Rusiyada yaşayan şairimiz Bakıda “Günlərdən şeir” layihəsində iştirak edib

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Günlərdən şeir” layihəsinin növbəti tədbiri reallaşıb. Layihə İLESAM təşkilatı, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Müşfiq Komissiyasının birgə təşkilatçılığı ilə həyat keçirilib.

Tədbirin qonağı Rusiyada yaşayan şair Nəsib Nəbioğlu, onun qonağı isə “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, şair Adil Cəmil olub. Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov layihə haqqında qısa məlumat verib. Sonra söz 37 ildir Moskvada yaşayan kəlbəcərli şair Nəsib Nəbioğluna verilib. Şair “Nənəmin cəhrəsi”, “Qəlbimin şəhəri”, “Qonşu qız”, “Bir əlim tanrının ətəyindədir”, “Balaca çoban” və “Azərbaycan əsgərinə” adlı şeirlərini oxuyub. Şair Adil Cəmil isə Nəsib Nəbioğlunun yaradıcılığından, şeirə verilən dəyərdən, şair olmağın çətinliyindən danışıb, öz şeirlərini söyləyib.

AYB-nin mətbuat katibi Xəyal Rza bu unikal layihənin əhəmiyyətini vurğulayıb, “Qonaq dərdim” və Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirən ikiyaşlı Zəhraya həsr etdiyi şeirini səsləndirib.

Ədəbiyyatşünas alim Qəzənfər Paşayev Nəsib Nəbioğlunun yaradıcılığı haqqında fikirlərini bölüşüb, layihəni yüksək qiymətləndirib.

Xudaferin.eu

 

09:28