Yaponiya və ABŞ liderləri Quzey Koreyə təzyiqi artırmaq barədə razılığa gəliblər

 

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp raket və nüvə proqramlarını davam etdirən Quzey Koreyə təzyiqi artırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər. NHK telekanalının yaydığı məlumata görə, iki ölkənin liderləri Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər.

Görüşdə D.Tramp bildirib ki, Quzey Koreya özündə “problem və təhlükəni” əks etdirir. Ş.Abe qeyd edib ki, Pxenyana təzyiqin artırılması zəruridir. ABŞ və Güney Kore liderləri ilə bu günlərdə aparılan danışıqlar Quzey Koreyə qarşı vahid mövqenin təsdiq olunması baxımından böyük əhəmiyyətə malikdir.

ABŞ və Yaponiya arasında yaranmış ticarət kəsirinə diqqəti yönəldən D.Tramp qarşılıqlı faydaya əsaslanan ticarət əməkdaşlığına çağırıb. Ş.Abe müavini Taro Asonun və ABŞ-ın vitse-prezidenti Mayk Pensin cari ildə nəzərdə tutulan görüşünün iki ölkə arasında konstruktiv iqtisadi dialoq yaradacağına ümidvar olduğunu bildirib. Görüş zamanı Ş.Abe ABŞ Prezidentini ölkəsinə səfərə dəvət edib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:28