“Qarabağın Arxeoloji İrsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun verdiyi məlumata görə, 28 – 30 noyabr 2016-cı il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

Konfransda Qarabağ ərazisində aparılmış tədqiqatların tarixi, toplanmış materialın müxtəlif səpkidən təhlili, Qarabağ arxeoloji abidələrinin Azərbaycanın maddi irsi sistemində yeri, arxeoloji tədqiqatların problemləri və perspektivləri və s. mövzularda məruzələr elmi ictimaiyyətə təqdim ediləcəkdir.
Erməni işğalı altında olan ərazilərdəki abidələrin hazırkı vəziyyəti və aran Qarabağda son illərdə aparılan arxeoloji araşdırmaların ilkin nəticələri də müzakirə ediləcəkdir. Konfransda iştirakçıların nəzərinə çatdırılacaq 50-dən çox elmi məruzə Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın paleolit, neolit, xalkolit, tunc, dəmir, antik və orta əsrlər dövrlərini əhatə edəcəkdir. Bölgədə aparılan son tədqiqatların bir qismi beynəlxalq xarakter daşıyır və onların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması zəngin maddi irsimizin təbliğində mühüm mərhələdir.
Konfransın işində Rusiya, Ukrayna, İran, Almaniya, Avstraliya kimi ölkələrdən dəvət olunmuş tanınmış arxeoloqlar da iştirak edəcəklər. Qonaqlar Qarabağ ərazisində mövcud arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunacaqlar.

Xudaferin.eu

12:17