Yaponiya müxalifəti parlamentin növbədənkənar sessiyasının çağırılmasını tələb edir

 

 

Yaponiyanın əsas müxalifət partiyası olan Demokratik Partiya (DP) və daha üç siyasi təşkilat hökumətdən müdafiə naziri Tomomi İnada ilə əlaqədar baş vermiş qalmaqala görə parlamentin növbədənkənar sessiyasının çağırılmasını tələb edib. Bu barədə rəsmi müraciət iyunun 29-da parlamentin aşağı palatasının sədri Tadamori Oşimaya təqdim edilib.

Yaponiya Konstitusiyasının 53-cü maddəsinə əsasən, parlamentin növbədənkənar sessiyası deputatlardan dörddə birinin tələbi il hökumət tərəfindən çağırılır. Müxalifətin tələbini şərh edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, əsas qanunda parlamentin növbədənkənar çağırılması ilə əlaqədar konkret müddət göstərilmir.

Bununla yanaşı, baş katib iyunun 28-də səsləndirdiyi fikri bir daha təsdiq edib ki, T.İnada öz vəzifələrinin icrasını davam etdirməlidir. Y.Suqa deyib: “Nazir İnada səhv qəbul olunan bəyanatını geri çağırıb və üzr istəyib”. Eyni zamanda, baş katib baş vermiş qalmaqalın Şinzo Abenin hökumətdə dəyişikliklərlə bağlı planına təsiri barədə suala cavab verməkdən də imtina edib və bildirib ki, bu məsələ Baş nazirin səlahiyyətləri çərçivəsindədir.
Xatırladaq ki, qalmaqal T.İnadanın Tokionun İçabaşi rayonunda paytaxt prefekturasının assambleyasına Liberal Demokratik Partiyadan (LDP) olan namizədi dəstəkləmək məqsədilə çıxışından sonra başlanıb. Nazir həmin çıxışı zamanı seçiciləri Müdafiə Nazirliyi, özünümüdafiə qüvvələri və LDP adından həmin namizədi dəstəkləməyə çağırıb. DP-nin lideri xanım Renho bildirib ki, bu, ölkə Konstitusiyasını, seçkilər və özünümüdafiə qüvvələri haqqında qanunları pozur və o, nazirdən istefa verməsini tələb edib. Renho əlavə edib ki, nazirlərin təyini ilə əlaqədar məsuliyyət hökumət başçısının üzərinə düşür.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

09:25