Ustad aşıqlara həsr olunmuş 9 kitabın təqdimatı olub

 

 

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasindan nəşr olunmuş 9 kitabın təqdimatı keçirilib. Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-ın katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Bədii-yaradıcılıq xarakterli tədbir Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Aşıqlar Birliyi ilə birgə həyata keçirdikləri tədbirlərdən söz açıb. O, aşıq musiqisinin Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olduğunu söyləyib, kitabların nəşr edilməsini yüksək qiymətləndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı rəhbərlik etdiyi qurum tərəfindən bir çox layihələrin reallaşdırıldığını vurğulayaraq təqdimatı keçirilən kitablar barədə məlumat verib. Bildirib ki, 2016-cı ilin sonlarında Aşıqlar Birliyi bu layihəyə start verib. “Günümüzün ustad aşıqları” adlanan bu layihə çərçivəsində dövrümüzün ustad aşıqlarından əməkdar incəsənət xadimi Ədalət Nəsibov, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Respublikamızda və onun hüdudlarından kənarlarda kifayət qədər tanınan bu ustadlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

“Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş bu kitablar yüksək poliqrafik tərtibatı ilə yanaşı, həm də hər bir ustada fərdi qaydada yanaşmaqla özünəməxsus bir üslubda hazırlanması ilə diqqəti çəkir. Hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs edən kitablarda, eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılığından seçmə nümunələrin yer alması, bu ustadların həyatlarının müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillərin verilməsi təqdirəlayiq haldır. Bu mənada, hər kitab bir ustad haqqında bir növ ensiklopedik məlumat toplusu xarakteri daşıyır.

Birliyin sədri aşıq sənətinin təbliği istiqamətində bu layihələrin həyata keçirildiyini vurğulayıb. Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin elmi-mədəni qurum olduğunu diqqətə çatdıraraq birlik tərəfindən ötən il 15-ə yaxın tədbir keçirildiyini söyləyib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev aşıqların keçdikləri yaradıcılıq yoluna nəzər salan bu layihənin önəmini vurğulayıb. Bildirib ki, bu kitabların nəşr edilməsi aşıqlara çox böyük hədiyədir. Nazir müavini aşıq sənətinin dövlətçiliklə bağlı olduğunu söyləyib. Azərbaycan Aşıqlar Birliyinin fəal fəaliyyət göstərdiyini deyən Vaqif Əliyev dövlət tərəfindən də quruma diqqət və dəstək göstərildiyini bildirib. Aşıq sənəti ilə bağlı keçirilən tədbirlərin, festivalların bu sənətin nüfuzunu qaldırdığını qeyd edib, aşıqların fəxri adlara layiq görüldüyünü deyib. Təqdimatda çıxış edən ustad aşıqlar, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Bu layihədə hər bir ustada fərdi yanaşıldığını qeyd ediblər. Tədbirdə aşıqların ifasında aşıq havaları səsləndirilib. Aşıq ədəbiyyatını özündə əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xudaferin.eu

09:29