Qətər gəmilərinin Süveyş kanalı limanlarına girişinə qadağa qoyulub

 

 

Qətər gəmilərinin Süveyş kanalı limanlarına girməyə ixtiyarı yoxdur. Bu barədə Süveyş kanalının və ona bağlı iqtisadi zonanın istismarı üzrə idarənin rəhbəri Muhab Məmişin Qahirədə yayımlanan xüsusi bəyanatında bildirilir. Qahirə bu addımı “təhlükəsizlik nöqteyi-nəzərindən” atdığını deyib.

 

Bəyanatda, həmçinin qeyd edilib ki, beynəlxalq qanunvericiliyə əsasən, Qahirə Qətər gəmilərinin bilavasitə Süveyş kanalından keçidini qadağan edə bilməz. Belə ki, beynəlxalq dəhlizin fəaliyyəti Süveyş kanalından azad istifadənin təmin edilməsinə dair 1888-ci ildə imzalanan İstanbul konvensiyasına uyğun olaraq nizamlanır. Konvensiya qul daşınması və narkotik ticarətində istifadə olunan, həmçinin Misirin müharibə vəziyyətində olduğu ölkələrə məxsus gəmilər istisna edilməklə, bütün su nəqliyyatı vasitələrinin kanalda sərbəst hərəkətini nəzərdə tutur. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətəri beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, digər körfəz ölkələri də onlara qoşulub.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:21