Yeni iliniz mübarək. Həmrəy də olarıq, bütün varlığımla buna inanıram. Tələsən yerimiz yoxdur

Yeni iliniz mübarək. Həmrəy də olarıq, bütün varlığımla buna inanıram. Tələsən yerimiz yoxdur.

“...İmzasını atmış miləl-övraqi həyata
Yox millətimin xətti bu imzalar içində...”
                                                               Məhəmməd Hadi.

Mən Lənkəranda dünyaya gəlmişəm və 16 yaşına kimi də orada yaşamışam.  Lənkəranla Astaranın arası vur-tut 40 km olar. Yəni 40 km-dən sonra İrandasan. Yadımdadır uşaq vaxtı yay tətilində hər zaman Lənkəranın İstisu istirahət mərkəzinə gedərdik.  Bəzən orada bir ay, bəzən də elə tətilimizin 3 ayını orada keçirdərdik. Əsasən də uşaqlıqda orada tanış olduğumuz qızlarla daha çox vaxt keçirmək və ilk məhəbbət deyilən bir şeyin dadını uzatmaqçün qohum-əqrabanın “putyovka”larından da gen-bol istifadə edirdik. Səhərlər hər kotecdən o vaxtın dəbi olan radioqəbuledicilərdən İranın “radio Dərya” deyilən musiqi kanalından ətrafa şirin Azərbaycan dilində və Təbriz ləhcəsində gözəl musiqilərə qulaq asardıq. Əlbəttə ki, fars dilində olan musiqilər də türk mahnılarıyla həmahəng səslənərdi. İranla bizim aramızda nə Araz çayı var, nə də Xudafərin körpüsü.  Eləcə yoldur və tikanlı məftillər. O məftilləri ki, 1989-cu ilin dekabrnda millət kəsdi və Mirzə Cəlilin təbiri ilə desək, “ərdəbilli, astaralı, urmulu, təbrizli, xoylu , mərəndli, mağaralı qardaşlar bu taydakı bakılı, şəkili, lənkəranlı, astaralı, naxçıvanlı qardaşları ilə qovuşdular”... Əslində bu simvolik bir  “qovuşma” idi. Amma bunun çox böyük mənası da yox deyildi. Millət nəhəng Sovet İmperiyasına və mürtəce İran rejiminə qarşı “qorxmuram” deyibən həqiqətən üsyana qalxmışdı.
Elə həmin il ilk dəfə İstanbulda Uluslararası Azərbaycan Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü və 1991-ci il dekabr ayının 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci il bu qərarın rəsmi qəbulu ili oldu. Beləliklə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi.
Əslində həm bu qərarın, həm də bu günün çox böyük tarixi mənası vardır. Ən böyük siyasi və ictimai çəkisi də ondan ibarət oldu. Biz ilk dəfə yüksək tribunalardan səsləndik ki, ”DünyadaAzərbaycanlıların sayı 8-9 milyon yox, sən demə 50 milyona yaxın böyük bir xalq imişik”… İlk dəfə rəsmi şəkildə bizə aydın oldu ki, İrandakı soydaşlarımızın sayı 35 milyonu keçir və Azərbaycan Türkləri İranın milli azlıq xalqlarından biri deyil. Özbəöz ən çoxsayı olan böyük bir toplumdur. Əslində bu barədə daha çox bizdən gizlədilmiş və tarixini saxtalaşdırmağa cəhd edilmiş cumhuriyyətimizn lideri Məhəmməd Əmin Rəsulzadə çox əvvəllərdə öz əsərlərində və çıxışlarında bəhs etmişdi. Nə yazıq ki, bu gün də o böyük şəxsiyyətin dühasına qarşı Azərbaycanın indiki hökümətində qısqanclıq və görməzdən gəlməzlik var. Halbuki, bu gün mövcud olan Azərbaycan Respublikası Ana Yasasının 1-ci maddəsində belə qeyd olunur: “Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir”. O zaman sual olunur ki, AXC hakimiyyətini quran və onun öndəri olan Məmməd Əmin Rəsulzadəyə kibircəsinə olan bu münasibət nə deməkdir? Müxalifəti də bu məsələdə ciddi şəkildə qınamaq gərəkdir. Bu gün Azərbaycan faciəsinin əsil səbəbi böyük öndər Məmməd Əmin Rəsulzadə haqqında danışılsa da, cəmiyyətin rəsulzadələşməsi prosesi yox kimidir. ABŞ ona ABŞ-dır ki, orada hər kəs bu dövlət üçün onun təməlini qoymuş Corc Vaşinqtonun ənənələrinə xidmət edir. Rusiyada 200 illik Şarlıq, 70 illik Sovet və bu gün 25 illik Federal dövlət düzənini yaşasa da heç bir zaman çağdaş rus dövlətçiliyinin təməlini qoymuş I Pyotrdan vaz keçmədilər. Fransada Respublika dövlət modelinin təməlini qurmuş Napoleon Bonopart hər bir fransızın ruhunun mayası deməkdir. Belə faktları saymaqla bitməz. Gözəlim Azərbaycanımızda bütün bunlara seyrçi baxışla yanaşmaqdan savayı hər şey yox kimidir. Böyük öndər Məmməd Əmin Rəsulzadə “Milli Təsannüd”, yəni “MİLLİ BARIŞ” doktrinasını hələ 1918-ci ildə yazıb. Dünyada heç bir millətin lideri bunca