Yaponiyanın müdafiə naziri KXDR tərəfindən keçiriləcək növbəti sınaqlarla bağlı xəbərdarlıq edib

 

Yaponiyanın silahlı qüvvələri oktyabrın 10-u ərəfəsində, ölkədə parlamentin aşağı palatasına seçkilərlə bağlı rəsmi kampaniyanın başlaması və Kore Xalq Demokratik Respublikası (KXDR) Əmək Partiyasının yaradılmasının ildönümü ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Bu barədə Yaponiyanın müdafiə naziri İtsunori Onodera Tokioda keçirilən mətbuat konfransında məlumat verib.

 

Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Oktyabrın 10-u Şimali Koreyada mühüm tarixi gün hesab edilir. Orada belə bayramlar ərəfəsində və ya sonra hərbi sınaqların keçirilməsi artıq ənənə halını alıb. Biz yeni mümkün təxribatlara qarşı ciddi şəkildə hazırlaşacağıq”.

Baş nazir Şinzo Abe müdafiə naziri İ.Onoderaya və Nazirlər Kabinetinin baş katibi Y. Suqaya oktyabrın 22-də keçiriləcək ümumi seçkilərlə əlaqədar Tokionu tərk etməmək barədə göstəriş verib. Bu addım Pxenyan tərəfindən raket buraxılışı və ya nüvə sınağı daxil olmaqla istənilən təxribata qarşı maksimum sürətlə reaksiya verilməsini təmin etmək məqsədi daşıyır.

Hazırda Kore yarımadasında vəziyyət həddindən artıq gərgin olaraq qalır. İyulda KXDR iki dəfə ballistik raket sınağı keçirib. Mütəxəssislər tərəfindən qitələrarası raketlərin prototipi hesab edilən bu orta məsafəli raketlər Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb. Sentyabrın 3-də isə Pxenyan ballistik raketlərin başlığı üçün nəzərdə tutulan hidrogen bombasının uğurlu sınağı barədə rəsmi məlumat yayıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:24