Soyuq ellərdə isti Azərbaycan havası.

Buralar çox soyuqdur. İsveçdə bəzən havanın tempraturu qışda -15, -20 dərəcə olur. Yuxarıda Şimali Laplandiyada isə havalar bəzən lap - 45 dərəcəyə qədər azalır. İnsanları xoşgörülü, səmimi və humanistdirlər. Əlbəttə ki, son zamanlar burada da əcnəbilərə, xüsusilə də müsəlman toplumuna qarşı fobi artıb. Onun da təbii ki, bir çox nədəni. Ən son ötən il aprel ayında İsveçin paytaxtı Stockholmun mərkəzində törədilən terror aktı insanlarda, cəmiyyətdə migrantlara qarşı xofun bir az da artmasına vəsilə oldu.
İsveçin siyasəti humanizm və tolerantlıq üzərində qurulub. Burada bir çox sayda etnik dərnəklər, onları birləşdirən çətir birliklər fəaliyyət göstərir. Hətta iki ildən çox fəaliyyət göstərən, sayı min nəfərdən artıq və İsveçin 3 şəhərindən olan dərnəklərin çətir birliklərinə, yəni Federasiyalara dövlət müəyyən qədər maddi yardım da edir. Əlbəttə maddi yardımı alan təşkilatların çoxunun rəhbərliyi bu vəsaiti mənimsəyir də. Amma belə hallar olduqda əsasən Federasiyaların tərkibində olan dərnəklər buna etiraz edərək yeni idarə heyətinin seçilməsinə nail olurlar. Bizim Azərbaycan toplumunun da iki belə federasiyası var. Amma təəssüf ki, bizim toplum onların fəaliyyətsizliyinə biganə münasibət göstərirlər. Burada da “siyasətlə məşğul olmuruq” deyə yaxamızı kənara çəkirik. Hətta İsveç dövlətindən artıq ikinci ildir ki müəyyən qədər maddi yardım alan bir təşkilatımızın fəaliyyəti heç görünmür və onların faktik sayı 5-6 nəfərdən ibarətdir.

Amma Azərbaycan Konqresi adına iddia edirlər. Nəysə... Bunlarla vaxtınızı çox almaq istəmirəm. Yuxarıda da yazdığım kimi bura soyuq ölkədir. Bizim burada isti münasibətə daha çox ehtiyacımız var. Havalar qışda günorta 15.30 da qaralır. İnsanlarımız çox zaman işdən evə, evdən işə gedirlər. Əyləncəyə- filana heç vaxt da olmur. Bizim əyləncə mədəniyyətimiz də İsveçlilərdən fərqlidir. Məsələn cümə-şənbə günləri isveçlilər, kişilər xanımları və dostları ilə pivəxanalarda, barlarda, gecə klublarında daha çox əylənirlər. Bizim toplum əlbəttə ki, daha çox ailəvi, uşaqlarla birlikdə vaxt keçirməyi xoşlayır. Onunçün də heç olmasa ildə 4-5 dəfə kütləvi tədbirlər təşkil etmək və toplumu bir araya gətirmək çox vacibdir. Burada anadan olan uşaqlarımızın da mənsub olduqları ölkənin gələnəklərini bilməsi duyması çox vacibdir.
İsveçdə SAF dərnəyi (sədr Sevda Dadaşova) cəmi bir ildir ki, fəaliyyət göstərir. Amma bu bir ildə iki böyük kütləvi tədbirə imza atıb. Keçən il bu dərnəyin təşkilatçılığı ilə keçirilən Novruz Bayramı haqqında ətraflı yazmışdım. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş “Ana Yurdum” konserti bu dərnəyin gördüyü çox möhtəşəm bir tədbir oldu.

Əvvəla Azərbaycandan gələn müğənnilər gənclər idilər və enerji ilə, coşqu ilə məclisi şənləndirdilər. Çinarə Məlikzadə ölməz bəstəkarımız Emin Sabitoğlunun “Dədə Qorqud” filmi üçün yazdığı və daha çox “İncə bellim” kimi yadda qalan musiqisinə yeni quruluş vermiş və “Ana Yurdum Azərbaycan” adı ilə eksklusiv olaraq ilk dəfə Stockholmda mahnını ifa etdi. Məncə bu musiqi parçası son zamanların ən uğurlu vətənpərvərlik melodiyası kimi yaddaşlara həkk olunacaq. Gənc ifaçılar İlqar Sadıqov və Ceyla Məmmədova məclisi riqqətə gətirirdilər. Bu uşaqlar elə bil 30-40 ildir səhnədədirlər və ortama çox tez hakim ola bilirdilər. Gənc muğam ustası Murad Rüstəmzadə “Qarabağ Şikəstəsini” oxuyanda göz yaşlarımdan kameranın arxasından ekranı görə bilmirdim. Çoxdandır belə kövrəlməmişdim. Təbii ki artıq bir neçə dəfə burada, İsveçdə el şənliklərində və tədbirlərdə iştirak etmiş Sevda Əliverdibəyovanın da şən musiqiləri məclisə rəngarənglik və şövq qatdı. Toplum artıq belə tədbirləri fəallardan dərnəklərdən tələb edir ki, məhz milli törənlərimizi bu yöndə birlik və bərabərlik içində beləcə qeyd edək. Bu həm də bizim uğurumuz sayıla bilər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramlarını beləcə İsveçdə, qürbətdə qeyd etdik. Məncə ötən illərdən fərqli olaraq, bir millət kimi qürbətdə birlik və bərabərliyimizi beləcə ortaya qoya bildik. Bir millət o zaman böyük başarılara imza atır ki, istər öz ölkəsində, istərsə də qürbətdə birlik nümayiş etdirə bilir. Bu da milli diriliyimizin bütövlüyü deməkdir. Ən çox bu yeni ilin daxil olması münasibətilə məhz bunları dilədim. Hər birinizin yeni ili məhz beləcə dirilik içində olsun.

Xüsusi olaraq Stockholmdan Rahim Sadiqbəyli

15:41