Azərbaycan turizminin axsayan yönü: əlimizdəki imkanlar niyə fövtə verilir?

 

Bu ilin ilk üç ayında Azərbaycana gələn turistlərin sayı 544 mini keçib. 2015-ci illə müqayisədə ötən il ölkəmizə İordaniyadan gələn turistlərin sayı 2, Küveytdən 3.2, Qətərdən 5.5, Səudiyyə Ərəbistan və Omandan 10, Birləşmiş Ərəb Əmirliklərindən 22, İraqdan gələnlərin sayi isə 30 dəfə çox olub.

Ard-arda keçiriləcək beynəlxalq tədbirlər nəticəsində bu ilin statistik göstəricilərinin ötən ili ciddi şəkildə qabaqlayacağı gözlənilir. Bu turistlərin istirahət üçün regionlara üz tutması da bir gerçəklikdir. Lakin bölgələrə gedən turistə oteldən kənarda hansı mədəni istirahətin təklif edilməsi sual doğurur. Xüsusən, yay aylarında mədəniyyət ocaqlarının əksəriyyətinin istirahətə çəkildiyini nəzərə alsaq, bu sahədəki vəziyyətin necə olduğunu düşünmək çətin olmaz. Hər halda mədəniyyət ocaqları işini turistlərə uyğun qursa, həm onlar, həm də dövlətimiz qazanmış olar. İstər yerli, istərsə də xaricilər üçün sadəcə bağı, dağ gəzmək yetərli deyil. Tarixi mədəniyyət abidələri, mədəniyyət ocaqları turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardandır. Amma nədənsə turizm şirkətləri və mədəniyyət ocaqları bu məsələdə illərdir bir razılıq əldə etmir, ya da heç bu barədə düşünmürlər. Halbuki, bu imkanları özündə əks etdirən regionlarımızın da sayı kifayət qədərdir. Danılmaz gerçəklikdir ki, təbiət nə qədər gözəl olsa da, turist getdiyi yerdə əylənmək istəyər. Bu, həm də mədəniyyət ocaqları üçün də əlavə gəlir deməkdir. Mədəniyyət ocaqlarının yayda istirahətə çəkilməyindənsə, işləməyi hər iki tərəf üçün sərfəlidir.

Turizm üzrə ekspert Çingiz İsmayılov hesab edir ki, turizm obyektləri ilə mədəniyyət ocaqları arasında əlaqənin qurulması çətin olmamalıdır: “Mədəniyyət ocaqları birbaşa Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Turizm obyektləri bu istiqamətdə nazirliyinə müvafiq təkliflər verməlidir. Turizm obyektləri sahibləri də bu məsələyə həssas yanaşmalıdır. Əksər bölgələrdə mədəniyyət ocaqları turizm obyekti kimi cəlbedicidir. Bunun üçün müvafiq yerli idarəetmə qurumları, turizm bölmələrinin bu istiqamətdə hazırlayacağı təklifləri Mədəniyyət və Turim Nazirliyi tərəfindən də dəstəklənəcək. Bu təkiliflər əsasında mədəniyyət ocaqlarının yayda fəaliyyətini tənzimləmək çətin olmamalıdır”.

