Vyanada Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü münasibətilə “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib. Tədbir “Xan Şuşinski Fondu”nun və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Milli Musiqi Günü barəsində məlumat verib. Qeyd edilib ki, musiqili axşam Azərbaycanın musiqi beşiyi olan Qarabağa və bu qədim Azərbaycan torpağının yetişdirdiyi musiqiçilərə həsr olunub.

Bildirilib ki, ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə Mədəniyyət Mərkəzi ənənəvi olaraq hər il həmin ərəfədə Azərbaycan musiqisinin təbliğinə xidmət edən tədbirlər təşkil edir. Bu il “Könlüm keçir Qarabağdan” layihəsi isə musiqi diyarı Qarabağın daha bir yetirməsi, Azərbaycan muğamlarının ölməz ifaçısı, muğam sənətimizin inkişafında misilsiz xidmətləri olan Xan Şuşinskinin xatirəsinə ithaf olunub.

“Xan Şuşinski Fondu”nun prezidenti, böyük xalq sənətkarının qızı Bəyimxanım Verdiyeva-Cavanşirova öz çıxışında musiqinin xalqlar arasında körpü rolu oynadığını, musiqi dili ilə insanların daha yaxşı anlaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumun da əsas hədəfi xarici ölkələrdə mədəni-kütləvi tədbirlər keçirməklə Azərbaycan mədəniyyətini yaxından tanıtmaqdır.

Tədbirdə Azərbaycan musiqiçiləri xalq musiqilərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, tanınmış muğam ifaçıları Ehtiram Hüseynov və Sevinc Sarıyevanın təqdimatında milli musiqi parçaları böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan muğamlarının və xalq mahnılarının ifa olunduğu konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.

Xudaferin.eu
“Avropa Bürosu”

 

11:42