“Yaradanın hikməti, bəşərin fəlsəfəsi” kitabının təqdimatı olub

 

Bakıda yazıçı-publisist, əməkdar jurnalist Qəmbər Ağayev və Novxanı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Nazilə Hüseynzadənin müəllifi olduğu “Yaradanın hikməti, bəşərin fəlsəfəsi” adlı kitabın təqdimat mərasimi keçirilib. “Kitabevim.az” mağazasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın elm və ədəbiyyat xadimləri iştirak ediblər.

Nəşrə “Ön söz”ün müəllifi və məsul redaktor, əməkdar jurnalist Murad Qoçuoğlu çıxış edərək kitabın məziyyətlərindən söz açıb. Müəlliflərin pedaqoji fəaliyyəti və yaradıcılıq axtarışlarından danışan M.Qoçuoğlu bildirib ki, nəşrdə yer alan fikirlərin və aforizmlərin böyük bir hissəsi ilk dəfə məhz Qəmbər Ağayev və Nazilə Hüseynzadə tərəfindən toplanaraq böyük həcmdə kitab halında çap edilib. Vurğulanıb ki, müxtəlif mənbələrdə, bədii əsərlərdə, qəzet səhifələrində yer alan, habelə ünsiyyət zamanı işlədilən ifadələrdən istifadə edilərək ərsəyə gələn bu kitab xeyirxah məqsədə xidmət edir. Sözügedən nəşr tərbiyəvi mahiyyətə malik olmaqla yanaşı, cəmiyyətin bütün təbəqələri üçün maarifləndirici xarakter daşıyır. Ümumiyyətlə, kitabda insan həyatının mahiyyəti, dünyanın inkişaf qanunauyğunluqları, vətən, həyat, sevgi ilə bağlı deyilmiş mənalı və düşündürücü ifadələr var ki, onlar bütün zamanlar üçün müasirdir. Müəlliflərin zəhmətlə ərsəyə gətirdikləri bu kitab onların sözə verdikləri dəyərin nəticəsidir.

Nəşrin rəyçisi, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, indiyədək nəşr olunmuş bu məzmunlu kitablarda əsasən görkəmli şəxsiyyətlərin, filosofların, ilahiyyatçıların, alimlərin, ictimai xadimlərin və ədiblərin deyimlərinə yer verilib. Lakin “Yaradanın hikməti, bəşərin fəlsəfəsi” kitabında problem və məsələlərə ümumxalq təcrübəsi baxımından yanaşma mövcuddur. Bu da oxucuya kitabda cinsi, irqi, dini, ictimai və elmi mövqeyindən asılı olmayaraq hikmətli fikir söyləmiş hər kəsin deyimlərinə rast gələ bilmək imkanı yaradır. Kitab müəyyən həcmi əhatə etsə də, onun təsir dairəsi, oxucunu düşündürmək imkanları çox genişdir. Sonra müəlliflər kitabın yazılma səbəbindən danışıblar və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Xudaferin.eu

09:18