Ölkəmiz beynəlxalq sərgi-yarmarkada təmsil olunur

 

İtaliyanın Paestum şəhərində XX Arxeoloji turizm üzrə Aralıq dənizi sərgi-yarmarkası öz işinə başlayıb. Mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgi YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil edilib.

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan yenə də burada mədəniyyətimizi nümayiş etdirmək imkanı qazanıb. Sərginin rəsmi açılışında İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər.

Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüş keçirilib. Tədbirlər çərçivəsində Azərbaycana məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində ölkəmizin mədəni, təbii irsinə və arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub. Sərgi çərçivəsində ölkəmizin stendini Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki ziyarət ediblər. Dörd gün davam edəcək sərgini 20 mindən çox adamın ziyarət edəcəyi gözlənilir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:28