Toğrul Nərimanbəyovun rənglər melodiyası Kannda nümayiş olunur

 

Xəbər verildiyi kimi, iyulun 13-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlayıb. Mədəniyyət günləri çərçivəsində şəhərdəki “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan təsviri incəsənətində böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından söz açan Anar Ələkbərov bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən Kann şəhərinin meriyasına təşəkkür edib. Kann şəhəri merinin müavini Frank Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulayıb. Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Kann sakinlərinə və turistlərə ölkəmizin mədəniyyətini daha yaxından tanımağa imkan verəcək. Belə tədbirlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

“Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi Kann sakinləri və turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir. Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallarla tanış olmaq mümkündür. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb.

Xudaferin.eu
“Avropa Bürosu”

 

12:59