Rəssamlar İttifaqında Rəis Rəsulzadənin əsərləri sərgilənəcək

 

İyunun 5-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.

 

Ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənəcək. Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri də sərgidə yer alacaq. Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Rəis Rəsulzadə böyük öndər, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsidir. Rəis Bəy rəssam kimi Azərbaycanın elə bir guşəsi yoxdur ki, həmin bölgənin işıqlı ruhunu tablolarına köçürməsin. Onun əsərlərinin nümayiş etdirilməsi keçmiş Sovetlər Birliyi dönəmində xüsusilə yasaq idi. 

Rəis Rəsulzadə bir pedaqoq kimi uzun illərdir Dövlət Pedaqoji Universitetində təsviri sənətdən dərs deyir. Bu gün onun yüzlərlə tələbələri var ki, Azərbaycanın hər yerində milli təsviri sənətimizlə bağlı ya müəllim kimi dərs deyir, ya da rəssam kimi fəaliyyət göstərirlər.

Xudaferin.eu

11:08