Əzim Əzimzadə yaradıcılığında qeyri-maddi mədəni irs mövzusu

 

XX əsrin əvvəlləri Azərbaycan təsviri sənətində olduqca əhəmiyyətli bir dövrdür. Təsviri sənətimizdə məhz bu dövrdən etibarən yeni janrlar, cərəyanlar yaranıb inkişaf etməyə başlamışdır. Mətbuat, maarif-sənət ocaqlarının açılması milli mədəni tərəqqidə mühüm rol oynamışdır.
 

Həmin dövrdən başlayaraq Azərbaycan təsviri sənətinin formalaşması və inkişafında önəmli rol oynayan görkəmli rəssamların adlarını çəkmək olar. Əzim Əzimzadə, Bəhruz Kəngərli, Qeysər Kaşıyeva, Qəzənfər Xalıqov, Bədurə Əfqanlı, Baba Əliyev, Sadıq Şərifzadə, Salam Salamzadə, Tağı Tağıyev kimi rəssamların bu sahədə mütərəqqi xidmətləri olmuşdur.

XX əsrin əvvəllərində yaradıcılığının çiçəklənmə dövründə olan, Azərbaycan qrafikasının inkişafında müstəsna rol oynamış Əzim Əzimzadənin adı xüsusilə qeyd edilməlidir. Əzim Əzimzadə 1880-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Sənətə məşhur "Molla Nəsrəddin" jurnalında əsərlərini dərc etdirməklə başlayan rəssam həmçinin "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" kimi jurnalların səhifələrində qrafik karikaturalarla çıxış etməklə Azərbaycan realist qrafikasının əsasını qoymuşdur.

Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Azərbaycan qrafikasının banisi, təsviri sənətin təşəkkülündə əməli xidmətləri olan Əzim Əzimzadənin yaradıcılığı olduqca geniş və maraqlıdır. Əzim Əzimzadə yaradıcılığında bir sıra aktual və digər mövzulara rast gəlmək mümkündür. Bunların sırasında qeyri-maddi irsimizi işıqlandıran bir sıra əsərlər də var ki, rəssamın yaradıcılığında müstəsna əhəmiyyətə malikdir. Rəssam milli bayramların, adət-ənənələrin bir sıra epizodlarını təsvir etməklə, eyni zamanda cəmiyyətdəki çatışmazlıqlara satirik aspektdən yanaşmışdır. Bu xüsusda onun “Novruz bayramı”, “Ramazan bayramı”, “Qurban bayramı”, “Varlı evində toy”, “Kasıb evində toy”, “Od üstündən tullanmaq”, “Kos-kosa”, “Çilə kəsdi”, “Arvad toyu”, “Xoruz döyüşdürülməsi”, “Kəndirbaz” və bu kimi mövzuları əhatə edən əsərlərini sadalamaq olar. Bu əsərlərdə rəssam milli mədəni irsimizi olduqca məharətli şəkildə, tam dolğunluğu ilə təsvir etmişdir.

Əzim Əzimzadənin bu mövzulu əsərlərində satirik əhval-ruhiyyə də özünü büruzə verməkdədir. “Varlı evində toy” və “Kasıb evində toy” adlı iki müqayisəli şəkildə əks olunmuş əsərdə olduqca məharətlə təzad əks olunmuşdur. Rəssam varlı təbəqə ilə kasıb təbəqəni üz-üzə qoyaraq cəmiyyətin belə təzadlı həyat şəraiti sürməsində səbəbkar olanları qınayır. O, təsvir etdiyi obrazların üz ifadələrində məharətlə həyat şəraitlərini, güzəranların və psixoloji vəziyyətlərini əks etdirə bilmişdir.

“Varlı evində toy” əsərində müəllif var-dövləti əks etdirmək üçün daha əlvan və şux koloritdən faydalanmış, qızılı, qırmızı və yaşıl rəngin açıq tonlarından istifadə edərək daha təmtəraqlı bir təəssürat yaratmağa müvəffəq olmuşdur. Rəssam eyni mövzulu digər əsərində isə daha tünd rənglərə üstünlük vermişdir. “Kasıb evində toy” əsərinin yeganə işıq-kölgə mənbəyi kompozisiyanın mərkəzindəki qadının libasındakı və xanəndənin əlindəki qavalın təsvirində istifadə edilmiş sarı rəngli koloritdir. Xüsusi incəliklə işlənilmiş hər iki əsərdə təsvir edilən təbəqənin geyimləri naxışlarına qədər fərqli işlənilmişdir. Varlı evindəki ab-havanın əksi digər tabloda olduqca ustalıqla öz əksini tapmışdır. Əsərlərdə dövrün geyimləri, adət-ənənələri bariz şəkildə təsvir olunmuşdur. XX əsrin əvvəllərində toy kimi bir adətin özəllikləri bu əsərlərdə qorunub saxlanılır.

Rəssamın yaradıcılığında cəmiyyətdəki iki təbəqəni müqayisəli şəkildə əks etdirən digər bir mövzu Ramazan bayramı ilə bağlıdır. “Varlı evində Ramazan” və “Kasıb evində Ramazan” əsərlərində də biz eyni vəziyyətin şahidi oluruq. Rəssam hər iki təbəqənin eyni bayramı qeyd etmə adətini təsvir etmişdir. Burada da eyni dəst-xət özünü büruzə verməkdədir. Birinci əsərdə sarı rəngə üstünlük verilməklə kübar cəmiyyətin təmtəraqlı həyatı işıqlandırılmış, digərində isə bu rəngin tonlarından olduqca az istifadə edilmişdir. Təbii ki, təzad sadəcə bununla kifayətlənmir. Ailə üzvlərinin geyimində, süfrədəki nemətlərin bolluğunda da bunu ayırd etmək asandır.

Sözügedən əsərlərdə gündəlik məişətdə baş verən hadisələrin təsvir edilərək ifşa olunması təkcə öz dövrü üçün aktual deyildi, indi də cəmiyyətdə eyni çatışmazlıqlar var. Dövründən asılı olmayaraq bu gün də rəssamın əsərlərinin öz mədəni və siyasi əhəmiyyətini saxlaması Əzim Əzimzadə yaradıcılığını xarakterizə edən başlıca məziyyətlərdəndir.

Əzim Əzimzadə yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişafında əvəzedilməz bir mövqe tutur. Azərbaycanda realistik qrafikanın banisi, kitab qrafikasının yaradıcısı, satirik rəsmin mahir ustası kimi tanınan Əzim Əzimzadə cəmiyyətdə baş verən hadisələrə, həyatın təzadlarına dəqiqliklə diqqət yetirərək insanların taleyini, milli mənəvi əxlaqi və estetik xüsusiyyətləri canlı müşahidələr əsasında əsərlərində əks etdirirdi.

Gülnaz Quliyeva

sənətşünas

 

09:21