Rəssamlar İttifaqında Türk xalqları folkloru və etnoqrafiyası sərgisi

 

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılıb. Sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 9 fırça ustasının əsərləri ziyarətçilərin ixtiyarına verilib.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər nümayiş edilir. Vurğulanıb ki, 50-dək sənət əsərinin təqdim edildiyi ekspozisiyada türk xalqlarının etnoqrafiyası və folkloruna həsr edilmiş əsrlər sərgilənir. Sərgidə əsrləri nümayiş edilən hər bir iştirakçının yaradıcılığını yüksək qiymətləndirən A.İbrahimov onlara sənət uğurları arzulayıb.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral sərgi haqqında təəssüratlarını bölüşüb. “Bu sərgi türk dünyasının incəsənət xadimlərini bir araya toplamaq üçün xüsusi önəm daşıyır. Sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm, sərginin işinə uğurlar arzulayıram”,-deyə səfir qeyd edib.

Sonra iştirakçı rəssamlar diplomlarla təltif edilib. Qeyd edilib ki, sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi İlqar Əkbərovdur. Bir həftə davam edəcək sərgi qonaqlarda xoş təəssürat yaradıb.

Xudaferin.eu

09:18