65 yaşın mübarək, İlqar Əlfioğlu!

Deyir ki,

- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da dəqiqləşdirə bilməmişəm. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...

 

Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Ailədə üç uşaq olublar. Daha sonra institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Nikbin, məğrur, dövrlə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

 

Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən idi. Azərbaycan yazıçısı, jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda yaşayır. 1985-ci ilin mart ayında ürək çatışmamazlığından vəfat edib. Anası Rəhilə xanım müəllim işləyib...

 

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

 

Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…

 

Martın 26-sı haqqında söhbət açdığım İlqar Əlfioğlunun 65 yaşı tamam olur. Deyəsən, ümumbəşəri problemə çevrilən “koronavirus” onun da planlarını alt-üst eləyib. Yəqin ki, “koronavirus” qadağası olmasaydı dostlarını başına yığıb bu əlamətdar tarixi qeyd edəcəkdilər…

65 yaşın mübarək, İlqar Əlfioğlu!

 

Elman Eldaroğlu

xudaferin.eu

10:42