Ekspert hesab edir ki, mədəniyyət ocaqlarının yayda fəaliyyət göstərmələri turist cəlbi üçün əlavə bir amildir: “Turizmin müxtəlif -idman, əyləncə, istirahət kimi növləri var. Mədəniyyət ocaqlarının bu işə cəlb edilməsi həm də əlavə gəlir deməkdir. Bunun üçün əlbəttə, turizm obyektinin yerləşdiyi bölgənin əhəmiyyəti böyükdür. Teatr, muzey olan şəhər mərkəzlərində bu növ turizmə ciddi fikir vermək lazımdır. Bu, həm də turistlərin cəlb edilməsi üçün əlavə bir amildir”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov publika.az-a bildirib ki, turistləri qəbul edən otellər, istirahət mərkəzləri hər dəfə mövsüm başlamamışdan proqram tərtib etməlidirlər: “Məsələn, Naftalandakı istirahət mərkəzlərində belə proqramlar var. Onlar adətən, bu cür səfərləri Gəncəyə təşkil edirlər. Amma bu cür proqam Nabran, Lənkəran və s. kimi bölgələrdəki istirahət mərkəzləri tərəfindən də hazırlana bilər. Proqrama təkcə ekskursiya daxil deyil, həmçinin gələn turistin marağı nəzərə alınaraq əlavə tədbirlər müəyyən edilməlidir. Təəssüf ki, turizm şirkətlərini 99 faiz Bakıda cəmlənib, regionlarda onların sayı çox azdır. Ümumiyyətlə, ekskursiya şirkətləri və büroları yoxdur. Mədəniyyət və Turizm Nazirliyi tabeliyində İnformasiya Mərkəzləri var ki, onların da işinə yenidən baxılmalıdır. Bu mərkəzlər turist marşrutu tərtib edib istirahət mərkəzlərinə təqdim etməlidirlər. Regionlarda turizmin inkişafına xüsusi diqqət ayrılmalıdır. Bəzən tədbirlər Sovet dövründə olduğu kimi kompaniya xarakteri daşıyır. Məsələn, nar, alma bayramları təşkil etdiyimiz kimi turistlərin çox olduğu yay fəslində də bu cür bayramlar, tədbirlər hazırlamaq olar”. Mədəniyyət ocaqları ilə turizm mərkəzlərinin birlikdə çalışmasına toxunan M.Ağakərimov bu məsələdə peşəkar yanaşma olmadığını deyir: “Hotel, istirahət mərkəzlərinin idarəçiləri işləri turistlərin arzu və istəklərinə uyğun qurmalıdır. Əyləncə proqramları, şou və ya digər proqramların təşkili üçün ilk növbədə işləməyə həvəs olmalıdır. İnsanların istirahəti yalnız yeyib-yatmaqdan ibarət deyil. Bəzən hotel “müdir”ləri düşünür ki, turistə yemək və yatmaq üçün rahat yer verməklə işi bitib. Bu, yanlış düşüncədir. Bir insan hər gün qarabaşaq yesə ondan iyrənəcək. İstirahət deyəndə fərqliliyin təmin edilməsinə xüsusi fikir verilməlidir. Hotel rəhbərləri turistlər üçün teatr, şou, əyləncə proqramları tərtib etsələr, onun effektini görəcəklər. Bu vaxta qədər məsələnin həll edilməməsinin bir səbəbi də turizm sahəsində peşəkarların fəaliyyət göstərməməsidir. Ancaq xarici dil bilmək yüksək intellekt göstəricisi hesab edilir. Lakin bu da yanlış yanaşmadır. Turizmin inkişafı üçün bizə xarici dili bilən yox, turizmdən başı çıxan lazımdır. Kadr məsələsində əyintilər olduğuna görə işin ümumi inkişafına təsir edən yeniliklər edilmir. Xüsusən də, 5 ulduzlu hotellərdə xarici dil bilməsi ilə fərqlənən əcnəbilər idarəçiliyə cəlb edilir. Lakin bizə yerli bazarı bilən, ölkənin mədəniyyətindən xəbərdar ola kadrlar lazımdır”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə açıqlamasında bu məsələnin nazirliyin də diqqətində olduğunu deyib: “Bakıda və regionlarda yaradılan mədəniyyət və turizm idarələrinin funksiyası mədəniyyət ocaqları ilə daha müasir formada işləməsini təmin etməkdir. Bundan əlavə bölgələrdə turizm informasiya mərkəzləri fəaliyyət göstərir. Onların da funksiyası həm bölgəyə səfər edən turistlərə dolğun informasiya vermək, həm də bölgələrdəki mədəniyyət ocaqlarının tanıtmaq, mədəniyyət və turizm əlaqələrinin qurulmaqdan ibarətdir. Bütün bu məsələlər dəfələrlə nazirin də çıxışlarında dilə gətirilib. O da bildirib ki, xüsusən yay aylarında turistlərin çox olduğu istirahət mərkəzlərində mədəniyyət ocaqlarının imkanlarından istifadə olunsun. Bu da bölgəyə səfər edən turistin həmin bölgəni daha yaxşı tanıması və istirahətinin daha səmərəli təşkilinə imkan verir”.

Hurriyyet.org 

10:01