20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi

 

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilməsi barəsində danışılıb.
 

İclasda qeyd edilib ki, Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı beynəlxalq layihə ilə iştirak edib. Bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş dörd mükafatdan birinə layiq bilinib. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim olunub.

Tədbirdə, qeyd məhkəmə fəaliyyətində mövcud problemlərə toxunulub, vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə çatdırılıb.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.

Publika.az

 

09:46