“Qazaxıstan üzərində günəş və neonlar” sərgisi

 

İyunun 7-də “YARAT” Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.

“Qazaxıstan üzərində günəş və neonlar” sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva, Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yaradıcılığa yeni başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Uqay və Qayişa Madanovanın əsərlərini bir araya gətirəcək.

Sərginin başlıca məqsədi onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, bu tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir. Oktyabrın 29-dək davam edəcək sərgidə 16 rəssamın əl işləri nümayiş olunacaq.

Xudaferin.eu

09:06