möhtəşəm doktrina yazmayıb. Əgər Azərbaycanda bu doktrinaya söykəmli dövlət olmanın anlayışı ictimai xarakter daşımış olsaydı, bizlər lap çoxdan 25 ildir işğal altında qalmış, qürbətdəki kimi sızıldayan yaralarımız sağalmışdı. Qarabağa sahib çıxmaqla Qafqazda supergüc dövlət olmanın və Bütöv Azərbaycan yolunda aparılan MİLLİ DAVAmızın proseslərinə üz tutardıq. Sayları bu gün 10 milyondan çox olan o taylı və bu taylı soydaşlarımızın qürur mənbəyi kimi dünyanın ən öndə gedən toplumlarından biri kimi, güclü ola bilərdik. Bizlər ona görə sayı bitib-tükənməyən minlərlə dərdlərin və əzabların girovuna çevrilmişik ki, milli bütünlük yolunda birlikdə addımlamırıq. Güney Azərbaycanlı soydaşlarımız demişkən bir məsələnin üstündə durmağı vacib bilirəm. Bu gün vətənimizdən kənardakı soydaşlarımızın da əksəriyyəti Güney Azərbaycanlılardır. Əlbəttə saylarının çoxluğunu nəzərə alaraq onların arasında da siyasi və təfəkkür ayrıseçkiliyi qabarıq göstərilməkdədir. Belə ki, bəziləri İranı öz dövləti bilərək oradakı xalqların öz müqəddəratını təyinetmə fikrinə daha çox üstünlük verirlər və onların düşüncəsi İranı federal bir dövlət kimi görməkdir. Amma ikinci bir qrup isə Güney Azərbaycanı İrandan tam ayırmaq və İstiqlal düşüncəsi ilə daha çox Quzey və Güney Azərbaycanı bütöv bir ölkə görməkdir. Dekabr ayının xalqımızın tarixində bir önəmli rolu ondan ibarətdir ki, məhz elə bu ayda 1945-ci ildə İranda Güney Azərbaycan adlı Milli Hökumət yaradıldı və Seyid Cəfər Pişəvəri liderliyində 21 Azər Hərəkatı kimi tarixə keçən bu istiqlal mücadiləsinin ömrü təəssüf ki, bir ildən çox sürmədi və 1946-cı ildə süquta uğradı. Dünyada  50 milyondan çox Azərbaycanlı var. Tarixi vətənimizdən kənarda təxminən 10 milyona yaxın Azərbaycan Türkü yaşayır. İndi xaricdə çoxlu sayda  dərnəklərimiz və federasiyalarımız fəaliyyət göstərir. Amma min dəfələrlə təəssüflər olsun ki,  hələ də birləşməyə, yəni “həmrəylik”dən söhbət belə gedə bilməz. Biz hələ də cənublu qardaşlarımıza “iranlı”, ”həmşəri”, onlarsa bizə ”şurəvi”, ”rusbaşlı” “sovetli” deyirlər. Üzdə deməsələr də bir-birlərinin arasında və ürəklərində hər zaman bu var. Elə biz qüzeylilərin qardaş deyib arxada “iranlıdır da”... deməsinin dəfələrlə şahidi olmuşuq. Dövlətimizin daha doğru desək YAP igtidarının diaspor siyasəti də korrupsiyalaşmış dövlət qurumlarının tərkib hissəsidir. Hətta ayrı-ayrı deputat deyilən məxluqatın diliylə bizə hərdən “otxod”, ”tör-töküntü” deməkdən də çəkinmir YAP höküməti. Amma adamın allahı var hərdən ayrı-ayrıa damlara “Tərəqqi” medalı deyilən dəmir parçası verib uşaq oyuncağı kimi bəzilərinin qabağına atırlar. Sonra da onlardan öz şəxsi biznesləri üçün istifadə edirlər. Özü də tərəqqi medalı alanların çoxu yalnız bölücülük və antidiaspor fəaliyyəti aparanlardır. Bunları biz görə-görə gedirik. Əlbəttə dünyadakı həmvətənlərimiz təklikdə tarixi vətənimizü üçün daha çox işlər görə bilirlər, nəinki bir federasiya və qurum halında. Bu sahədə Rusiya, Türkiyə və Almaniyadakı soydaşlarımızı xüsusi qeyd etmək yerinə düşərdi. Mən İsveçdən ona görə yazmıram ki, buradakı diaspor təşkilatları Dövlət Diaspor Komitəsinin sayeyi mərhəmətindən yox səviyəsinə enməkdə davam edirlər. Amma Göteborgdakı “Azərbaycan Evi” və Malmödəki “Vətən Cəmiyyəti”nin az-çox fəaliyyəti görünür. Cavad Derəxtinin yaratdığı “EuroAZ” televiziya kanalı da Azərbaycan hökümətinin diaspor siyasətinin qurbanı olaraq yayımını dayandırdı. İsveçdə ermənilərin isveç dilində bir çox tv kanalları və saytları fəaliyyət göstərir. Amma bizim yaratdığımız İsveç dilində yeganə azərbaycan saytı olan “sweden.az” saytı öz azərbaycanlılarımızın danoslarının və biganəliyin sayəsində fəaliyyətini bir neçə il bundan öncə  dayandırıb. Nə yaxşı ki, Güney Azərbaycandan və Türkiyədən olan həmvətənlərimiz var və onlar xaricdə fəaliyyət göstərirlər. Yoxsa biz özümüzü qırıb qurtarardıq. Necə ki, qırmaqda davam edirik.
Yeni iliniz mübarək. İnşallah həmrəy də olarıq. Hara tələsirik. Hələ o qədər torpağımız var ki!!!.

17:36