Polşadakı səfirliyimiz tərəfindən 20-yə yaxın xatirə lövhəsi qurulub

 

 

Azərbaycana xidmət etmiş polyakların xatirəsini yad etmək məqsədilə səfirliyin təşəbbüsü ilə Polşa ərazisində artıq 20-yə yaxın xatirə lövhəsi və abidə qurulub. Bu ənənənin davamı olaraq cari il mayın 26-da, iyunun 2-də və 9-da səfirlik tərəfindən növbəti üç xatirə lövhəsinin açılış mərasimi təşkil edilib.

“Soxaçev Mədəniyyət Mərkəzi”ndə təşkil edilən və Azərbaycan xalq musiqisini Avropa notları ilə yazaraq Avropada təbliğ etmiş polşalı pianoçu Antoni Kontskinin xatirəsinə həsr edilmiş xatirə lövhəsinin açılış mərasimi təşkil edilib. Tədbirdə Soxaçev şəhər rəhbərliyinin nümayəndələri, Polşa Seyminin üzvləri, Kontskilər ailəsinin təmsilçiləri, şəhər sakinləri, “Xəzər” televiziyasının və səfirliyin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Soxaçev kamera orkestri tərəfindən Azərbaycan bəstəkarları və Antoni Kontskinin əsərlərindən ibarət konsert proqramı, həmçinin Azərbaycan mədəniyyətini, milli irsini və A.Kontskinin yaradıcılığını əks edən sərgi də təşkil edilib.

İyunun 2-də Torun şəhərində yerləşən Sibir sürgünlərinin adına 6 saylı məktəbdə 1842-ci, 1845-ci və 1859-cu illərdə Varşavada nəşr edilmiş “Qafqaz oçerkləri” kitabında Bakı şəhərinin qədim mənşəyi və məşhur Qız qalası haqqında məlumat vermiş və Azərbaycana səfər etmiş tanınmış polyak tədqiqatçısı və səyyahı Mixal Andjeykoviç-Butovta həsr edilmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə Torun şəhər rəhbərliyi və nümayəndələri, məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, sosializm dövründə repressiyalara məruz qalmış polyakların Sibirlilər Cəmiyyətinin üzvləri və səfirlik nümayəndələri iştirak ediblər.

İyunun 9-da isə Beljıtse şəhərində yerləşən N.Kopernik adına məktəbdə Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin şərəfinə birgə xatirə lövhəsinin açılış mərasimi olub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun rəhbərliyi altında nümayəndə heyəti, Beljıtse şəhərinin, N.Kopernik adına məktəbin rəhbərlikləri, müəllim və şagird heyəti və səfirlik əməkdaşları iştirak ediblər.

Qeyd olunan bütün tədbirlərdə səfir Həsən Həsənov iştirak edərək Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri haqqında məlumat verib. O, səfirlik tərəfindən Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə həsr edilmiş və polyak dilində nəşr olunmuş kitabları məktəbin kitabxanasına hədiyyə edib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:53