Siyasi fəallara qarşı qəddar münasibət nədən irəli gəlir?

 

"Mehman Qələndərovun qətlinin arxasında duran ən başlıca səbəb həbsindən bir müddət əvvəl Bayram Məmmədov və Qiyas İbrahimova dəstək olaraq Heydər Əliyevin heykəlinin qarşısında təkadamlıq aksiya keçirməsi və şüarlar səsləndirməsi oldu." Bunu aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında bildirildiyinə görə intihar edən Mehman Qələndərovun ölümü ilə bağlı Amerikanın Səsinə müsahibə verən NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli bildirib.

Onun sözlərinə əsasən, həbs olunandan sonra Mehman polis bölməsində çox ciddi işgəncələrə məruz qalıb və orada ona deyiblər ki, məhz "ümummilli liderə qarşı aksiya keçirib, etiraz bildirdiyi üçün həbsxanadan sağ çıxmayacaq". Eləcə də buna bənzər sözlər Heydər Əliyevin heykəlinə şüar yazdığı üçün bir ilə yaxındır həbsdə olan Bayram Məmmədova da bildirilib. Hal-hazırda həbsxanada işgəncələrə məruz qaldığı iddia olunan siyasi məhbus İlkin Rüstəmzadənin vəziyyəti ilə də bağlı Amerikanın Səsinə məlumat verən Ülvi Həsənli bildirib ki, bir müddət əvvəl beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən ciddi rezonansın ardınca onun həkim müayinəsindən keçirilməsinə nail olundu və xəstəliyi rəsmi olaraq təsdiqini tapdı. Lakin bundan sonra İlkin Rüstəmzadənin müalicəsi ilə bağlı nə Penitensiar xidmət, nə də digər hökümət orqanları tərəfindən heç bir addım atılmayıb. Bununla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə dəfə onunla görüşərək, sağlamlığındakı problemlərdən sui-istifadə edib, hökümətlə hər hansı bir formada əməkdaşlıq etməyə razı salmağa çalışıblar. Ona bildiriblər ki, əməkdaşlıq etmədiyi halda ona heç bir tibbi yardım göstərilməyəcək və onun da həbsxanada öləcəyi tərzində hədə-qorxu gəliblər.

Beynəlxalq qurumlar Azərbaycan hökümətinə öhdəliklərini xatırlatmalı, onlara qırmızı xəttin harda olduğunu göstərməlidirlər. NİDA-nın idarə heyətinin üzvü beynəlxalq təşkilatları hakimiyyətə qarşı ''yumşaq'' olmaqda günahlandırıb. "Azərbaycanın həm işgəncələrlə, həm insan hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısındakı ciddi öhdəliklərini pozmasına baxmayaraq, bu təşkilatlar tərəfindən demək olar ki, heç bir təzyiqlə üzləşmirlər. Həmin təşkilatlarla görüşlərimiz zamanı biz də onlara öz iradlarımızı bildiririk".

Ülvi Həsənli hökümətin son dövrlərdəki qadağa və repressiyaların səbəbini 2 il öncə ölkədə başlayan iqtisadi böhrana görə yaranmaqda olan sosial-iqtisadi etirazların qarşısını almaq üçün qabaqlayıcı tədbir adlandırıb. "Bir sıra azad media qurumlarının sıxışdırılması da məhz artıq yüksəlməkdə olan etiraz dalğasını yatızdırmaq məqsədi güdür",deyə o əlavə edib. Əgər ölkədə obyektiv narazılıq varsa bunun qarşısını almaq mümkün deyil. 21-ci əsrdə texnologiya ilə mübarizə aparmaq axmaqlıqdır. Gələcəklə bağlı ümidlini ifadə edən Ülvi Həsənli, bu qədər sərt tədbirlərə baxmayaraq, hakimiyyətin öz məqsədinə nail ola bilməyəcəyini düşündüyünü bildirib. "Çünki ölkədə vətəndaş cəmiyyətinin ayaqda qalması üçün çalışan insanlar, təşkilatlar hələ də mövcuddur. Həmçinin həbsdən çıxan siyasi məhbuslar da azadlığa çıxdıqdan sonra öz yollarından dönməyiblər, ağır şərait altında belə olsa öz fəaliyyətlərinə davam edirlər", deyə o bildirib.

Vətəndaş Hərəkatı Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Mehman Qələndərovun ölümü ilə bağlı Amerikanın Səsinə müsahibəsində deyib ki, dostları ilə telefon danışığında Mehman polislərin ona "sənin burdan meyidin çıxacaq” dediklərini bildiribmiş. Onun sözlərinə görə, hüquq müdafiəçiləri də, həbsdə olan keçmiş siyasi məhbuslar da təsdiq edirlər ki, istintaq təcridxanasındakı şəraiti nəzərə alsaq məhbusun özünün asması inandırıcı görünmür. "Ölümündən dərhal sonra Mehmanın gizli şəkildə dəfn edilməsi və məzar yerinin gizlədilməsi də onu deməyə əsas verir ki, bu intihar yox, işgəncə nəticəsində baş vermiş ölümdür"-deyə o bildirib.
Samir Əsədli həmçinin hal-hazırda həbsdə olan İlkin Rüstəmzadə və Bayram Məmmədova da DTX-ın əməkdaşları tərəfindən təzyiq göstərildiyini və onların əməkdaşlığa məcbur edildiyini qeyd edib. “Həm İlkinin, həm də Bayramın səhhətində problemlər olmasına baxmayaraq, onlara heç bir tibbi yardım göstərilmir və müxtəlif cür işgəncələrə məruz qalırlar”,deyə o qeyd edib.
Azərbaycandakı repressiyalara beynəlxalq təşkilatlar tərəfindən verilən reaksiyaları yeterli hesab etməyən Samir Əsədli onu da əlavə edib ki, bu cür təşkilatların "baş verən haqsızlıqlara biganə yanaşması həbsdə olan insanların duyğularını incidir".

Amerikaninsesi.org

09:39