq təəssüf ki, ölkədə bu, mövcud deyil.

"Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasovanın sözlərinə görə, Bakıda əlillər üçün infrastrukturun yaradılmasında bəzi irəliləyiş olsa da, bir çox çatışmazlıqlar var.

"Avtobusların çoxu əlilləri daşımaq üçün uyğun deyil. Müasir avtobuslar da var ki, əlilləri aparmaq imkanları var. Ancaq onlar dayanacaqlara yaxınlaşa bilmir, çünki bütün dayanacaqlar taksilər tərəfindən işğal edilib. Əlbəttə, Bakıda əlil insanlar üçün infrastrukturun təkmilləşdirilməsini davam etdirmək lazımdır, çünki bu, hələ yaxşı vəziyyətdə deyil", - V.Abbasova bildirib. Məhdud imkanları olan uşaqlar ayrıca mövzudur. Söhbət onlar üçün inklüziv təhsildən gedir. Bizdə yalnız dörd məktəbdə inklüziv təhsil sistemi fəaliyyət göstərir. Bu, Nərimanov rayonunda 202 saylı məktəb, Nizami rayonunda 220, Xətai rayonunda 138 saylı məktəblər və Sabunçu rayonundakı 252 saylı məktəb-liseydir.

Statistikaya görə, bu gün ölkədə 65 min nəfərə yaxın əlil var, ancaq cəmi 288 uşaq inklüziv sistemlə əhatə olunub. Bu, əlbəttə, cüzi bir rəqəmdir. Əlilliyi olan bəzi uşaqlar evdə, bəziləri xüsusi internat məktəblərində təhsil alır. Lakin 65 min uşağın hamısı təhsillə əhatə olunmayıb. Əslində bu uşaqların təxminən 30 mini tədrisə cəlb edilib.

Digər vacib məsələ isə əlil yeniyetmələrin ali təhsil müəssisələrində təhsil almasıdır.

Bakıda və regionlarda ali təhsil müəssisələri inklüziv təhsil üçün uyğunlaşdırılmayıb. Buna görə də universitet tələbələri arasında əlil arabasında olan, gözdən və ya qulaqdan əlil olan tələbələri nadir hallarda görmək olar. Onlar üçün xüsusi avadanlıqla təchiz olunmuş xüsusi auditoriyalar yaradılmalıdır. Universitet rektorları belə xərclərə getmirlər. Azərbaycanda fiziki imkanları məhdud şəxslərin həm təhsili, həm peşə hazırlığı, həm sərbəst hərəkətinin təmin edilməsi üçün maneəsiz mühitin yaradılması hələ də böyük bir arzudur. Bu tədbirlər kompleksi təhsil və inzibati binaların texniki təchizatını, müəllimlərin və digər tələbələrin əlillərlə davranışına yönələn xüsusi təlim kurslarının keçirilməsini nəzərdə tutur. Bütün bunlar vəsait tələb edir və nədənsə bu da büdcədə yoxdur.

TURAN İA

16:54