İmtahan Mərkəzinin yeni “pul tələsi"

 

Nadir İsrafilov: “Bir şeyi tətbiq edəndə o dərəcədə ifratçılığa yol verilir ki, burada mahiyyət də itir”

“Dövlət qulluğu haqqında” qanuna edilmiş son yeni dəyişikliklərə görə, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər. Bir sözlə, kargüzar, liftçi, katibə və sürücülər dövlət qulluğuna testlə qəbul olunacaqlar. Yeni qaydalar ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Yardımçı vəzifələrin testlə dövlət qurumlarına qəbulu absurd addım kimi qiymətləndirilib.

Ekspertlər hesab edir ki, yardımçı vəzifələrin testlə imtahan vermələrinə zərurətin yaranması Dövlət İmtahan Mərkəzinin büdcəsini formalaşdırmaq məqsədi daşıyır. Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov açıqlamasında deyib ki, vaxtaşırı dövlət qulluğuna qəbulda, testdə dəyişikliklər edilir: “Bu dəyişikliklərin nəhayət ki, bir əvvəli və axırı olmalıdır. Elə bir mövqe tutulub ki, bir yandan testə mənfi münasibət yaranır, digər tərəfdən isə test inkişaf etdirilir. Ali məktəblərin əksəriyyətində hazırda imtahanlar yazılı və şifahi həyata keçirilir. Elə universitetlər var ki, orada ümumiyyətlə, test tətbiq olunmur. Test prosesinə 1992-ci ildən qoşulandan sonra çox ifrat dərəcədə idi. Hər şeyin bir qaydası və norması olmalıdır. Bir şeyi tətbiq edəndə o dərəcədə ifratçılığa yol verilir ki, burada mahiyyət də itir. Yəni, test yaranandan bizdə o qədər bu sistemə alışqanlıq yarandı ki, sonra məlum oldu ki, şagirdlərin nitq və yazı qabiliyyəti yoxdur. Testin təkmilləşdirilməsi istiqamətində işlər aparıldı. Amma indi qeyri-müəyyənlik sindromu yaranıb. Orta məktəblərdən on illiklərdir ki, testlə gəlirik. Amma ali məktəblərin sessiya imtahanlarını biz yazılı və şifahi imtahanlarla keçirik. Bu məsələlər tədricən təməldən gəlməli idi. Elə imtahanlar var ki, orada test işləmir. Deyək ki, biz məktəb direktorlarını testdən keçiririk. Testlə məktəb direktoru təyin eləmək olmaz axı... Direktor idarəetmə vəzifədir ki, nəzəriyyəni bilməklə o iş tamamlanmır. Bunun cürbəcür keyfiyyətləri və xüsusiyyətləri var. O həftə yoxdur ki, orta məktəb və ya ali məktəblə bağlı dəyişikliklər həyata keçməsin. Hər şeyin də bir limiti olmalıdır. Bu dəyişikliklər cəmiyyətdə anlaşılmazlıq və qeyri-müəyyənlənlik yaradır. Hələ iki, üç il bundan sonrakı proqnozlar da irəli sürülür. Təhsildə dəyişikliklər etmək çıxış yolu deyil. Bunlar hamısı forma xarakteri daşıyır. Biz səhv addımı atırıq və bunu bir neçə il sonra anlayıb səhvi düzəltməyə çalışırıq. Hansı ki, bu cür faktlar onlarla və yüzlərlədir. Məsələn, birinci sinif icbari təhsil olduğu halda bu ildən etibarən imtahan tətbiq edilib. Sonra müsabiqəni aradan qaldıraraq yenilik tətbiq edilir. Katibəyə, sürücüyə, kargüzara və ya liftçiyə imtahan təşkil etməklə nəyə nail olacağıq? Söhbət ondan gedir ki, bu məsələ təkcə testlə kifayətlənsə, dərd yarıdır. Testdən sonra müsahibə, müsabiqə kimi formalarda artıq nəticələri nə sağa, nə də sola çevirmək olmur ”.

Ekspert hesab edir ki, Azərbaycanda imtahan məsələsinə aludəçilik çoxalıb: “Gələcəyimizi yalnız imtahan qaydalarını dəyişməkdə görürük. Elə bil ki, təhsilin keyfiyyətinə nail olmaq üçün imtahandan başqa yol, metod, forma yoxdur. Sanki hər şey imtahanın başındadır. Əbəs yerə Təhsil Şurasının sədri deməyib ki, imtahan-imtahan oyununa son qoymaq lazımdır”. Yardımçı vəzifələrin imtahanla təşkilinin Dövlət İmtahan Mərkəzinin büdcəsini formalaşdırmaq məqdəsinə gəlincə, ekspert deyib ki, TQDK yeni status aldıqdan sonra nizamnaməyə əsasən, DİM publik hüquqi şəxsdir: “Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər, mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər. Bu mənada bundan sonra da imtahanlarla, qəbulla bağlı hər hansı bir qiymət artımı və ya digər bir dəyişiklik barədə müəyyən rəsmi xəbər eşitdikdə təəccüblənmədən və emosiyalara qapılmadan DİM-n mövcud durumu da nəzərə alınmalı və imkanları baxımından da qiymətləndirilməlidir. Qurumun qəbul imtahanlarının qiymətlərini qaldırması da cəmiyyətdə birmənalı qarşılanmadı. Şübhəsiz ki, indiki məsələdə də qurumun maliyyə məsələləri istisnalıq təşkil etmir. Fikrimcə, dünya miqyasında təhsil sistemindəki dəyişikliklər Azərbaycandakı qədər həyata keçirilmir. Bu dəyişikliklərin 99 faizi kəmiyyətə hesablanır. Təhsil sistemi oturuşmalıdır. İndi təmayülləşməyə keçirik, sonra 12 illik təhsil sistemi gəlir. 10 ilə yaxındır ki, kurrikulum əzab-əziyyətindən hələ çıxa bilmirik”.

Alçina Amilqızı

Cebhe.info

 

09:58